“Ərli qadının başqasına qoşulub getməsi dəhşətdir”

Seyran Səxavət: “Hələ bizim şahidi olduqlarımız təhlükəli prosesin ilkin “barları”dır. Əgər bunun qabağı alınmasa, böyük fəsadları olacaq”
“Millətin şüurunu nəzərə alaraq dedim ki, qərbin “demokratiya və azadlıq” dediyi şeyi Azərbaycan xalqına ildə bir dəfə Novruz bayramında plov yeyəndən sonra çay qaşığı ilə vermək lazımdır”




Hər bir xalqa bəxş edilmiş ən qiymətli miras onun milli-mənəvi dəyərləridir. Bu səbəbdən də hər şeydən əvvəl bu sahəyə üstünlük və diqqət verilməlidir. Çalışmalıyıq ki, əcdadımızın bizə əmanət etdiyi milli-mənəvi, əxlaqi dəyərlərimizi gələcək nəsillərə daha da zənginləşdirilmiş halda ötürə bilək. Buna görə də, müdrik ağsaqqallarımız, söz sahibi olan ziyalılarımız, xüsusilə geniş təbliğat-təşviqat imkanları olan radio-televiziya, dövri mətbuat və digər kütləvi informasiya vasitələri mənəvi dəyərlərimizin təbliği və cəmiyyətə ətraflı izah edilməsi işlərinin fövqündə olmalıdır.

Vətən, el-oba, doğma ocaq sevgisi, namus-qeyrət təəssübü, etik dəyərlər, dini inanclarımız, nəhayət, müqəddəs milli adət-ənənələrimiz ümumən milli mentalitetimizin məhək daşı hesab olunur. Ancaq çox təəssüflər olsun ki, cəmiyyətdə milli-mənlik ideyasının və mənəvi-əxlaqi dəyərlərin aşınması prosesi başlayıb. Zaman-zaman ölkənin müxtəlif şəhər və rayonlarında baş verən arzuolunmaz hadisələr, vəhşicəsinə törədilmiş ağır cinayətlər, əxlaqsız davranışlar sübut edir ki, tədricən Azərbaycan cəmiyyətində milli-mənəvi dəyərlərdən və islami-etik prinsiplərdən uzaqlaşma prosesi start götürüb. Elə bu günlərdə Şabranın Uzunboyad kəndində baş verən hadisə də təkcə kənd sakinləri arasında deyil, ölkə ictimaiyyətində şok effekti yaratdı. Belə ki, kənddə qapıbir qonşu olan kişi və qadın biri-birinə qoşularaq qaçıb. Problem isə ondadır ki, qaçan kişi də, qadın da evli olublar. Hər ikisi evli olan şəxslərin əməllərinin nəticələrini və ictimai qınağı nəzərə almadan bir-birinə qoşulub qaçması, cəmiyyətdə ailə dəyərlərinin hansı vəziyyətdə olduğunu ortaya qoyub. Qeyd edək ki, həm islam dininə, həm də Azərbaycan xalqının mental dəyərlərinə zidd olan bu kimi hadisələr xüsusilə bölgələrdə tez-tez baş verir. Görəsən, dəyərlərimizin və namus-qeyrət anlayışının bu qədər ucuzlaşdırılması, cılızlaşdırılması nədən, haradan qaynaqlanır? Mövzu ilə bağlı "Şərq”in suallarını cavablandıran görkəmli yazıçı, Azərbaycan Yazıçılar Birliyinin üzvü Seyran Səxavət maraqlı məqamlara toxunub..

- Seyran müəllim, Şabranda yaşanan məlum hadisəyə münasibətiniz necədir? Sizcə, cəmiyyətin bu günə düşməsinə səbəb nədir?

- Cəmiyyətdə baş verən bu cür hadisələr həm əxlaqla, həm də sosial rifahla bağlıdır. Ərli qadının başqasına qoşulub getməsi dəhşətdir. Şəxsən mən sovet vaxtı belə şeyə rast gəlməmişəm. Bəlkə də olub, ancaq informasiyanı bizdən gizlədiblər. Bilirsiz, hesab edirəm ki, burda bəzi KİV-lərin günahı həddindən artıq böyükdür. Nədir onların günahı? Hər bir adamın informasiya daşımaq yükü var. Yəni hər insanın özünəxas beyni var. Bəzilərinin beyninin yarısı, bəzilərinin dörddə biri, bəzilərinin isə ümumiyyətlə beyni işləmir. Onlar beyinlərindəki "qısaqapanmalarla” ömürlərini başa vururlar. Bəzi KİV-lər, istər elektron media olsun, istərsə də yazılı mətbuat, yeri gəldi-gəlmədi, uşaqları, yeniyetmələri, gəncləri, ortayaşlıları və ahıl adamları hədsiz informasiya ilə yükləyirlər. Beyninə normadan artıq informasiya yüklənmiş insan bu yükü çəkə bilmir və altında əzilir. Nəticədə isə bu gün şahidi olduğumuz əndirəbadi olaylar baş verir.

