ASAN-ın xidmətləri əhali arasında müsbət qarşılanır

Ona görə ki, ən azından digər qurumlar bu qədər operativ çalışmırlar




ASAN xidməti modelindən artıq Avropa dövlətlərində təcrübə kimi istifadə edilə bilər. Artıq Böyük Britaniya parlamentinin Lordlar Palatası belə bir təkliflə çıxış edib.

Avropa Azərbaycan Cəmiyyəti tərəfindən İnnovativ Azərbaycanın Xidmət və Qiymətləndirmə Şəbəkəsi (ASAN) haqqında təqdim edilən məlumat Böyük Britaniya parlamentinin Lordlar Palatasının elektron bacarıqlar üzrə komitəsinin hazırladığı rəsmi hesabatda dərc edilib.

Avropa Azərbaycan Cəmiyyətinin direktoru Lionel Zetter bildirib ki, Böyük Britaniya hökuməti də "ASAN” modelinin nailiyyətlərindən bəhrələnə bilər. İctimai xidmətlər üçün mərkəzi və yerli hökumət büdcələrinin azaldıldığı, lakin ictimaiyyətin hələ də yüksək standartlara cavab verən xidmətlər gözlədiyi Böyük Britaniyaya münasibətdə bu cür yanaşmaların konseptuallaşdırılması məqsədəuyğun olardı.

Hesabatda korrupsiya hallarının aradan qaldırılması və səmərəliliyin artırılması olan "ASAN” konsepsiyası haqqında ətraflı məlumat verilir. Bildirilir ki, "ASAN xidmət” mərkəzləri tamamilə şəffaf, korrupsiyadan azad zonalardır. Mərkəzlər müxtəlif dövlət qurumlarını bir araya gətirərək ictimai xidmət göstərir.

AVCİYA Seçki Qərargahının rəhbəri, dosent Məhərrəm Zülfüqarlı beynəlxalq aləmin belə bir təcrübədən istifadə etməsini sevindirici və müsbət hal kimi qiymətləndirir: "ASAN”ın göstərdiyi səyyar və regional xidmətlər əhali arasında müsbət qarşılanır. Ona görə ki, ən azından digər qurumlar bu qədər operativ çalışmırlar. Digər cəhətdən rüsum xərci ASAN xidmətdə azdır. Ümumiyyətlə, ASAN xidmətin inkişafı bəzi dövlət qurumlarının ixtisarına rəvac verə bilər. Bu da dövlətçiliyin inkişafına yardımçı ola bilər”.

Vüqar Şahinoğlu