60-ildən artıq vaxt keçməsinə baxmayaraq: Onlar Amerikanın yenə də ən məşhur cütlərindən biri olaraq qalır






















































































































































ABŞ-ın keçmiş prezidenti Con Kennedinin ölümündən 50 il, onun Jaklin Kennedi ilə evlənməsindən 60-ildən artıq vaxt keçməsinə baxmayaraq, onlar Amerikanın yenə də ən məşhur cütlərindən biri olaraq qalır.
Bostonda yerləşən RR Auction hərrac evinin onların toyunda çəkilmiş 13 foto-şəkli bu gün hərraca çıxarması yəqin ki Jaklin və Con Kennedinin günümüzə qədər populyarlığını bir daha sübut edir.
Auksion bu foto-şəkillərin orijinal olması ilə yanaşı, onların bəzilərinin ictimiayyətə indiyə məlum olmadığını bildirib. Fotolar RR Auction hərrac evinin açıqlamasına görə, toya dəvət olunmuş ikinci fotoqraf tərəfindən çəkilib və o, dünyasını dəyişdikdən sonra onun evində tapılıb.
Con Kennedinin toy tortunu kəsən yerdən göstərildiyi nadir foto da daxil olmaqla hərracda şəkillər üçün təxminən 37 min dollar istənilir.(Amerikanın səsi)
Nyu-Yorkda zəngin ailədə anadan olub ABŞ və Avropanın ən prestijli universitetlərində təhsil almış Jaklin Buviyer və Con Kennedinin toyu 1953-cü ildə sentyabrın 13-də Lonq Aylend ştatının Nyu-Port şəhərində olmuşdu. Toya iki minə yaxın qonaq dəvət olunmuşdu. Con Kennedi o zaman ABŞ senatoru idi və prezident seçkisinə bundan hələ yeddi il sonra qatılacaqdı.


Jaklin Kennedi Con Kennedinin 1961-ci ildə prezident seçilməsindən sonra onun 1963-cü ildə qətlinə qədər ABŞ-ın birinci xanımı olmuşdu.
Lakin ABŞ-da ictimiayyət tərəfindən böyük maraqla izlənilən birinci xanım titulunu qısa müddət daşımasına baxmayaraq, o, ABŞ-ın birinci xanımları arasında yüksək stili və universal mənada eleqant zövqə malik bir qadın kimi xüsusi yer tutur. Jaklin Kennedinin yüksək zövqü təkcə Amerikada deyil, elə bütün dünyada ona moda "ikonası” adını qazandırmışdı. O geydiyi hər bir don və ya kostyuma özünəməxsus bir cəhət gətirə bilirdi.

Amerikalıların Ceki kimi çağırdıqları Jaklin Buviyer Kennedi hər zaman onların yaddaşında eleqant və yüksək dəbli bir qadın, ölkənin ən böyük siyasi klanı olan Kennedilər ailəsində böyük iz qoyub getmiş bir xanım kimi qalır.