Yəni cəmiyyətdəki arzuolunmaz hadisələrin əsas səbəblərindən biri bəzi KİV-lərin düzgün işləməməsidir. Nəzərə almalıyıq ki, bizim camaat hələ informasiya "püskürtüsünə” hazır deyil. Hər şeyi demək olmaz. Hətta bəzi hallarda həqiqəti belə söyləmək düzgün deyil. Çünki bir sıra reallıqlar çoxlu fəsadlara yol açır. Təəssüflər olsun ki, bizdə bunların heç biri nəzərə alınmır. İnsanlarda güclü milli şüur və yüksək təhsil olmalıdır ki, onlar bir belə lazımsız və zərərli informasiyanın qabağında tab gətirə bilsinlər. KİV-ləri ona görə qınayıram ki, onlar cəmiyyətin bu cür informasiyalara hazır olmadığını və hadisədən düzgün nəticə çıxarmayacağını bildikləri halda yenə də belə xəbərləri yayırlar. Yəni məsələ çox qəlizdir. Bu, olduqca böyük problemdir. "Şərq” qəzetinə eşq olsun ki, belə məsələləri gündəmə gətirir. Çünki söhbət təkcə Şabrandan və ya başqa rayondan getmir. Problem ondadır ki, həmin əxlaqsız düşüncələr getdikcə millətin şüuruna nüfuz edir və orda özünə yer edir. Hələ bizim şahidi olduqlarımız təhlükəli prosesin ilkin "barları”dır. Əgər bunun qabağı alınmasa, böyük fəsadları olacaq. Dövlət səviyyəsində məsələyə müdaxilə edilməlidir.

- Cəmiyyətdə baş verən əxlaqsız hərəkətlərin və qandonduran vəhşiliklərin əsas səbəblərindən biri kimi internet, sosial şəbəkələr və mobil telefonlar göstərilir. Görünür, bütün dünyanın faydalandığı müasir texniki vasitələrdən biz düzgün istifadə edə bilmirik?

- Tamamilə haqlısınız. Təəssüflər olsun ki, bir çox insan internetdən, texnikadan lazımi istiqamətdə yararlanmır. Bilirsiz, əsas məsələ odur ki, kənd həyatı ilə şəhər həyatı eyni deyil. Kənddə hər şey daha şəffaf olur. Kənd mühitində savad və şüur o dərəcədə yüksək olmur. Kənddə bir evlə o biri evin arası ən uzağı, 25-30 metr olur. Bir adam öz evindən çıxıb kəndin başqa evinə gedəndə bütün kənd camaatı görür ki, filankəs hara getdi, niyə getdi. Ancaq şəhərdə elə deyil. Mən özüm 50 ildir şəhərdə yaşayıram. Şəhər kəndə baxmış bir az "bic” yerdir. Məsələn, şəhərdə 30 mərtəbəli bir binanın blokuna girən şəxsi jurnalist kimi sən də görə bilərsən, yazıçı kimi mən də. Amma nə sən, nə də mən deyə bilmərik ki, həmin adam 30 mərtəbəli binanın konkret olaraq hansı mənzilinə getdi və nə etdi. Yəni demək istəyirəm ki, şəhər yerində şəffaflıq mümkün deyil. Müəyyən hadisələri gizlətmək olur.

- Dövlət səviyyəsində müdaxilə deyəndə nəyi nəzərdə tutursuz?

- Bir neçə ay əvvəl cəbhə xəttində vəziyyət gərginləşəndə, bəzi KİV-lər ağzına gələni yazdılar. Amma dövlət rəhbərliyi məsələyə qarışandan sonra missiyasını bilməyən bəzi "jurnalist”lər də anladılar ki, hər informasiyanı vermək olmaz. Yəni dövlətin prosesə qarışması problemə son qoydu. "Şərq” qəzetinin qaldırdığı bu məsələ də çəkisinə və millətin gələcək taleyində oynayacağı rola görə çox-çox önəmlidir. Çünki bəzi əxlaqa zidd hadisələrin fərqinə varılmadan bütün media orqanlarında yayılması eyni zamanda həmin məsələnin təbliğinə və yayılmasına da xidmət etmiş olur. Görünür, bu məsələyə də rəhbərliyin reaksiyası lazımdır.

- Milli-mənəvi dəyərlərimizə və islam dininə zidd olan davranışların, əxlaqsız əməllərin qarşısını almaq üçün ən çox vurğulanan məsələlərdən biri də maarifləndirmə prosesinin düzgün qurulmasıdır. Sizin fikrinizcə, bu proses necə aparılmalıdır?

