Avrasiya İttifaqı Azərbaycan üçün prioritet deyil

Rusiyanın rəhbərliyindəki birliyə qoşulmaq suverenliyin itirilməsi deməkdir




Dağlıq Qarabağ probleminin nizamlanması geosiyasi şərtlərin diktəsi ilə özünün yeni mərhələsinə qədəm qoyub. Böyük dövlətlərin və regiondakı oyunçuların maraqlarının toqquşduğu bir vəziyyətdə bu məsələnin hansı müstəvidə öz həllini tapacağı isə müəyyən suallar doğurur. Mətbuatda belə fikirlər səslənir ki, guya, Azərbaycan Dağlıq Qarabağ və digər işğal olunmuş torpaqlar geri qaytarıldığı təqdirdə Avrasiya İttifaqına üzv ola bilər.

Yaxud da vurğulanır ki, Qarabağətrafı 5 və ya 7 rayonun qaytarılması müqabilində Azərbaycan Kremlin iqtisadi layihələrinə imza ata bilər və s. Düzü, Rusiya da hər vəclə çalışır ki, Azərbaycanın bu ittifaqlarda təmsil olunmasına nail olsun. Hətta rus politoloqların iddiasına görə, rəsmi Moskva Azərbaycanın Avrasiya İqtisadi Birliyində yer almasına nail olmaq üçün İrəvana təzyiqlər də edə bilər. Amma məsələ burasındadır ki, rəsmi Bakı Avrasiya İqtisadi Birliyinə daxil olmaq məsələsinə soyuq yanaşır və hətta belə bir fikrinin olmadığını bəyan edir. Xüsusən də üzvlüyün işğal olunmuş torpaqların geri qaytarılması ilə əlaqələndirilməsinə qarşı çıxır. Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərov da bu mövzuya toxunaraq Dağlıq Qarabağın alver predmeti olmadığına diqqət çəkib: "Kiminsə qabağında belə bir məsələ qoymamışıq ki, hansısa ittifaqa girək, sonra bizə Qarabağı versinlər. Sadəcə Azərbaycan inkişafının elə mərhələsindədir ki, bir çox dövlətlərin, o cümlədən Rusiyanın ölkəmizə marağı artıb. Sözsüz ki, xarici siyasətimizi milli maraqlar üzərində formalaşdırırıq. Amma biz Qarabağa görə hansısa ittifaqa üzv ola bilmərik. Qarabağ elə bir məsələdir ki, onunla ticarət etmək olmaz”. Millət vəkili, politoloq Rasim Musabəyov Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması müqabilində Azərbaycanın Avrasiya İttifaqına qoşulmasının nə dərəcədə real görünməsi məsələsinə münasibət bildirərkən deyib ki, münaqişənin ədalətli şəkildə həlli ilə bağlı Rusiya, Qazaxıstan, Belarusiya tərəfindən ölkəmizə qarşı hər hansı bir səy, təklif olsa, bu, müsbət qiymətləndirilməlidir. Çünki həmin dövlətlər ölkəmizə yad deyillər. Politoloq hesab edir ki, bu əməkdaşlığın dərinləşməsi fayda verəcəyi təqdirdə, Azərbaycanın Avrasiya İttifaqına qoşulması məsələsi də ortaya atıla bilər: "Sadəcə olaraq ölkəmiz hələ bu İttifaqda özü üçün nə şərti, nə də iqtisadi cəhətdən heç bir fayda görmür. Yəni, ikitərəfli münasibətlər hələlik Azərbaycanı tam qane edir. Hesab edirəm ki, burada ilk növbədə gərək rəsmi Moskva tərəfindən məsələyə yanaşma dəyişilsin”.

