“Toy və yasları partiyalara bölmək düzgün yanaşma deyil”

Aydın Mirzəzadə: “Hər bir məsələdə siyasi çalar axtarıb, insanları qarşı- qarşıya qoymaq yanlış addımdır”




YAP-çı deputat Aydın Mirzəzadənin Müsavat Partiyasının Məclis üzvü, keçmiş millət vəkili İkram İsrafilin oğlunun toyunda iştirakı sosial şəbəkələrdə ciddi müzakirələrə yol açıb. İlk reaksiya müxalif düşərgə təmsilçilərindən gəlib. Düzdü, bəzi müxalifətçilər bunu ölkənin siyasi həyatı üçün uğurlu addım kimi dəyərləndirib.

Bununla yanaşı, məsələyə siyasi çalarlıq verib, ciddi narazılıqla qarşılayanlar da az deyil. Hətta bəziləri dəvətə görə, İ.İsrafili kəskin şəkildə qınayıb. Məsələn, müxalifətçi jurnalist Natiq Ədilov "facebook” səhifəsində A.Mirzəzadənin toya çağrılmasına açıq-aşkar etiraz edib.

Etirazçı gənclərin yanaşmasına münasibət bildirən A.Mirzəzadə "Şərq”ə açıqlamasında qeyd edib ki, təəccüblü bir iş yoxdur: "5 il bir yerdə olmuşuq. Ayrı-ayrı düşüncədə və siyasi cəbhədə olsaq da, insani münasibətimiz yaranıb. Oğlunun toyuna dəvət etməsinə normal yanaşdım. Ora bir YAP-çı kimi deyil, bir tanışımın övladının toyuna getdiyim kimi qatıldım. İnsanların biri-birinin xeyrində, şərində iştirakı normaldır. Getməsəydim, bəlkə başqa siyasi rəng verə bilərdilər. Toya heç bir siyasi məzmun vermədən getdim. Ola bilər ki, kimlərəsə qəribə gəlsin. Amma insanlıq borcumu yerinə yetirmişəm”.

Millət vəkili söyləyib ki, toy və yasları partiyalara bölmək düzgün yanaşma deyil: "Partiyalılıq ancaq siyasi fəaliyyətdə olur. Qalan məqamlarda hamımız bu ölkənin vətəndaşıyıq. Ölkə başçısı cənab İlham Əliyev dəfələrlə bəyan edib ki, o, bütün azərbaycanlıların prezidentidir. Buna siyasi don geydirməyi anlamıram. Hər bir məsələdə siyasi çalar axtarıb, insanları qarşı-qarşıya qoymaq yanlış addımdır”. Deputatın sözlərinə görə, cəmiyyət ancaq seçkidə müxtəlif cəbhələrə bölünə bilər: "Amma digər anlarda biz bir xalqıq. Eyni dildə danışırıq. Dinimiz, mədəniyyətimiz eynidir”.

Ayyət Əhməd