- Maarifləndirmə söhbətini çox işlədirlər. Amma anlamaq lazımdır ki, hər şeyin nüvəsində təhsil dayanır. Çünki təhsil milli şüuru formalaşdırır. Bu olmadıqdan sonra maarifləndirmə əhəmiyyətsiz bir şeyə çevriləcək. Mən bu yaxınlarda ABŞ-da oldum və 10 gün orada qaldım. Bizdə tez-tez müəllim mədəniyyəti, məmur mədəniyyəti, sürücü mədəniyyəti kimi ifadələr səsləndirirlər. Bunların hamısı "fulfulo” söhbətlərdir. Ayrıca bir ixtisasın və ya peşənin mədəniyyəti olmur. Nə qədər ki, biz bu məntiqə ilişib qalacağıq, müsbət heç nəyə nail ola bilməyəcəyik. Mən ABŞ-la bağlı yazdığım yazılarda qeyd etdim ki, Amerika xalqında milli şüur çox yüksəkdir. Amma onlarda ayrı-ayrı mədəniyyətlər yox, ümumilikdə Amerika mədəniyyəti anlayışı var.

- Siz cəmiyyət tərəfindən xoş qarşılanmayan qeyri-etik və aqressiv cinayət hadisələrinin başvermə səbəbindən danışarkən əhalinin rifah durumunu, sosial vəziyyətini də qeyd etdiniz. Belə çıxır ki, əgər hamı yaxşı yaşasa, cəmiyyətdə heç bir neqativ hadisə yaşanmayacaq?

- Biz yaxşı yaşamaq deyəndə təkcə məsələnin maddi tərəfini götürməməliyik. Məsələn, tutaq ki, biri evində cöngə saxlayır, gecə-gündüz onu bəsləyir, kökəldir və necə deyərlər, "qəşəng” vəziyyətə gətirir. Amma nə qədər böyüsə və inkişaf etsə də, o heyvanda şüur yaranmır. İnanın, cəmiyyətimizdə insan cildində olan o cür canlılar var. Onların hər şeyi, sərvəti, dövləti, "hörməti” olsa da, ən əsas amil olan milli şüurları yoxdur. Belə insanlardan hər cür hərəkəti gözləmək mümkündür. Yəni biz yaxşı yaşamaq deyəndə təkcə var-dövləti deyil, onunla yanaşı, milli şüuru da nəzərdə tutmalıyıq.

- Cəmiyyətə milli şüurun aşılanmasında qələm adamlarının rolu nə qədərdir?

- Qələm və milli şüur biri-birinə yaxın qonşudur. Amma məsələnin başqa tərəfi var. Sən jurnalist kimi uzaq başı yazarsan ki, ölkə təhsili aşağı səviyyəyə düşüb. Mən də yazıçı kimi problemi obrazlı şəkildə təsvir edərəm və ya hardasa çıxışımda deyərəm. Amma tənqidlərdən nəticə çıxardaraq, nöqsanları aradan qaldıranlar başqa strukturlardır. Yəni elə məsələlər var ki, onu hamı yox, konkret olaraq müəyyən qurumlar və ya şəxslər görməlidir. Bəzən deyirlər ki, Qarabağın getməyində bütün xalq günahkardır. Bu, ortaya atılmış ən dəhşətli ifadə və yanaşmadır. Çünki Qarabağın əldən getməyində konkret günahı olan şəxslər var. Sözümün canı var, ona görə söhbəti Qarabağa gətirdim. Tutaq ki, həmin məsələdə günahkar 15 nəfərdir. Ancaq biz 15 adamın günahını 9 milyon arasında böləndə həmin konkret təqsirli şəxslərin suçunu sıfıra endirmiş oluruq. Yəni 15 nəfərin hərəsinin bir ton günahı varsa, bunu 9 milyona böləndə hərəyə yarım qram düşür.

- Yazıçı və şairlərin rolunu vurğulamaqda məqsədim var idi. Şabrandakı olay gündəmə gələndə sosial şəbəkələrdə belə bir müzakirə açıldı. Dedilər ki, görkəmli yazıçımız İsmayıl Şıxlı "Dəli Kür” əsərində Cahandar ağanın evli bir qadını qaçırdığını təsvir edir. Müzakirəyə qoşulanların əksəriyyəti yazıçının həmin dövrün eybəcərliklərini göstərdiyini deyirdi. Amma fərqli fikirlər səsləndirənlər də vardı. Bir qələm adamı kimi sizin bu mövzuya münasibətiniz necədir?

