“Büdcədən elmə ayrılan vəsaitin azaldılması məqbul deyil”

Vüqar Bayramov: “Əksinə, təhsil və səhiyyə sahəsinə pul daha çox yönəldilməlidir”



2015-ci ilin büdcə layihəsini dəyərləndirən İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) rəhbəri, iqtisadçı- ekspert Vüqar Bayramovun sözlərinə görə, gələn ilin büdcə layihəsində gəlir və xərclərlə bağlı açıqlanan göstəricilərdə əsas müsbət məqam ondan ibarətdir ki, gəlir və xərclərdə artım tempini qoruyub saxlamaq mümkün olub. 2014-cü illə müqayisədə hər iki maddə üzrə artım qeydə alınıb.

Bizim üçün vacib olan qeyri-neft sektorudur ki, onun da büdcədə payı əvvəlki ilə nisbətən artacaq. Baxmayaraq ki, gələn il də Neft Fondundan dövlət büdcəsinə iri məbləğdə vəsait - 1,1 milyard manat transfert nəzərdə tutulub. Ancaq təsəvvür edin, əgər 2013-cü ildə qeyri-neft sektorunun payı 26 faiz olubsa, 2014-cü ildə bunun 34, gələn il isə 35 faizə çatdırılması proqnozlaşdırılır. Praktik olaraq qeyri-neft sektorunun büdcədəki payında artımlar var. Bu da müsbət haldır. Çünki büdcənin qeyri-neft sektorun əsasında formalaşması neft asılılığından azad olmaq baxımından müsbətdir. Birmənalı olaraq 2015-ci ilin gəlirlərin strukturunda vergi daxilolmaların həcmi artacaq. Təxminən 68 faizi qeyri-neft sektorunun payına düşəcək. Bu da gəlirlərin strukturunun dəyişdirilməsi baxımından əhəmiyyətlidir. Gəlirlərdə olduğu kimi xərclər strukturunda da artım tempi qorunub saxlanılacaq. Təkcə sosialyönümlü xərclər 4.9 milyard proqnozlaşdırılıb ki, bu rəqəm cari ilə nisbətən 9,3 faiz, 2013-cü ilə nisbətən 18,8 faiz çoxdur. Bu istiqamətə ayrılan vəsaitlərin böyük bir hissəsi əməkhaqqı, pensiya və müavinətlərin ödənilməsinə sərf olunacaq. Hesab edirəm ki, büdcədə sosial xərclərin artımı da müsbət qiymətləndirilməlidir.

- Amma bir çox ekspertlər gələn ilin büdcəsini çox riskli hesab edirlər.

- Büdcə ilə bağlı ən çox müzakirə olunan məsələ neftin bir barrelinin hansı qiymətə götürülməsidir. Onsuz da gözlənilirdi ki, Maliyyə Nazirliyi təqdim etdiyi layihədə neftin baza qiymətini hər barrel üçün 90 dollardan az götürəcək. Çünki son zamanlar dünya bazarında qiymətlərin azalması müşahidə edilir. Təbii ki, mən bir iqtisadçı olaraq bu göstəricinin 80 dollar götürülməsini daha məqsədəuyğun hesab edirəm. Çünki belə yanaşma gəlirlərin azalmasına gətirib çıxarsa belə, ciddi problem yaratmazdı. Onsuz da gəlir və xərclər kifayət qədər böyükdür. Neftin baza qiymətinin hər barrel üçün 10 dollar az götürülməsində faciəli bir şey yoxdur. Amma buna rəğmən büdcədə neftin qiyməti 90 dollar götürüldü. Yenə bunu ciddi narahatçılıqla qarşılamıram. Nəzərə alaq ki, büdcənin 53,4 faizi Neft Fondu hesabına, digər 35 faizi qeyri-neft sektoru hesabına formalaşır. Büdcənin 89 faiz icrasında ümumilikdə problem olmayacaq. Neftin qiyməti yerdə qalan 11 faizə təsir göstərəcək. Hələ büdcə layihəsi parlamentdə müzakirə olunub təsdiq olunmayıb. Hər halda büdcədə neftin baza qiymətinə yenidən baxılması imkanları saxlanılır.

- Hesab edirsiniz ki, dünya bazarında neftin qiymətinin kəskin azalması dövlət büdcəsinə ciddi təsir etməyəcək?

