Bir mahnı bəstəkarları davaya saldı

İlhamə Quliyeva ilə Flora Kərimovanın “Yalan”ı aranı qarışdırdı








































Bəstəkar Faiq Sücəddinov Elçin İmanovla bağlı gözlənilməz açıqlama verib. O, bir çox mahnıların müəllifi Elçin İmanovu bəstəkar kimi qəbul etməyib. "Bu gün hamı özünə bəstəkar deyir. Elçin bəstəkar deyil. Bunun üçün konservatoriyanı bitirmək lazımdır. Əgər Elçin İmanov bəstəkardırsa, mən diplomumu yandıraram”.

Məsələyə aydınlıq gətirmək üçün Elçin İmanovla əlaqə yaratdıq. Bəstəkar bu məsələ ilə bağlı "Şərq”ə açıqlama verərək "Düzünü deyim, bu gün mənə o qədər mətbuat nümayəndəsi telefon açıb ki, yoruldum artıq. Mən Faiq Sücəddinovun yaşlı bir insan olduğunu nəzərə aldığım üçün bu açıqlamadan şou yaratmaq niyyətində deyiləm. Yaşda məndən böyükdü, bundan əlavə, bizim ortaq dostlarımız var. Mənə yaraşmaz ki, onun barəsində qeyri-etik, xoş olmayan fikir səsləndirim. İndi o yaşlıdı, deyir. Əvvəla, bu söz-söhbətin qaynağı mənə bəllidir. Bilirəm ki, bu açıqlama hardan qaynaqlanıb. Elçin İmanovu da Faiq niyə bəstəkar olaraq qəbul etmir, mənə aydındı. Bir mahnının sözlərindən başlayıb bu narazılıq” deyə fikrini açıqladı. Bizim üçün də maraqlı idi ki, iki bəstəkar arasına nifaq salan hansı şeirdən söhbət gedir. Əslində təxmin etmək olar ki, iki bəstəkarın arasına düşən incikliyə səbəb hansı mahnı ola bilər. Söhbətin "Yalan” mahnısından getdiyini soruşduqda, Elçin İmanov bir az susduqdan sonra, gümanımızı təsdiqlədi: "Bəli, söhbət "Yalan” mahnısının sözlərindən gedir. Bu 10 ilin söhbətidi. Məlum olur ki, Faiq Sücəddinov sözləri Xanım İsmayılqızına məxsus "Yalan” mahnısını İlhamə Quliyeva üçün bəstələdiyi zaman eyni şeirə Elçin İmanov da mahnı bəstələyib. Həm də Flora Kərimova üçün. Elə bəstəkarlar arasında inciklik də deyəsən, burdan başlayıb. Bu barədə Elçin İmanov çox danışmaq istəməsə də, onu təsdiqlədi ki, həqiqətən "Yalan”dan sonra onlar arasında soyuqluq yaranıb: "Bilirsiniz. Tam səmimi deyirəm. Mən o şeiri oxudum, xoşum gəldi. Mahnı yazdım. Amma inanın ki, Faiq Sücəddinovun o şeirə mahnı yazdığından xəbərim olmayıb. Bu, dünya praktikasında da var ki, eyni şeirə müxtəlif bəstəkarlar mahnı bəstələyib və fərqli janrlarda, fərqli üslubda mahnılar alınıb. Yenə deyirəm, mən sonradan bildim ki, bu şeirə Faiq də mahnı yazıb. İstəmirəm bu məsələ barədə çox açıqlama verim. Ancaq bu soyuqluq ordan qaynaqlanır. Bir də mən Faiq Sücəddinovu təkbətək görəndə ona bir-iki kəlmə sözüm olacaq. Qaldı diplom məsələsinə. Bilirsiz, yaxşı mahnı yazmaq üçün diplom yox, istedad lazımdı. Mən istəmirəm çox danışım. Ancaq Faiq mənim yaradıcılığımı yaxşı izləsin. İstəmirəm də onu pis vəziyyətdə qoyum. Qoy baxsın görsün mənim nə qədər bəstələrim hit olub, ən çox sevilən müğənnilərin repertuarında yer alıb. Həm də necə mahnılar. Mən yaradıcı insanam, bilirsiz. Bəziləri kimi ildə, ayda nə isə yazmıram. Mənim yaradıcılıq bulağım qaynayır. Ona görə məsləhət görərdim, Faiq mənim bostanıma çox daş atmasın. Mənim ata biləcəyim daşlar daha ağır ola bilər. Amma mən istəmirəm ortada olan hörməti tapdalayım. Mənim mədəniyyətim buna yol vermir”.

Tahirə