- İsmayıl Şıxlı bizim ən böyük yazıçılarımızdan biridir. Dediyiniz epizodu da xatırlayıram. Amma orda yazıçı bu hadisəni müsbət mənada təbliğ etmir. Hətta xatırlayırsızsa, Cahandar ağa evə gələndə görür ki, qaçırtdığı qadın yoxdur. Onu xəbər alanda ağanın birinci arvadı deyir ki, "o quş bir gün öz yuvasına uçub getməliydi”. Yəni İ.Şıxlı bir yazıçı olaraq göstərir ki, belə şeylərin axırı yoxdur. Amma biz yenə də bisavadlığımızdan məsələni tərsinə yozuruq. Mən xalqımızın milli şüur məsələsi haqqında hələ 1988-ci ildə televiziyada çıxış edəndə öz sözümü demişəm. Millətin şüurunu nəzərə alaraq dedim ki, qərbin "demokratiya və azadlıq” dediyi şeyi Azərbaycan xalqına ildə bir dəfə Novruz bayramında plov yeyəndən sonra çay qaşığı ilə vermək lazımdır. Yəni biz bu vəziyyətdəyik. Gülməli və həm də son dərəcə ağlamalı...

- Söz yazıçılardan düşmüşkən, bir məsələyə də münasibətinizi öyrənmək istərdim. Bu günlərdə yazıçı Çingiz Abdullayevin mətbuata müsahibəsi zamanı öz qazancını və sahib olduğu maşınlarını qeyd etməsi gənc yazarların tənqidinə səbəb oldu. Bəzi yazarlar Ç.Abdullayevi özünü reklam etməkdə günahlandırdılar. Bu məsələ barədə nə deyə bilərsiz? Bəyəm, söz adamlarının yaxşı yaşamağa haqqı yoxdur?

- Çingiz Abdullayevlə mən tamam başqa janrların adamlarıyıq. Amma Ç.Abdullayev Avropada, ABŞ-da, Rusiyada çap olunur və bu sayədə Azərbaycanımızın adını təbliğ edir. Bu, mənim üçün xoşdur. Digər tərəfdən mən Çingiz bəyin xeyli müsahibəsinə qulaq asmışam və oxumuşam. O, heç vaxt deməyib ki, bu qədər maşını var, aylıq gəliri filan qədərdir və s. Ola bilər ki, bir dəfə bunu dilinə gətirib. Əgər kimsə halal zəhməti ilə, oğurluq etmədən, gecə-gündüz yazmaqla pul qazanırsa, var-dövlət sahibi olursa, özünə bir neçə maşın alırsa, buna yalnız sevinmək lazımdır. Amma sevinmək çox çətin şeydir. Çünki vurğuladığım kimi bizdə milli şüur aşağıdır. Ç.Abdullayevin pulunun çox olması onun kiminsə cibinə girməsi anlamına gəlmir. Allah ona istedad verib, o da bunun sayəsində pul qazanır. Onu ittiham edənlərin məntiqindən belə çıxır ki, müğənnilərin, "QAİ” işçisinin və ya başqa bir sahənin adamının yaxşı yaşamağa haqqı çatır, bircə yazıçıdan başqa. Atalarımızın bir məsəli var, deyir "qonşun üçün iki inək istə ki, sənin də bir inəyin olsun”. Əgər Çingiz Abdullayevin var-dövləti bəzi gənc yazarların gözünə girirsə, deməli, içimizdə sevgi hissi yox, paxıllıq hissi var.

- Necə düşünürsüz, sadaladığınız problemlərlə və vurğuladığınız milli şüurla cəmiyyətimiz inkişaf edə biləcəkmi?

- Qabağa getmək üçün möhkəm silkələnməliyik. Çünki uzun illərin tozu canımıza, qanımıza, hətta iliyimizə hopub. Üzərimizdəki tozu atmaq üçün bərk silkələnməli və səmimi olaraq bir- birimizi sevməliyik. Hər şeyin yolu sevgidən keçir. Əslində sevgi hamıda mövcuddur, amma var formalaşmış, bir də var formalaşmamış sevgi. Sevgini isə formalaşdıran təhsildir. Görürsüz, söhbəti hara fırlasaq, gəlib yenə təhsilə çıxır. "Molla Nəsrəddin” məktəbində belə bir hekayə var: - Adamın biri qazının yanına gəlib ona deyir ki, qonşu onun atının gözünü çıxardıb. Həmin qazı da milli şüurdan əziyyət çəkdiyinə görə ona deyir ki, heç nə olmaz, sən də gedərsən qonşunun atının gözünü çıxardarsan. İndi biz deyə bilmərik ki, əgər filankəs sənin arvadını götürüb qaçıbsa, sən də get onun arvadını qaçırt. Onda bizim də həmin qazıdan fərqimiz olmaz.

İsmayıl