Deputatlar da radarlardan şikayətləndi

Radara düşürlər, cərimələnirlər, ona görə güzəşt istəyirlər




Ötən gün "Yol hərəkəti haqqında” qanuna dəyişikliklər müzakirəyə çıxarılıb. Dəyişikliyə əsasən, avtomobil sürücüləri qəza törətməmək üçün qarşılarındakı maşınla müəyyən edilən məsafə saxlamalıdırlar.

Qanun layihəsi ilə bağlı fikirlərini bildirən Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə deyib ki, İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edildikdən sonra millət vəkilləri problemlərlə üzləşiblər. O, yolda avtomobillə hərəkətdə olarkən bəzən inzibati protokol tərtib etmədən inzibati cəza tətbiq olunduğunu vurğulayıb: "Bu, qanundakı boşluqlardan irəli gəlir. Eyni zamanda belə hal həm də Konstitusiyanın kobud şəkildə pozulmasıdır. Deputatlara inzibati cəza verilə bilməz”.

Millət vəkili Ərəstun Cavadov isə bildirib ki, yol polisləri tez-tez onu cərimələyirlər: "Mən Ağsuya və İsmayıllıya gedəndə yol polisləri məni cərimələyirlər. Hər dəfə 150-200 manat cərimə ödəyirəm. Məncə, yol polisləri bizi cərimələməli deyil. Bəzən əhəmiyyətli tədbirlərə gecikirik, ona görə də sürətli hərəkət edirik. Bu da nəticədə yol hərəkəti qaydalarının pozulmasına gətirib çıxarır.

Vitse-spiker Ziyafət Əsgərov isə deputatlara cavab verərək deyib ki, Dövlət Yol Polisi İdarəsinin əməkdaşları dövlət nömrələrini bilir: "Ancaq yol polisi haradan bilsin ki, sürəti 120 ilə avtomobil hansısa tədbirə tələsir. Ona görə də yaxşı olar ki, millət vəkilləri qayda-qanuna riayət etsinlər, qaydalar pozulmasın”.

Deputat İ.Ağazadə vitse-spikerin sözlərinə yönəlik bildirib ki, söhbət Konstitusiya ilə qanunlar arasında ziddiyyətin aradan qaldırılmasından gedir: "Yoxsa biz kimdənsə sədəqə istəmirik. Yaxud qayda pozanda demirik ki, yol polisi hörmət etsin”.

Z.Əsgərov deputatın bu sözünü də cavabsız qoymayıb: "Əslində Konstitusiya ilə qanunlar arasında heç bir ziddiyyət yoxdur. Konstitusiyanın 90-cı maddəsində deputata məhkəmə qaydasında inzibati tənbeh tədbirlərinin tətbiq olunmamasından söhbət gedir. Ancaq yol polisi protokol da tərtib edə, deputatları cərimələyə də bilər. Ona görə də bu məsələyə nöqtə qoyaq”.

Millət vəkili Fəzail Ağamalı isə deputatların radarlarla bağlı problemi olduğunu söyləyib: "Ziyafət müəllim, sizin avtomobilin dövlət nömrə nişanı var. Amma nəzərə almaq lazımdır ki, deputatların əksəriyyətinin dövlət nömrə nişanı yoxdur. Problem bildirildi, siz də buyurun, çıxış yolu təqdim edin”.

Deputat Fuad Muradov isə ictimai nəqliyyatda qəza hallarının tez-tez təkrarlanmasından narahat olduğunu deyib. O bildirib ki, sərnişin daşıyan nəqliyyat vasitələrinə xüsusi cihazlar quraşdırılmalıdır: "Sürücünün istirahəti və neçə saat maşın sürməsi ilə bağlı həmin cihazlar olmalı idi. Təəssüf ki, bu, reallaşmadı. Məsələ ondadır ki, əksər hallarda qəzalar elə sərnişin daşıyan nəqliyyat vasitələrinin sürücülərinin yuxusuzluğu və ya səhlənkarlığı ucbatından baş verir. Buna görə də sürücülər normal dincəlməlidir. Düşünürəm ki, ictimai nəqliyyatlardakı problemlər aradan qaldırılmalıdır. Bununla bağlı Milli Məclisdə müzakirələr lazımdır. Qəzaların qarşısını almaq üçün lazım gələrsə, Dövlət Yol Polisi rəsmilərini də bu müzakirələrə cəlb etmək lazımdır. Mən yol polislərinin işini təqdir edirəm. Yol polisləri tıxacları və yol hərəkəti qaydalarını tənzimləmək üçün böyük işlər görürlər. Qəzaların qarşısının tam aradan qaldırılmasına da qadirdilər”.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq qəbul olunub.

Anar