Siyasi elmlər doktoru, professor Elman Nəsirli isə bildirib ki, Azərbaycan yalnız işğal olunmuş torpaqlar azad olunduğu təqdirdə, Avrasiya İttifaqına üzvlük məsələsinə baxa bilər: "İstənilən inteqrasiya prosesi və bütövlükdə atılan istənilən addım Azərbaycanın milli maraqlarına uyğun olmalıdır. Bu nöqteyi-nəzərdən Azərbaycan MDB və bir çox digər beynəlxalq təşkilatların üzvüdür. Ölkəmizin Rusiyanın müəllifi olduğu Avrasiya İqtisadi İttifaqı məsələsinə hazırkı vəziyyətdə yanaşması ora daxil olmağın hələlik gündəmdə olmaması formasındadır. Ona görə mövqeyimiz belədir ki, həmin təşkilata üzvlük ölkəmizi Ermənistanla iqtisadi əlaqələrə daxil olmağa məcbur edəcək. Bu halda işğalçı dövlətlə iqtisadi münasibətdə olmalıyıq. Məsələyə o zaman baxıla bilər ki, Ermənistan işğalçılıq siyasətindən əl çəksin və onun nəticələrini aradan qaldırsın. Yeni reallıq fonunda da Azərbaycanın Avrasiya İttifaqı məsələsinə baxması mümkün olar. Əslində Moskva da Azərbaycanın bu layihəyə xüsusi maraq göstərmədiyinin mahiyyətini başa düşür. Rusiya Azərbaycanı bu ittifaqda görmək istəyirsə, onun burada görünməsinə maneə ola biləcək səbəbləri aradan qaldırmalıdır”.

Siyasi şərhçi Elxan Şahinoğlu açıqlamasında Azərbaycanın bir nömrəli probleminin Dağlıq Qarabağ münaqişəsi olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, kim bu münaqişənin həllində Azərbaycana dəstək verəcəksə, problemin ədalətli həllini sürətləndirəcəksə, məhz həmin dövlət ölkəmizlə strateji münasibətlərə, strateji müttəfiqliyə ümid bəsləyə bilər. Politoloqun fikrincə, əgər bunu Rusiya edəcəksə, bu ölkəylə strateji münasibətlərimiz genişlənəcək: "Söz-söhbət gəzir ki, guya, yeddi rayonun qaytarılması müqabilində Azərbaycan Rusiyanın layihəsi sayılan Gömrük İttifaqı və Avrasiya İqtisadi Birliyinə üzv ola bilər. Əgər deyilənlər reallıqla səsləşərsə, gərək o zaman birinci addımı Rusiya atsın. Biz bilirik ki, Ermənistan hakimiyyəti tamamilə Rusiyanın nəzarəti altındadır. Dövlət başçısı İlham Əliyev də dəfələrlə vurğulayıb ki, Ermənistan müstəqil dövlət deyil. Birinci mərhələdə Dağlıq Qarabağ ətrafı yeddi rayon azad ediləcək, həmin rayonlardan olan məcburi köçkünlər öz ev-eşiklərinə qayıdacaqlarsa, artıq bu o deməkdir ki, Rusiya təkbaşına bu problemi həll edir. Bu zaman Fransa və Amerikaya da ehtiyac qalmayacaq. Bundan sonra Rusiyanın layihələri ilə bağlı danışıqları sürətləndirmək olar”.

Sabiq dövlət müşaviri, politoloq Vəfa Quluzadə Rusiyanın Qarabağ məsələsində ədalətli mövqe tutmasını mümkünsüz sayır: "Azərbaycan torpaqlarının işğalı məhz Rusiyanın rəhbərliyi altında həyata keçirilib. Rusiyanın iqtisadi birliyinə daxil olmaq isə Azərbaycanın öz suverenliyindən imtina etməsinə bərabərdir. Bunu bizim milli maraqlarımıza uyğun olmayan bir addım, təşəbbüs hesab edirəm. Ondansa, gözləyək görək bu məsələnin tam həlli nə vaxt mümkün olacaq. İşğal olunmuş torpaqlarımız şərtsiz azad olunmalıdır”. Ekspert hesab edir ki, Putinin kim olduğunu unutmaq lazım deyil: "Putin Krımı işğal edib və Ukraynada müharibə aparır. Yəni özünü 21-ci əsrin Hitleri kimi aparır. Bütün dünya da onun əleyhinədir. Ona görə də Putinlə hər hansı sövdələşməyə, ittifaqa getmək məğlubiyyət deməkdir”.

İsmayıl