TQDK test suallarının hazırlanmasına kadr axtarır

“İndi artıq bir ixtisas üzrə təyinatlardan istifadə edilmir”


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası qəbul imtahanı test tapşırıqlarının hazırlanmasında peşəkarlığı artırmaq məqsədi ilə müqavilə əsasında işçi qəbuluna başlayıb. TQDK artıq bununla bağlı elan verib.

Müxtəlif ixtisas istiqamətləri üzrə universitetlərin magistratura səviyyəsinə qəbul imtahanlarında istifadə ediləcək test tapşırıqlarını hazırlamaq üçün müəyyən iş bölgülərindən birini və ya bir neçəsini yerinə yetirməlidir. Bu bölgülərə sifariş əsasında test tapşırıqlarını tərtib etmək, həyata

keçirmək, test tapşırıqlarını Azərbaycan dilindən rus dilinə və əksinə tərcümə etmək, test tapşırıqlarının tərcüməsinin ekspertizasını həyata keçirmək daxildir.

Mütəxəssislər ixtisası üzrə magistr və ya daha yüksək elmi dərəcəyə malik olmalı, Azərbaycan və ya rus dilini mükəmməl bilməlidirlər. Həmçinin "Microsoft Office” proqramlarında işləməyi bacarmalı, test tapşırıqlarının məxfiliyini qorumağı öhdəsinə götürməli və şəxsi məsuliyyət daşıdığını təsdiq etməlidir.

Bundan əlavə, müraciət edənlərin test tapşırıqlarının tərtibi, ekspertizası və tərcümə edilməsi sahəsində təcrübə qazanması üçün treninqlərin və praktik məşğələlərin keçirilməsi nəzərdə tutulub. Onların iş qrafiki razılaşdırılmış qrafik üzrə həftədə üç iş günü müddətində ən azı 12 saat olacaq. Qeyd olunan tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar. İşə götürülənin təyinatı, əməkhaqqı və iş qrafiki müqaviləyə əsasən müəyyən olunur.

Azad Müəllimlər Birliyinin sədri Məlahət Mürşüdlü TQDK-nın belə bir addım atmasını yüksək qiymətləndirir: "İndi artıq bir ixtisas üzrə təyinatlardan istifadə edilmir. Hazırda müqavilələr əsasında işə qəbul həyata keçirilir. Digər ölkələrin dövlət qurumlarında əməkdaşların böyük əksəriyyəti müqavilə əsasında çalışırlar. Əsas düzgün kadrların seçilməsidir. Yəni işinin peşəkarı olan və vicdanla işini görən şəxslərlə müqavilənin bağlanmasından söhbət gedir. Bu, ən vacib şərtdir”.

İşə götürüləcək şəxslərin qəbul imtahanı prosesinə peşəkarlıq baxımdan necə təsir etməsinə gəlincə, M.Mürşüdlünün fikrincə, bu, işə qəbul edilən şəxslərdən və işə qəbul prosesi mexanizminin necə həyata keçirilməsindən asılıdır: "Qeyd etdiyim iki amil bir-birini tamamlayarsa, bu, işin gedişatına çox yüksək səviyyədə müsbət təsir göstərəcək”.

Vüqar Şahinoğlu