“Gənclər Şəhərciyində” qocalanlar...

Abşeronda yerləşən şəhərciyin sakinləri aidiyyəti qurumlardan narazıdırlar






Abşeron Gənclər Şəhərciyinin sakini Günel Hacızadə yaşadığı 2 blokdakı baxımsızlıqdan şikayətlənib. Bu barədə yazan şikayətçi xanım bildirib ki, bir həftədir "Jek”lə sakinlər arasında qırğın gedir: "Çox dözülməz vəziyyət yaranıb. O qədər çatışmazlıq var ki, saymaqla bitmir. Sakinlər kommunal xidmətlərlə bağlı çox ciddi problem yaşayır. Demək olar ki, bu xidmətlə məşğul olan şəxslərin fəaliyyəti sıfırın altındadır.

Konkret olaraq, zibil yeşiklərə atılıb, qalır. Həyətdə azyaşlı və qocalar var. Yayın qızmarında həmin zibil qablarından gələn üfunət qoxusu "göyə dirək” olur. Heç bir gigiyenik qaydaya əməl olunmur. Bir neçə dəfə bina sakinləri maşın tutub, öz hesablarına zibili daşıtdırıblar. Amma bununla iş aşmır. Gərək, zibil gündəlik daşınsın. Baxın, indi payızdır. Güclü küləklər əsir. Daşınmadığına görə, külək zibili binanın həyətinə dağıdır. Sözsüz ki, bu, xəstəlikdir”.

G.Hacızadənin sözlərinə görə, məsələ barədə "Jek” müdiri Fazil müəllimə dəfələrlə müraciət etsələr də, istəkləri nəticəsiz qalıb: "Deyir ki, mənlik deyil. Gedin, kimə deyirsiniz deyin”.

Şikayətçi qeyd edib ki, kanalizasiya xətlərində də problemlər mövcuddur: "Bina oturuşduqca, bu fəsadlar dərinləşəcək. İndidən qarşısı alınmır. Başsız buraxıblar. Şikayətə, müraciətə əhəmiyyət verən yoxdur. Tədbir görmələri o yana qalsın, quru ayaqları ilə də gəlib baxmırlar. Kim istəyirsə, gəlib vəziyyətin şahidi ola bilər”.

Şəhərcik sakini vurğulayıb ki, dəfələrlə "Jek” müdirinin görüşünə getsələr də, çox vaxt yerində tapmırlar: "Cəmi bir dəfə yerində yaxaladıq. Dedik ki, gəl, vəziyyətlə tanış ol. Onda da gəlmədi. Yuvasından çıxmadı. Sadəcə cavab verdi ki, kanalizasiya zirzəmiyə axır. Amma əlimdən heç nə gəlmir. Bəs, kimə müraciət edək? Dərdimizi kimə danışaq? Nə qədər çirkab içində yaşamalıyıq. Hamı kimi bizim də sağlam yaşamaq haqqımız var”.

G.Hacızadə deyib ki, dünən bir neçə sakin "Akkord”un baş ofisinə gedib: "Amma bu Fazil kimə arxalanır bilmirəm. Arxası möhkəmdir. Heç kim heç nə edə bilmir”.

Şikayətçi diqqətə çatdırıb ki, sakinlər ana yolu bağlamaq istəyirlər: "Bütün kommunal xərclər ödənir. Buna baxmayaraq layiqli xidmət göstərmirlər. Ona görə də sakinlər sözləşiblər ki, daha xərcləri ödəməsinlər. İçi mən qarışıq hansı xidmətə pul ödəməliyik? Şübhəsiz ki, vəziyyət bu cür davam edərsə, bir acı partlayışı olacaq”. Sakin bəyan edib ki, bloka 1 lampa belə alıb, vurmurlar: "Həmin lampanın puluna qədər yığırlar. Onu da alıb, yeyirlər. Tələb edəndə deyir ki, mən nə bilim kim qırıb. Bəs, onda pulu niyə yığmısan? 2-ci bina 3-cü blok qaranlıq olduğu üçün ahıl bir kişi yıxılıb, ayağı pis vəziyyətə düşüb”.

G.Hacızadə şəhərciyin marşrut sistemindən də gileylənib: "1 avtobus var. O da yarım saatdan bir gəlir. O qədər dolu olur ki, nəinki oturmağa, yıxılmağa belə yer olmur”. Şikayətçi onu da əlavə edib ki, şəhərcik sakinlərinin idman etməsi üçün nəzərdə tutulan stadion uzun müddətdir ki, bağlıdır: "Uşaqlar futbol oynamayacaqsa, onu niyə tikiblər? Hər dəfə deyəndə də mövzunu dəyişib, canlarını qurtarırlar”. Binanın arxasından qaz və yüksək gərginlikli xətlərin keçdiyini deyən bina sakini hesab edir ki, azyaşlıların ora keçməsi çox rahatdır: "Hansısa azyaşlı övladı ora keçib, dünyasını dəyişərsə, günahkar kim olacaq? Bunun adını nə qoyacaqlar? Düşünmədən addım atan körpələr yaşayır nə qədər. "Jek” müdirinə bu problemləri sadalayıram. Onda da deyir ki, "demaqoq” yenə gəldi. Haqqını tələb edənləri "demaqoq” adlandırırlar. Baxın, bunların düşüncə tərzi və yanaşmasına. İstəmirəm ki, şəhərcikdəki hansısa əcnəbi azərbaycanlıları "haqqınızı niyə tələb etmirsiniz” deyib qoyun adlandırsın. Tələbimiz odur ki, problemlərlə maraqlanılsın və yoluna qoyulsun”.

Ayyət Əhməd