“Turistlərin ölkəmizə gəlməsi viza rejimi ilə öz həllini tapmalıdır”

“Dünyanın inkişaf etmiş ölkələrində turistlərə qarşı 2 viza üsulu tətbiq edilir”



Milli Məclis "Turizm haqqında” qanuna dəyişiklik edib. Yeni dəyişikliyə görə, Azərbaycana gəlmək üçün viza tələb olunduqda əcnəbilər və vətəndaşlığı olmayanlar turizm vizası almalıdırlar. Turizm vizası 30 günədək müəyyən edilir. Viza almaq istəyənlər müvafiq icra hakimiyyəti orqanında akkreditasiyadan keçmiş turizm şirkətlərinə birbaşa və ya yaşadıqları ölkələrdə həmin şirkətlərin tərəfdaşı olan turizm şirkətləri vasitəsilə müraciət edə bilərlər.

Turistlərə elektron vizaların verilməsi qaydası Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi ilə tənzimlənir. Ancaq yeni dəyişikliklər parlamentdə bəzi millət vəkilləri tərəfindən birmənalı qarşılanmayıb. Onlar mövcud dəyişiklikləri turizmin inkişafına əngəl kimi dəyərləndiriblər. Milli Məclis həmçinin "Məşğulluq haqqında” qanunlara da dəyişiklikləri müzakirə edib. Dəyişikliklərə əsasən, Azərbaycan vətəndaşlarının xarici ölkələrdə işə düzəldilməsi ilə bağlı elan və reklamların verilməsini yalnız müvafiq vasitəçilik fəaliyyəti göstərmək üçün xüsusi razılıq almış hüquqi şəxslər həyata keçirə biləcəklər. Azərbaycanda fiziki şəxslərin Azərbaycan vətəndaşlarının xarici ölkələrdə işə düzəldilmələrində vasitəçilik etməsi də qadağan edilir. Bu dəyişiklik də parlamentarilər arasında müəyyən mübahisələrə yol açıb. Hər iki dəyişikliklə bağlı "Şərq”ə danışan miqrasiya problemləri üzrə ekspert Azər Allahverənovun sözlərinə görə, Azərbaycana maraq və ölkəmizə gələn turistlərin sayı ildən-ilə artır. Azərbaycanın mədəniyyəti və təbiəti ilə tanış olmaq istəyənlərin sayı kifayət qədərdir: "Bu faktı nəzərə alaraq, turistlərin Bakıya axını üçün maksimum əlverişli şərait yaradılmalıdır ki, xaricilər sərbəst şəkildə Azərbaycana gəlsin və ölkəmizlə yaxından tanış olsun”.

A.Allahverənovun sözlərinə görə, turizm sektoru elə bir sektordur ki, onun inkişafı bilavasitə ölkəyə gələn turistlərin sayından asılıdır. Bu sayın azalması isə inkişafı xeyli əngəlləyən faktordur: "Odur ki, turistlərin diqqətini cəlb eləməyi bacarmalı, onlar üçün münbit şərait yaratmalıyıq. Ancaq bununla belə turistlərin ölkəmizə gəlməsi viza rejimi ilə öz həllini tapmalıdır. Dünyanın inkişaf etmiş ölkələrində turistlərə qarşı 2 viza üsulu tətbiq edilir. Bu üsullardan biri turistlərin məhz turizm şirkəti tərəfindən viza ilə təmin olunması, digəri isə vizaların sərhəd-keçid məntəqələrindən əldə olunmasıdır. Azərbaycana gələn insanların böyük əksəriyyəti turizm şirkətlərinin iştirakı ilə viza əldə edirlər. Bir qismi isə aeroportlarda və digər yerlərdə yerləşən sərhəd-keçid məntəqələrindən viza əldə edirlər. Bu qaydaların isə hər biri müəyyən mənada turizmin inkişafına xidmət edən qaydalardır. Odur ki, Azərbaycana gələn turistlərə qarşı əlavə bürokratik əngəllərin yaradılması və yeniliklərin tətbiq olunması inkişafın qarşısını bir qədər əngəlləyə biləcək məsələlərdir. Düşünürəm ki, turistlərə viza verilməsi prosesini elektron qaydada həyata keçirmək istəyirlərsə, işlək mexanizm olduğu təqdirdə bu ideyanı reallaşdırmaq mümkündür. Yox, əgər elektron viza təminatı ilə bağlı müəyyən problemlər, çatışmazlıqlar varsa, bu layihəni gerçəkləşdirmək doğru deyil. Əks halda, potensial turistlərin işini çətinləşdirmiş və onların sayını azaltmış olarıq. Amma elektron viza məsələsi özünü doğruldarsa, burada çətin heç nə yoxdu. Sadəcə olaraq, turistlər öz turizm qrafikini planlaşdıran zaman bunu da nəzərə almalıdır”.

Məşğulluq haqqında qanuna nəzərdə tutulan dəyişikliklərə gəldikdə isə A.Allahverənov bu layihənin də zəruriliyini qeyd edib: "Əslində bu dəyişikliklər çox doğru yanaşmadır. Çünki Məşğulluq İdarələri və hüquqi idarələr bilavasitə bu məsələyə məsuliyyət daşıyırlar. Onların daşıdığı məsuliyyət isə qanunla müəyyən edilir. Keçmiş sovetlər dövründə briqadirlər bir qrup adamlardan ibarət briqadalar toplayıb onları Rusiyada çalışmağa aparırdı. Bu zaman isə briqadirlər tərəfindən apul mənimsəmə, istismar və digər xoşagəlməz hallar olurdu ki, həmin miqrantlar onunla üzləşirdilər. Həmin adamın günahını sübuta yetirmək isə bir qədər müşkül məsələyə çevrilirdi. Bu baxımdan razıyam ki, Azərbaycan vətəndaşlarının xarici ölkələrdə işə düzəldilməsi ilə məşğul olan adamlar yalnız hüquqi şəxslər olmalıdır. Bu zaman ortaya çıxan hər hansı bir xoşagəlməzlikləri, mübahisələri həll etmək daha asan olacaq. Amma qanuna dəyişiklik etməzdən əvvəl parlamantarilər yaxşı-yaxşı ölçüb-biçməlidir ki, həmin dəyişikliklər indiki situasiyada necə işləyəcək. Həmin sistemin praktikada özünü doğruldub-doğrultmayacağını əvvəlcədən öyrənməlidirlər. Əks halda, sosial narazılıqlara yol aça bilər”.

Şəymən