Milli maraqlarımızı satanlar...

Yunusları heç kim müdafiə etməyəcək, ortada xəyanət faktı var




Ölkəmizdə elə qruplar və şəxslər var ki, onlar dövlətimizin əldə etdiyi uğurlara nəinki sevinmir, hətta düşmən münasibəti bəsləyərək bu nailiyyətin üstünə kölgə salmağa, onu qaralamağa çalışırlar. Azərbaycanın düşmənlərilə sıx işbirliyi quran belə adamlar ölkəmizin imicini ləkələməyi özlərinə "borc” bilirlər. Ermənilərlə bir masada oturub Azərbaycan dövlətinin və xalqının milli maraqlarına zərbə vuran bu cür şəxslərdən biri özünü ictimaiyyətə "hüquq müdafiəçisi” kimi təqdim edən Sülh və Demokratiya İnstitutunun (SDİ) rəhbəri Leyla Yunus, digəri isə onun əri Arif Yunusdur.

Vətənə xəyanətdə təqsirli bilinərək həbs edilən və erməni dəyirmanına su tökənlər siyahısının başında dayanan Leyla Yunus dəfələrlə Azərbaycan cəmiyyəti qarşısında ifşa olunub. Onun Ermənistan xüsusi xidmət orqanlarında yüksək vəzifə tutan şəxslərlə birbaşa əlaqələr qurması və Azərbaycana qarşı antitəbliğat aparması hamıya məlumdur. Leyla Yunus özünü "vətənpərvər” kimi göstərsə də, onun Ermənistanda və Rusiyada çoxlu erməni qohumunun olması əsl həqiqəti ortaya qoyur. L.Yunusun erməni deputat Marina Salyanla münasibəti imkan verib ki, o, Azərbaycan haqqında əldə etdikləri məxfi məlumatları ermənilərə çatdırsın. O da məlumdur ki, Leyla Yunus 1-ci Qarabağ müharibəsi zamanı cəbhə bölgəsində lentə alınmış foto və videomaterialları Ermənistanın kəşfiyyat idarəsinə ötürüb və bunun müqabilində külli miqdarda pul əldə edib. Lakin onun "qəhrəmanlıqları” bununla məhdudlaşmayıb. Belə ki, o vaxtlar Müdafiə Nazirliyinin qida təchizatı ilə məşğul olan Leyla Yunus cəbhəyə göndəriləcək məhsulları bazara çıxarıb və bundan əldə etdiyi vəsaiti Almaniyadakı bank hesabına köçürüb. Azərbaycanın qələbələrini həzm edə bilməyən "hüquq müdafiəçisi” ölkəmizin qazandığı uğurlarla daha da azğınlaşıb. Leyla Yunus heç vaxt Dağlıq Qarabağın ermənilər tərəfindən işğal olunmasını və 1 milyon insanımızın öz torpaqlarından qovulmasını dilinə gətirməyib. Beynəlxalq təşkilatların qəbul etdiyi sənədləri bilərəkdən yada salmayıb. O, daim erməni lobbisinin sifarişlərini yerinə yetirərək, guya, Azərbaycanda insanların hüquq və azadlıqlarının pozulması, bəzi adamların siyasi fəaliyyətlərinə görə həbs olunmaları barədə rəy formalaşdırıb. Beynəlxalq təşkilatlara respublikamızdakı "siyasi məhbuslar”ın uydurma siyahısını təqdim edib. L.Yunusun və onun həyat yoldaşı Arif Yunusun ermənilərlə qohumluğu, Ermənistan xüsusi xidmət orqanları və erməni lobbisi ilə əlaqələrinə dair çoxsaylı faktlar da aşkarlanıb. Elə bu yaxınlıq səbəbindən erməni mətbuatı daim L.Yunusu müdafiə edir, yerli və xarici KİV-lərdə, müxtəlif xarici və beynəlxalq təşkilatlarda onun həbsi ilə bağlı məsələni qabardırlar. L.Yunusun A.Yunusa məktubları da bir tərəfdən Azərbaycan ictimaiyyəti qarşısında öz fəaliyyətinə bəraət qazandırmaq, digər tərəfdən isə beynəlxalq ictimaiyyətdə özü haqqında "mübariz insan haqları müdafiəçisi” obrazı yaratmaq, erməni lobbisinin təsiri altında olan müəyyən xarici təşkilatların Azərbaycana qarşı kampaniyasına zəmin yaratmaqdır. Təsadüfi deyil ki, L.Yunus primitiv şəkildə sovet hakimiyyəti dövründə tanınmış dissidentlərin dəst-xəttini təkrarlamağa, özünü onlarla bir cərgəyə qoymağa çalışır. Amma Azərbaycan ictimaiyyəti Leyla və Arif yunusların əməlləri barədə kifayət qədər məlumatlıdır və heç bir halda onların ermənipərəst fəaliyyətinə bəraət qazandırıla bilməz. Törətdikləri əməllərə və ermənilərlə əlbir olduqlarına görə cəmiyyət nümayəndələri Leyla və Arif yunusları şiddətlə qınayır və onların həbsini anti-milli və cinayətkar fəaliyyətin məntiqi nəticəsi hesab edirlər. Erməni lobbisinin və müəyyən xarici dairələrin məkrli "layihəsi” və əlaltısı olan xain Leyla Yunus ədalət qarşısında cavab verməlidir. İctimaiyyət əmindir ki, "bizim adımızı tarixdən silmək mümkün olmayacaq” deyən L.Yunus və onun əri A.Yunusun adları Azərbaycan tarixində Vətənə xəyanətin simvolu kimi qalacaq.

