“Sən gedən gündən...”

Xaqani Əmininin qəzəllərində fitrət də, böyüklük də hiss olunur




Müasir dünyamızda qəzəl yazanlar da azdır, qəzəl sevənlər də. Qəzəl yazmaq hünər istəyir. Qəzəli oxuyub anlamaqsa ağıl, dərrakə. Müasir ədəbiyyatımızda isə hünərlilər barmaqla sayılacaq qədərdi. Şairlərimiz adətən asana qaçır. Heca vəzni, bir-iki sevgi şeiri, uydurulmuş "fəlsəfi düşüncələr”.

Tanınmaq üçün də qalmaqal yaratmaq kifayətdir. İndi bizim yazarlarımız əsərləri ilə tanınmır ki... Şeirin, sənətin tənəzzül dövrü yaşadığı bir vaxtda bədii sözün ən yüksək - ali mərtəbəsi olan qəzələ sahib çıxanların olduğunu, üstəlik, qəzəllər kitabının nəşr edildiyini də görmək insanı ruhlandırır. Demək ki, söz xəzinəmizi qoruyanlar var. Həm də ən çətin, ən məsuliyyətli, poetik düşüncənin ən dərin qatlarını işıqlandıra bilən qəzəl janrında.

Şair-qəzəlxan, "Vahid” Poeziya Evinin üzvü Xaqani Əmininin "Sən gedən gündən...” qəzəllər kitabını oxuyanda, öz-özümə "demək, qəzəl yaşayır!” qənaətinə gəldim. Ariflərin sözüdür ki, qəzəlin də, ümumilikdə şeriyyətin inkişafını da dahi Füzuli "ləngitdi”. Və bu lənglik hələ də davam edir. Ariflər boşuna söz söyləməz. Hər sözdə bir hikmət var. Ariflər ona görə Füzulini "qınayırlar” ki, onun qəzəli qaldırdığı ucalığa yetmək mümkün deyil. Yəni, kim nə yazsa da, Füzuli dühasının ətrafında dolanacaq. Füzuliyə pərvanə olmağın özü də fitrət istər. Böyüyün yanında dayanmaq böyüklükdür. Xaqani Əmininin qəzəllərində bu fitrət də, böyüklük də hiss olunur.

Qəzəlxan-şairin "Görüb” rədifli qəzəlini oxuyanda ustad Füzulinin möhtəşəm surəti göz önündə canlanır:

Umma, Əmini, vədeyi-vəslin gözəllərin,

Çox sadə olma, kim buların düz sözün görüb?..

Gər dersə Füzuli ki, gözəllərdə vəfa var,

Aldanma, şair sözü əlbəttə, yalandır!

Şairin böyüklüyü özündən əvvəlkiləri təkrarlamamaqla onlardan dərs almaqdır. Azərbaycan ədəbiyyatı elə zəngin bir xəzinədir ki, ləl-cəvahiratı göz qamaşdırır. Gərək elə usta olasan ki, sənin xəzinəyə bəxş etdiyin də o ləl-cəvahirat içində parlasın, işığı uzaqdan oxucunu cəlb etsin. Bu da hər şairə, yazara qismət olan xoşbəxtlik deyil.

Xaqani Əmininin poetik ifadə bacarığı, bədii təsvir vasitələrindən məharətli istifadə qabiliyyəti güclüdür. Buna görə də qəzəlləri axıcıdır, ürəyə yol tapır.

Vəslə yetməkdə fələk sıxsa da qovğada məni,

Görəcəksən yenə əvvəlki təmannadə məni.

Bir mələksək bu gözəllikdə mənim ömrümə sən,

Eşqimizdir tanıdan ərşi-müəlladə məni.

Ey gözüm, təngə gətirdin məni sən, ağlama çox,

Qoy çıxım sahilə bir, boğma bu dəryadə məni...

Bu misralarda qəzəlxanın eşq fərağında yanıb, göz yaşlarına qərq olmasının poetik təsviri çox incə poetik təsvirlərlə verilib.

Xaqani Əmini qəzəllərində Füzuli ziyası hiss olunduğu kimi, qəzəldə vahid olan Vahidin də təsiri duyulur. Bunsuz mümkün deyil. Yaşadıqları dövr arasında əsrlər dayansa da, Azərbaycan poeziyasına möhür vurmuş bu iki şəxsiyyət qəzəldə zirvə fəth edənlərdir. Günümüzdə özündə təpər tapıb Füzuli-Vahid tandeminə sözün yaxşı mənasında meydan oxumaq da hər şairə nəsib olmur. Xaqani Əmini cəsarətlə qəzəl dəryasına baş vuranlardandır.

Bizə, zahid, bu gözəldən demə hər yanda olur,

Olsa-olsa beləsi cənnəti-rizvanda olur.

Hər üzü gül belə bir hüsnə deyildir sahib,

Bu gözəllik, mələyim, mində bir insanda olur...

Bu qəzəli oxuyanda Vahidimiz necə yada düşməsin?! Xaqani Əmini qəzəllərində özünəməxsus yeniliklər etməklə ustad Vahidi "xatırladırsa” nə xoş halına.

Bəs ki, canım sənsiz, ey gül, möhnəti-hicran çəkər,

Canım almaqda əcəl həm dərd əlindən can çəkər.

Eşq dərdindən çəkilmiş qeyrilər bir guşəyə,

Dərdini aləmdə ancaq aşiqi-nalan çəkər.

Həsrətindən daği-eşqindir çəkilmiş köksünə,

Hər səhər-axşam o ki, göylər şəfəqdən qan çəkər...

Şair-qəzəlxanın qəzəllərində sözü söz xatirinə demədiyi aydındır. Qəzəllərin hamısı içdən gəlir, şairin qəlb çırpıntılarını ifadə edir. Qəzəlxan hiss və duyğularını, fikir və düşüncələrini ürəyindən süzülüb gələn səmimi sözlərlə ifadə edir. Bədii ifadə üçün çətinə qaçmır, mürəkkəb təşbehlərə, metaforalara üz tutmur. Sadə, şirin bir dillə hisslərini oxuculara, həm də "bivəfa yara” çatdırır:

Gözəlim, gör nə zamandır sənə həsrət çəkirəm,

Salıb əldən məni hicran qəmi, möhnət çəkirəm.

Düşmüşəm, çöllərə Məcnun kimi eşqində sənin,

Gör ki, zülfün həvəsiylə nə məşəqqət çəkirəm.

Bunca könlüm quşu bülbül kimi fəryadə gəlir,

Bir vəfasız gül üçün eşqdə töhmət çəkirəm.

Kimsə yox anlaya bu eşqdə, Xaqani məni,

Danışıb öz-özümə dərdimi xəlvət çəkirəm.

Şair-qəzəlxan Xaqani Əmini Azərbaycan ədəbiyyatının klassik ənənələrini yaşadanlarla bir sırada dayanır. Onun qəzəlləri sözü kəsərdən salmağa, ucuzlaşdırmağa, müasirliyi əldə bayraq edib bayağılaşdırmağa çalışanlara bizcə, ən gözəl, tutarlı cavabdır.

Məlahət Rzayeva