“Müsavat acınacaqlı durumdadır”

Rauf Məmmədli: “İllərdir partiyanın yükünü çiynində daşıyanlara, əyalətlərdə partiya üzvü olub mübarizə aparanlara partiyanın mərkəzi qərargahından, hər hansı bir diqqət göstərilməyib”



Müsavat Partiyasının Tovuz rayon təşkilatının tam tərkibdə istefa verməsiylə bağlı sosial şəbəkələrdə, eləcə də mediada müxtəlif fikirlər səsləndirilməkdədir.

Məsələyə münasibət bildirən "Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu öz "facebook” səhifəsində Tovuz rayon təşkilatının 85 faiz üzvünün istefa vermədiyini yazıb: "Mənim atam, anam, kənddəki qohumlarım Müsavat Partiyasının üzvləridir. Onlar istefa verməyib, istefa vermək fikirləri də yoxdur”.

Müsavat fəalı Səxavət Soltanlı da profilində bunları qeyd edib: "Mətbuata bildirirlər ki, 19 nəfər toplaşıb Tovuz rayon təşkilatından ayrıldıqları barədə qərar veriblər. Birincisi, bu mümkün deyil, ona görə ki, Müsavat Partiyasına qoşulmaq və ayrılmaq fərdi qaydada mümkündür. Bir də ki, qurultay öncəsi yığıncağa 17 müsavatçını çox çətinliklə toplayan Tovuz təşkilatı necə oldu istefa ilə bağlı 19 nəfəri asanlıqla toplaya bildi? Qurultay qabağı toplantının şəkilləri olduğu halda, niyə bu 19 nəfərin toplantısından bir şəkil belə yoxdur?”.

Bu barədə gedən söz-söhbətə münasibət bildirən, bir neçə gün əvvəl partiyadan istefa vermiş Müsavatın Nəsimi rayon təşkilatının sədr müavini Rauf Məmmədli Tovuz rayon təşkilatından kütləvi istefaların olduğunu istisna etməyib: "Bir neçə ay öncə təşkilatın ümumi yığıncağında iştirak etmək üçün Tovuz rayonuna getmişdim. Burada ümumi yığıncağın keçirilməsini təmin edən, bizi qarşılayan şəxs müsavatçı Əsəd Məmmədli oldu. O, vaxt məhdudiyyəti olmasına rəğmən çox qısa zamanda bir çox əyalət müsavatçısını bir araya gətirdi. Hətta deyərdim ki, orada iştirak edən müsavatçıların sayı qədər insanı heç Bakıda mövcud olan rayon təşkilatları bir araya gətirə bilmir. Yığıncağa gələn müsavatçılarla tək-tək söhbət etdik. Hətta aralarında bizim ailə ilə yaxın qohumluq münasibətləri olanlar da çıxdı. Amma mən orada iştirak edənlər arasında nə Rauf Arifoğlunun qohumlarını gördüm, nə də ki, yaxın ətrafından olan adamları. Belə bir hal olsaydı, ünsiyyət zamanı ən azından bunun şahidi olardım. Qaldı ki, seçkilər zamanı Tovuzda məntəqələrə müşahidəçilərin çıxarılması məsələsinə, adamdan soruşarlar ki, sənin ən böyük rayon təşkilatların olan Yasamal, Xətai və s. məntəqələrə nə qədər müşahidəçi çıxardı ki?”.

R.Məmmədli bildirib ki, əyalətlərdə mübarizə aparmaq, partiya üzvü olmaq qat-qat şəhərdəkindən çətindir: "Təsəvvür edin ki, illərdir partiyanın yükünü çiynində daşıyanlara, əyalətlərdə partiya üzvü olub mübarizə aparanlara partiyanın mərkəzi qərargahından, rəhbər şəxslərindən illərlə hər hansı bir diqqət göstərilməyib. Rəhbərlik həmin şəxslərlə maraqlanmayıb. Bu diqqətsizlik və qərəzli mövqedən sonra hansı haqla üzvlərdən fədakarlıq və fəallıq gözləyirlər. Təşkilatı qoruyub saxlamaq üçün hər bir fərdlə maraqlanmaq, onların qayğısına qalmaq lazımdır. Bu işlər "mən meydanda mübarizə aparmışam, tutulmuşam” deməklə olmur. Belə olduğuna görə hazırda acınacaqlı durumdayıq”.

İsmayıl