Gəlinlər evdən qaçır...

Ekspertlər həyəcan təbili çalır, ailə dəyərləri tamam dağılmaq üzrədir




Əcaib ailə dramları, getdikcə silsilə xarakteri alır. Son aylar ərzində evdən qaçan və ya qaçırılan gəlinlərin sayı da artıb. Qədim əyyamlarda cavan qızları qaçırırdılarsa, indi qızların yerini gəlinlər tutub. Qız qaçırılmasına cəmiyyətimiz ənənə prizmasından yanaşıb nə qədər sakit və anlayışla qarşılayırsa, gəlinlərin evdən qaçması, yaxud da qoşulub başqasına qaçmalarına bir o qədər sərt reaksiya verilir. Baxmayaraq ki, cəmiyyətdə kişilik və qadınlıq etalonları dəyişməyə meyillənir, hələ də bəzi ehkamlarımız dəyişməzdir və bu ailə, qadın-kişi münasibətlərində də qorunur.

Ailə ehkamlarına "meydan oxunması” olayı bu dəfə Şabranda baş verib.

21 yaşlı gəlin ailəli kişiyə qoşularaq qaçıb. Hadisə Şabranın Uzunboyad kəndində qeydə alınıb. Bu kənddə yaşayan, əslən Sumqayıtın Corat qəsəbəsindən olan İlham Atayev qonşuluqda yaşayan Rəşad Məmmədovun 21 yaşlı həyat yoldaşı Gülər Məmmədovanı qaçırıb.

Kənd sakinləri bu biabırçı hadisədən şoka düşdüklərini bildiriblər. Uzunboyad kənd sakinlərinin sözlərinə görə, evli olan, bir-birinə qoşulub qaçan İlham Atayevlə Gülər Məmmədova əslən bu kənddən deyillər. Sumqayıt sakini İlham Atayev bir müddət əvvəl, bu kənddən evlənib. Siyəzəndən olan Gülər isə Uzunboyad kəndinə - Məmmədovlar ailəsinə gəlin köçüb.
Siyəzən polis şöbəsi faktı təsdiqləyib. Polis şöbəsindən verilən məlumata görə, Şabranın Uzunboyad kənd sakini olan Rəşad Məmmədovun həyat yoldaşı Gülərin atası Siyəzən şəhər sakini Şərifxan Hacıyev qızının itkin düşməsi ilə bağlı 102 xidmətinə və polis şöbəsinə müraciət edib. Hazırda bu işin araşdırılmasına başlanılıb. Yaxın günlərdə təhqiqat qrupu məsələni araşdırmaq üçün həmin kəndə gedəcək. Hələlik hadisənin baş verməsi ilə bağlı təfərrüatlar bəlli deyil. Bu, araşdırmalardan sonra bəlli olacaq. Məlumat üçün bildirək ki, qoşulub qaçan cütlüyün hərəsinin 2 uşağı var. İlham Atayevin qaçırdığı xanımdan təxminən 10-15 yaş böyük olduğu bildirilir.

Xatırlayırsınızsa, buna bənzər hadisə iyul ayında da baş vermişdi.

Qadın 2 azyaşlı övladını da alıb naməlum istiqamətə getmişdi. Sonradan qadının sabiq polis işçisinə qoşulub qaçdığı da iddia olunurdu. Digər bir hadisədə isə 5 ayın gəlini evdən qaçmışdı. Talesiz həyat yoldaşı deyirmiş ki, təzə gəlin kiminləsə mobil telefonda mesajlaşırmış.

Yəni, sözün qısası, günümüzdə "itkin gəlinlər” deyil, "qaçqın gəlinlər” əhvalatı dəbə düşüb. Bu da, istiqaməti bilinməyən inteqrasiyaların, ölçüsüz sərbəstliklərin, texnologiyaların məişətimizə gətirdiyi bəlalardır.

Sayca sonuncu hadisəni şərh edən "Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova qeyd etdi ki, əxlaqi-mənəvi dəyərlər sisteminin bu qədər deqradasiyaya uğraması dəhşətlidir:

- Belə xəbərlərin sayı, təəssüf ki, artmaqdadır. Kişilər qadınları yoldan çıxarır, qadınlar kişiləri. Demirəm ki, əvvəllər belə hadisələr olmayıb. Əxlaqa, mənəviyyata zidd hərəkətlər hər zaman və bütün cəmiyyətlərdə mövcud olur. Amma hazırda sanki əxlaqsızlıq normaya çevrilməkdədir. İnsanlar utanmadan ailə gizlinlərini ictimaiyyətə ötürür, ailə məsələlərinin geniş müzakirə edilməsində maraqlı görünürlər. Dəyərlər sistemi dağılmaq üzrədir. Gənc qızla evlənirlər, 5-6 aydan sonra boşayırlar. Daha düşünmürlər ki, küçəyə buraxdığın bu gənc xanım ən əvvəl sənin namusundur. Evli qadınlarla əlaqə yaratmaq bəziləri üçün böyük "kişilik” hesab edilir. Bununla öyünürlər, bu barədə hamıya danışırlar. Xüsusi tip insanlar var ki, evli adamların həyatına müdaxilə etmək, ailə dağıtmaqdan sanki həzz alırlar, bunu özlərinə "peşə” seçənlər də var. Bəzən bu insanlar qadının, gənc xanımın yaşadığı qısamüddətli bədbinlikdən məharətlə istifadə edirlər. Qadınla ünsiyyət qurur, görüşə çağırır, sonra da həyatını məhv edirlər. Qadınlar da hədsiz səhvlərə yol verir, daşıdıqları məsuliyyəti dərk etmirlər. Ona görə də biz həmişə bu təklifimizdə israr edirik ki, evlənməyə hazırlaşan cütlüklər psixoloq, sosioloq məsləhəti alsınlar.

Ailə həatına ciddi hazırlaşıb sonra birgə yaşayışa başlasınlar. Gənclər ailə həyatına hazır olmadıqlarından baş vermiş hansısa kiçik inciklik böyük qalmaqala çevrilir. Münasibətlər gərilir.

Qadının ailəsində hansı hadisə baş verməlidir ki, evini tərk etsin və ya başqa birisinə qoşulub qaçsın? Bunun üçün mühüm bir səbəb, keçilməsi, bağışlanması mümkün olmayan hadisə baş verməlidir. Heç bir qadın, təbii ki, biz normal, ağlı, dərrakəsi yerində olan qadından danışırıq, evini tərk etmək istəməz. Qadınlar bioloji quruluşlarına görə, evcanlı, ailəcanlı, övladlarına görə canını verməyə hazır bir tipdirlər. Hansı bir iş, əməl olmalıdır ki, qadın öz ailəsini, ocağını tərk etsin. Hazırda ailələrdə münaqişələr geniş yaşayıb, qadınlara zor tətbiq edilir, işgəncə verilir. Bəlkə də evdən qaçan qadın artıq son çıxış yolunu qaçmaqda görüb. Amma cəmiyyətimiz qadınla bağlı istənilən məsələdə ilk növbədə qadını günahlandırmaq ənənəsindən hələ də vaz keçməyib. Konkret baş vermiş hadisələrdə biz kimin qaçırıldığını, kimin könüllü getdiyini də bilmirik. Bütün qadınları istisnasız olaraq günahsız elan etmək kimi bir fikrim də yoxdur. Yüngül həyat tərzini seçən qadınlarımız da var. Amma hər bir işin nəticəsi olduğu kimi, onu törədən səbəblər də var. Biz səbəbləri araşdırmalıyıq. Milli-mənəvi dəyərlər öz yerində, ancaq bütün hallarda hər bir hadisənin hüquqi tərəfi də var. Bütün məsələləri normal şəkildə, hüquq müstəvisində həll etmək mümkündü. Bəlkə sabah o qadın ictimaiyyətə çıxıb zora məruz qaldığını, işgəncə gördüyünü və məcburən qaçırıldığını deyəcək. Bu gün isə bizim əlimizdə belə məlumat yoxdur.

M.Zeynalova qaçan (və ya qaçırılan) gəlinin övladları olması məsələsinə də xüsusi diqqət göstərilməli olduğunu, hər iki tərəfin də valideynlik hüququnun qorunmasının vacibliyini vurğuladı:

- Əvvəla, hesab edirəm ki, CM-də şəxsin etibarından sui-istifadə etmə maddəsi tətbiq edilməlidir. Belə olarsa, ailəli qadınları yoldan çıxaranlar cinayət məsuliyyətinə cəlb edilər. Çünki bu tip əməllər cinayətdir. Konkret bu hadisədə isə valideyn olaraq həm qadının, həm də kişinin övladları üzərində hüququ var. Kişi iddia edə bilməz ki, övladlarını anadan alıb ona versinlər. Boşanacaqları təqdirdə isə atanın da, ana qədər övladları ilə birgə vaxt keçirmək hüququ tanınacaq. Uşaqların ölkədən çıxarılmasına atanın və ya ananın icazəsi tələb olunacaq. Öz aralarında problemləri çözə bilməyənlərin çıxış yolu məsələni hüquqi müstəvidə həll etməkdir.

