O gənc artıq potensial terrorçuya çevrilmişdi

“Azərbaycanın dini mühitində hər zaman partlamağa hazır olan bir “bomba” var”



Suriyanın Kobani şəhərində kürd silahlıları "İraq Şam İslam dövləti” qruplaşmalarının sıralarında döyüşən 20 yaşlı azərbaycanlı gənci edam ediblər. Azərbaycanlı İŞİD-çini əsir götürən kürd qaçqınlardan Cüneyt Hemo adlı şəxs mətbuata verdiyi müsahibəsində həmyerlimizi şəhərin qərb hissəsində gedən atışmalar zamanı ələ keçirdiklərini deyib. Kürd silahlı bildirib ki, onlar əsiri öldürmək fikrində olmayıblar və onunla danışaraq fikrini dəyişməyə çalışıblar.

Amma kürdləri kafir adlandıran azərbaycanlı onu "şəhid” etmələri üçün silahlılara yalvarıb. Mübahisənin uzandığını görən kürd silahlıları azərbaycanlının başına atəş açaraq öldürüblər. Qeyd edək ki, İŞİD-in tərkibində vuruşan "Əbu Abdullah əl-Azərbicani” ləqəbli digər bir həmyerlimizin də ölüm xəbəri gəlib. İraqın Səlahəddin əyaləti ərazisində içərisində 2 ton partlayıcı olan "Hummer” hərbi maşınını partladan azərbaycanlı terrorçu özünü "şəhid” edərək bir neçə əsgəri öldürüb. Radikal qruplaşmalara qoşulan azərbaycanlıların öldürülməsinə münasibət bildirən Qarabağ Seyid Ocaqlarının təmsilçisi, şərqşünas-alim Seyid Camal Əzimbəyli azərbaycanlı gənclərin terrorçulara qoşularaq həyatlarını puç etməsinə təəssüf etdiyini bildirib: "Kürdlər tərəfindən əsir alınan və öldürülən 20 yaşlı həmin gənc cahilliyin və terrorun qurbanı oldu. Amma məsələ burasındadır ki, o gənc artıq potensial terrorçuya çevrilmişdi. Onsuz da İŞİD-ə üzv olanlar hər şeyi gözə alaraq gedirlər. Çünki onlar öldükləri zaman "şəhid” olacaqlarını zənn edirlər. Amma İŞİD-in tərkibində döyüşənlərin heç biri şəhid deyil. Onların düşüncələri tamamilə yanlış və təhlükəlidir. İslam birlik, bərabərlik, mərhəmət və sevgi dinidir. Əgər həmin qruplaşmaya qoşulanlar islamın hökmlərinə dayanırlarsa, onda açıb "Qurani-Kərimi” oxusunlar. Müqəddəs kitabda buyurulur ki, "bir müsəlmanın din qardaşını öldürməsi ən böyük günahdır və hətta Allah dərgahında bağışlanmaz əməllərdəndir”. Bu günahı edən şəxs öləndə şəhid olar?

Mən dəfələrlə demişəm, Azərbaycanın dini mühitində hər zaman partlamağa hazır olan bir "bomba” var. Biz bunu gizlətməməliyik. Bu gün Azərbaycanda minlərlə təkfirçi və kamikadze hərəkətə keçmək üçün münbit şərait, vaxt gözləyirlər. Onlar islam adına iddia edərək Azərbaycan bayrağını "tağut” adlandırır və şəhidlərimizə "kafir” deyirlər. Ona görə də radikal qruplaşmalara qoşulanların islam adına hərəkət etməsi və şəhidlik iddiasında olması əsassızdır”. İlahiyyatçının sözlərinə görə, bütün bunlar Azərbaycanda islami maarifləndirmənin düzgün aparılmamasının, dinin qayda və prinsiplərinin cəmiyyətə düzgün aşılanmamasının acı nəticəsidir: "Bu gün istər Qərb, istərsə də Şərq ölkələrində anti-islam kampaniyası aparılır. Bu kampaniya da qərb texnoloqları tərəfindən hazırlanan və İŞİD adı altında islam dininin içəridən parçalanmasına xidmət edən bir layihə vasitəsi ilə həyata keçirilir. Mən artıq həyəcan təbili çalmaqdan yorulmuşam. Radikal qruplaşmalara meyl edən şəxslərin zərərsizləşdirilməsi sadəcə mövsümi tədbirlərlə və ya həbslərlə mümkün deyil. Bu məsələdə konkret din konsepsiyası hazırlanmalıdır. Mətbuat da belə məsələləri qaragüruhçuluqla təbliğ etməli deyil. Əksinə, sistemli maarifləndirmə şəklində məqalələr, yazılar dərc etməlidir”.

İsmayıl