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov deyib ki, bu gün Azərbaycan Ermənistanla müharibə şəraitindədir və belə bir vaxtda Leyla Yunus kimiləri vəziyyətdən istifadə edib, düşmənlə əlbir olub, Vətənə xəyanət edirlər. Onun sözlərinə görə, Leyla Yunus düşmənin və digər beynəlxalq qüvvələrin maraqlarına xidmət edərək özü üçün şərait qurub: "Ermənilər ərazilərimizi işğal altında saxlayırlar. Azərbaycan xalqı isə heç bir halda bununla razılaşmır, istər müharibə, istərsə də sülh yolu ilə torpaqlarımızı geri qaytarmağa çalışır. Leyla Yunus isə Tiflisdən və ya digər ölkələrdən istifadə edərək ermənilərlə görüşlər keçirir,

düşmənin Milli Təhlükəsizlik Nazirliyi ilə əməkdaşlıqlar qurur. Bu hərəkətə yol verənə ancaq vətən xaini adı vermək olar. Bu yollarla da o, Fransada və başqa dövlətlərdə özünə evlər alıb. Leyla Yunus hiyləgərliyi ilə Fransa nazirlərinin belə ala bilmədiyi "Fəxri legion” mükafatına layiq görülüb. Bunları hansı əməyinə, hansı zəhmətinə görə əldə edib?! Təbii ki, bunun arxasında demokratiyanın carçısı olan bəzi dövlətlərin sifarişlərini yerinə yetirmək missiyası durur. Onun işi yalnız "siyasi məhbuslar” barədə siyahı hazırlayıb beynəlxalq təşkilatlara göndərmək, Azərbaycanın maraqlarını satmaqdan ibarətdir”.

Millət vəkili Məlahət İbrahimqızı da bildirib ki, torpaqlarımızın işğalında Leyla Yunusun da rolu var: "O, hər zaman xaricdə Azərbaycanın imicinə ziyan vurmağa çalışıb. İctimai fəaliyyətə başlayandan onun missiyası öz millətinə, dövlətinə böhtan atmaq olub. Bir adam ki, ana dilində danışa bilmir və deyir ki, mən Azərbaycan dilini ancaq pis sözlər demək üçün istifadə edirəm. Ana dilinə həqarət edən adamdan nə gözləmək olar?”. Millət vəkili Çingiz Qənizadə də deyib ki, əgər Leyla Yunus bu qanunları pozubsa, milli maraqlarımızı tapdalayıbsa, düşmənlərimizlə işbirliyi quraraq dövlətçiliymiz əleyhinə işlər görübsə, mafioz, təxribatçı xarici qruplaşmalardan pul alıb ölkəmizdə istədiyi layihələri reallaşdırmaq istəyibsə, təbii ki, o cəzasını alacaq və buna görə onun hay-küy salması yolverilməzdir: "Heç kim dövlətinə, millətinə xəyanət edən, ölkəsinin milli maraqlarını satan bir şəxsi müdafiə etməz. Leyla Yunus həbsxanadan Vicdan Məhbuslarının Müqavimət Hərəkatı adlı mənasız bir qurumun yaradılması iddiası ilə çıxış edib. Bu, özünümüdafiədən başqa bir şey deyil. O, diqqəti özünə cəlb etmək istəyir və çalışır ki, xaricdə Azərbaycan əleyhinə təbliğatlar aparan erməni "qardaş-bacıları”ndan dəstək alsın. Ancaq onu heç kim müdafiə etməyəcək. Çünki hər kəs Leyla Yunusun milli maraqlarımızı satdığını gözəl bilir. Yox əgər kimsə onu müdafiə edəcəksə, bu artıq Azərbaycanın daxili işlərinə qarışmaq olacaq”.

İsmayıl