Sosioloq Əhməd Qəşəmoğlu isə ümumiyyətlə, Azərbaycan ailəsində təhlükəli tendensiyanın artdığını bildirdi:

- Təəssüflə qeyd etməliyəm ki, kişilər adət-ənənəyə daha çox bağlıdır, nəinki qadınlar. Qloballaşmanın, demokratikləşmənin əslində nə demək olduğunu bilməyənlər özünü bu axının içinə atıb. Qloballaşmanı açıq-saçıq geyinməkdə, gənc oğlanla gənc qız metroda, avtobusda biri-birinə sarmaşmış halda əyləşməkdə, demokratiyanı da "nə istəyirəm, edirəm” kimi başa düşürlər. Bunlar hamısı bizim indiyədək sahib olduğumuz ailə modelini, adət-ənənəni kökündən sarsıdan zərərli meyillərdir. Baş verənlər onu göstərir ki, biz nə qloballaşmaya hazırıq, nə də demokratiyanın nə demək olduğunu bilirik. Əfsus ki, bizim qadınlarımız qloballaşmanın təsiri altına daha tez düşürlər və sərbəstlik əldə etmək istəyirlər. Kişilərimiz isə bu prosesdə geri qalır. Sevgi, xoş münasibətlərin yaranması kimlər üçünsə tələbat ola bilər. Amma buna sizin ətrafınız hazırdımı, siz özünüz buna hazırsınızmı sualı üzərində düşünmək lazımdır. Mən bundan əvvəl də dəfələrlə demişəm ki, internet, mobil telefon, çatlaşma, mesajlaşma fəlakət halına gəlib çatıb. Maarifləndirmə səviyyəsi aşağı olduğundan biz bu gözəl texniki vasitələrdən, müasir texnologiyalardan səmərəli istifadəni bilmirik, düzgün istifadə etmirik. Avtobusa minirsən, 10 nəfərdən 8-i əlində telefon "oynadır”. Gah mesaj yazır, gah mesaj oxuyur, gah oyunlarla məşğuldur. Metroya minirsən, eyni vəziyyət. Mən artıq əsəbiləşirəm. İnsan telefonla nə qədər məşğul olar?! Bu insanların başqa məşğuliyyəti, başqa peşəsi yoxdurmu?! Səhərdən-axşamadək mesajlaşmaq, "facebook”da "oturmaq” olmaz axı! Bu, ədəbsizlikdi. Mədəniyyətsizlikdi. Hamı internet "xəstəliyinə” tutulub. Müasir texnologiyalar o zaman insana xeyir gətirir ki, ondan səmərəli istifadə olunur, bu texnologiyalar ciddi işlərin həyata keçirilməsində istifadə olunur. Bizdə isə tam əksidir. Gənclər, evdar qadınlar boşluqdan, işsizlikdən telefon, internet xəstəliyinə tutulublar. Bir adamın əlində iki, üç mobil telefon görürəm. Nəyinə lazımdı, bu qədər telefon. Bu insanlar kimdir, nə peşənin sahibidirlər ki, telefona, internetə belə bağlanıblar? Araşdırsan, görərsən ki, heç bir işin sahibi deyillər. Sadəcə, avaraçılıqdan telefonda mesajlaşırlar, interneti olan "facebook”da söhbətləşir. Bilirsiz, bütün bu məsələlərlə bağlı ciddi maarifləndirmə işləri aparılmalıdır. Ailələrə, gənclərə sağlam həyat tərzi mədəniyyəti aşılanmalıdır. 13-14 yaşlı oğlanlar, qızlar 1-2 dəfə bir-birilə telefonda danışır, mesajlaşır, yazışmaların təsiri altına düşür, ertəsi günü görüşür, evlənir, sonra da faciə ilə üzləşirlər. İnsanda qəribə bir psixoloji ovqat var. Yazışdığı, qiyabi tanış olduğu insanla mütləq görüşməyə can atır. Onun kimliyini bilmədən, hansı hadisənin baş verə biləcəyini təxmin etmədən. Əxlaqi dəyərlərimiz itmək üzrədir. Gənclər ədəb qaydalarını bilmirlər. Çünki onları heç kim öyrətməyib. Avtobusda, metroda gənclər ayağını ayağının üzərinə aşırıb əyləşir. Bir adam buna etiraz etmir, tənbeh etmir. Onlar da bu qənaətə gəlir ki, deməli, bu, normadır. Eləcə də başqa məsələlərdə. Atanın, ananın, özündən böyüyün yanında əxlaqsız söhbətlər edirlər. Bunların hamısının nəticəsidir ki, qurulan ailələr möhkəm olmur. Gənclər yüngül həyatı seçir. Problem artıq kritik xarakter almaqdadır. Məncə, dövlət orqanları da, ictimai institutlar da cəmiyyətdə gedən mənəvi deqradasiyanın qarşısını almaq barədə düşünməlidir. Bunun yolları var, bəllidir, sadəcə, işləmək lazımdır.

Məlahət Rzayeva