Moskvanın Ermənistana təsir etmə imkanları daha çoxdur

Ona görə də səfir, məhz rusiyalı həmsədrə üz tutub



Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğludan həmsədrlərə xəbərdarlıq mesajı verilib. Diplomat bildirib ki, həmsədr ölkələr, xüsusən də Rusiya regionda yeni müharibə istəmirsə, Ermənistana daha fəal şəkildə təzyiq göstərməlidir. "Müharibə böyük faciədir. Lakin məcbur qalanda qaçılmaz olur”.

Səfirin sözlərinə görə, haqq-ədalət öz yerini tapmalıdır: "Özüm qarabağlıyam, şuşalıyam. Orada mənim atamın məzarı var. 14 yaşlı oğlumu bir dəfə də olsun babasının məzarına apara bilməmişəm. Sizcə, bu normaldırmı? Bu, yüz minlərlə insanın böyük faciəsidir. Buna son qoyulmalı, azərbaycanlılar doğma yurd-yuvalarına qayıtmalıdırlar. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi var ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarından çıxarılmasını tələb edir. Biz nə vaxta kimi Ermənistanın bu tələblərə məhəl qoymamasını sakit şəkildə müşahidə edəcəyik?”

Səfirin açıqlamasını şərh edən Tarix elmləri namizədi, politoloq Aydın Musayev "Şərq”ə bildirib ki, Moskvanın Ermənistana təsir etmə imkanları daha çoxdur. Ona görə də səfir, məhz rusiyalı həmsədrə üz tutub: "Digər tərəfdən diplomatımız açıq şəkildə bəyan edib ki, münaqişənin həllini uzatmaq olmaz. Üstəgəl, ölkəmizin işğaldakı torpaqlarını azad etmək gücünə malik olduğunu da çatdırıb”.

Ayyət Əhməd