Millət vəkilləri qanunu yaxşı bilmirlər

Yol polisi deputatı cərimələyə də bilər, hətta...



Bəzi millət vəkilləri avtomobillərinin yollarda radarlara düşməsinə görə cərimə olunmalarından narazıdırlar. Onlar cərimələrin tətbiqi zamanı millət vəkillərinin fəaliyyətlərinin nəzərə alınmasını təklif edirlər.

Deputat İqbal Ağazadə Milli Məclisdə çıxışı zamanı bildirib ki, konstitusiyaya görə, millət vəkilinə inzibati cəza tətbiq oluna bilməz: "Ancaq avtomobili satarkən, dəyişərkən Dövlət Yol Polisinin əməkdaşları bildirirlər ki, bu avtomobilin 10 min manatlıq, 20 min manatlıq cəriməsi var, ödənməlidir. Deyəndə ki, bunun üçün inzibati protokol yazmalısan, imtina edir. Qanunla Konstitusiya arasında bu ziddiyyət aradan qaldırılmalıdır. Millət vəkilləri bəzən tədbirlərə tələsir, istər-istəməz avtomobillərin elektron radarlara düşməsi hallarına rast gəlinir”. Digər millət vəkili Ərəstun Cavadov da həmkarının söylədikləri ilə həmfikir olub.

Nəqliyyat üzrə ekspert Ərşad Hüseynov isə qanunvericilikdə heç kimin cəriməni ödəməkdən azad olunması kimi istisna halın olmadığını bildirib. Onun sözlərinə görə, bəzi millət vəkilləri qanunvericiliyi yaxşı bilmirlər: "Deputat toxunulmazlığı millət vəkilinə qanunu pozmağa icazə vermir. Bu, qanunu pozan deputatın məsuliyyətə cəlb olunmasının xüsusi qaydasıdır. Yəni sizin qanunu pozmaq yox, qanunu pozduğunuz halda bir qədər fərqli qaydada cəzalanmaq hüququnuz var”.

Ə.Hüseynov millət vəkillərinin yol hərəkəti qaydalarını pozmağa görə tətbiq olunan cərimələrdən heç bir toxunulmazlığın olmadığını açıqlayıb: "Zəhmət olmasa, Konstitusiyanı və qanunları bir daha nəzərdən keçirsinlər. Toxunulmazlıq yalnız məhkəmə qərarı ilə tətbiq olunan tənbehlərə, yəni inzibati həbsə, inzibati xəta predmetinin müsadirəsinə və s. aid edilə bilər. Cəriməni məhkəmə yox, inzibati orqan tətbiq edir. Özü də cərimə deputatın sərbəst fəaliyyətinə necə mane ola bilər ki, ondan da toxunulmazlıq olsun? Burada məntiq də yoxdur. Elə bu məntiqə söykənən Konstitusiyanın 90-cı maddəsinin I hissəsində deyilir ki, Azərbaycan Respublikası Milli Məclisinin deputatı barəsində məhkəmə qaydasında inzibati tənbeh tədbirləri tətbiq edilə bilməz. Deməli, DYP serjantının sizi cərimələməsi tam qanunidir. Qaydaları adətən sizin özünüz yox, sürücünüz pozur. Sürücünüz isə adi vətəndaşdır. DYP əməkdaşı nəinki onu cərimə edə, hətta, polisin qanuni göstərişlərinə tabe olmayanda inzibati qaydada tutaraq həbs edilməsi üçün məhkəməyə təqdim edə bilər”.

Ekspert belə məsələlərdən narahatlığını da gizlətməyib: "Ölkədə yol hərəkəti ilə bağlı ciddi problemlər var. Belə olan halda hamı elliklə bu bəla ilə, "yol terroru” ilə mübarizə aparmalıdır. Parlamentin bəzi deputatlarının belə yanaşmasını görəndə isə bütün zəhmətin hədər getməsi qənaətinə gəlmək olar. Axı sadə insanlarımız yol kimi ictimai bir yerdə onlardan nümunə götürməlidir. Əgər hər hansı deputat yolda tıxac və ya başqa problem səbəbindən hər hansı tədbirə gecikirsə, öz səlahiyyətlərindən istifadə edərək həmin problemin həllinə nail olmalıdır. Həmin problemdən şəxsən yan keçə bilmək üçün imtiyaz davası eləmək lazım deyil”.

Vüqar Şahinoğlu