- 2014-cü ilin ilk 8 ayında Azərbaycan neftinin dünya bazarındakı qiyməti 110 dollar təşkil edib. Bu isə o deməkdir ki, Azərbaycan neftinin dünya bazarında qiyməti büdcədə nəzərdə tutulandan 10 faiz artıq olub. Bu, birmənalı şəkildə imkan verir ki, növbəti aylarda neftin dünya bazarında qiyməti 80 dollardan aşağı düşməyəcəksə, 2014-cü ilin dövlət büdcəsinə baxılmasın. Əvvəlki dövrdə olan 10 faiz artım növbəti aylarda olan azalmanı kompensasiya edəcək.

- Ötən ilə nisbətən bir çox sahələrə ayrılan vəsaitlərin həcmi artırılıb. Amma əsas sahələrdən biri olan elm sahəsinə ayrılan xərclərin artırılması bir yana qalsın, azaldılıb...

- Büdcə xərclərinin strukturunda elmə ayrılan vəsaitlərin 3 faiz azaldılması məqbul deyil. Əksinə, təhsil və səhiyyə sahəsinə pul daha çox yönəldilməlidir. Bir halda hökumət ölkə iqtisadiyyatının diversifikasiya məsələlərini aktuallaşdırıb. Praktik olaraq diversifikasiyalaşma Azərbaycan iqtisadiyyatının innovasiyalaşması səviyyəsindən asılıdır. İnnovasiyalaşma da elmə ayrılan xərclərdən asılıdır. Hələ ki bu sahədə indiyə qədər vəsaitlər azlıq təşkil edib. İlbəil artırılması lazım idi. Çox təəssüf ki, gələn il bu istiqamətlərə ayrılan vəsaitlərin həcmi azaldılacaq. Təhsil və səhiyyə kimi elmi xərclərin də artırılmasını məqsədəuyğun sayırdım.

- 2015-ci ildə dünya bazarında neftin qiymətinin azalması davam edərsə, büdcənin tikinti və infrastruktur xərcləri azaldıla bilər?

- Neftin dünya bazarında qiymətində azalmalar gedir. 2015-ci ilin dövlət büdcəsində neftin 1 barrelinin qiyməti 90 dollar nəzərdə tutularsa, dünya bazarında qiymət azalması baş verərsə, bunu faciə hesab etmirəm. Büdcənin birbaşa neftdən asılı hissəsi təxminən 11 faizdir. Qanunvericiliyə görə, büdcə gəlirlərinin formalaşmasında problem olarsa, əməkhaqqı, pensiya xərcləri istisna olmaqla, tikinti-infrastruktur xərcləri azaldıla bilər. Neftin dünya bazarında qiyməti proqnozlaşdırılandan az olarsa, Maliyyə Nazirliyi büdcə xərclərinin azaldılmasını həyata keçirə bilər. Tarazlığı bu şəkildə qorumaq daha məqsədəuyğundur.

Neftin qiyməti büdcədəki baza qiymətindən kəskin fərqlənərsə, o zaman tətbiq edilə bilər. Məlum olduğu kimi, büdcənin 33 faizi tikinti-investisiya xərcləridir. Kəskin fərqlənərsə, həmin 33 faizə sekvestr tətbiq oluna bilər.

İpoteka məqsədlərinə yönəldilən vəsaitlər az da olsa artırılıb. İpoteka vəsaitlərinin 10 milyon manat artırılması yaxşı haldır. Baxmayaraq ki, biz bu vəsaitlərin 70-80 milyona çatdırılmasını təklif etmişdik.

- Büdcənin ümumiyyətlə sosial xərclərinin cüzi artımı 2015-ci ildə əhalinin gözlədiyi əməkhaqqı və pensiya artımlarına imkan verəcək?

- 2015-ci ildə sosial müdafiə və sosial təminat xərclərinə ayrılan vəsaitin 1 milyard 100 milyon manatı Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu vasitəsilə həyata keçirilən əmək pensiyalarının maliyyələşdirilməsinə, 548,4 milyon manatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və onun müvafiq orqanları vasitəsilə həyata keçirilən sosial müavinətlərin, təqaüdlərin və digər sosial xarakterli ödənişlərin, 224,5 milyon manatı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi vasitəsilə qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsinin təmin edilməsi tədbirlərinin maliyyələşdirilməsinə yönəldiləcək.
Göründüyü kimi, az da olsa artım var. Artan vəsaitlərin böyük hissəsi əməyin ödənilməsi, pensiyanın verilməsinə sərf olunacaq. Bu deməyə əsas verir ki, gələn il əmək haqları və pensiyalarda artım olacaq.

Şəymən