“Hər kəs aeroportda yoxlanmalıdır”

“Yalnız diplomatik toxunulmazlıq hüququ olan sərnişinlərin baqajları monitorda yoxlamadan keçirilmir”



Millət vəkili Asəf Hacıyev Bakı aeroportunda sərnişinlərin yoxlanmasına narazılıq edib. Xüsusən də, VİP-də gələn qonağın əşyalarının yoxlanılmasına toxunan millət vəkili deyib ki, dünyanın heç bir ölkəsində VİP ilə gələn vətəndaşın əşyaları monitorda yoxlanmadan keçirilmir.

Onun sözlərinə görə, Bakıda keçirilən humanitar foruma gələn qonaqlardan biri belə yoxlamadan keçiriləndə çox qəribə olay yaşanıb. "AZAL”ın sabiq prezidenti Ədalət Əliyev isə hesab edir ki, qaydalar hamı üçün eyni olmalıdır. Kimliyindən, statusundan və necə gəlməsindən asılı olmayaraq, hər kəs aeroportda yoxlanılmalıdır: "Yalnız diplomatik toxunulmazlıq hüququ olan sərnişinlərin baqajları monitorda yoxlamadan keçirilmir. Həmin adamla bağlı dövlətin hər hansı bir şəkki- şübhəsi olarsa, o zaman həmin diplomatın da əşyaları gedəndə mütləq, qayıdanda isə seçmə yolu ilə açılır və içinə baxılır”. VİP ilə gələn əməkdaşların ümumiyyətlə yoxlanılmamasına gəldikdə isə Ə.Əliyev deyib ki, yalnız sərhəd- keçid məntəqələrinə

əvvəlcədən göstəriş verildiyi halda kimisə baqajlarını yoxlamadan keçirməmək olar: "Mənim şəxsi fikrimə gəldikdə isə yoxlamalara, baqajların açılmasına heç bir ehtiyac görmürəm. Texniki imkanlar o qədər böyükdür ki, sərnişinləri saatlarla saxlamağa, baqajları açıb-yoxlamağa heç bir ehtiyac yoxdur”.

Şəymən