“Seriallarımızın hamısı əttökəndir”

“Dövlət serial çəkilişi üçün niyə maliyyə ayırmalıdır ki...”



Bu kino həqiqətən də qəliz məsələ imiş. Artıq bir neçə ildir dövlət tərəfindən serialların çəkilişləri üçün külli miqdarda pul ayrılır, amma yenə də ortada dişə dəyər bir nəticə yoxdur. Əvvəllər kinorejissorlar, televiziyalar işin maliyyə problemini qabardırdılar ki, yerli seriallar çəkməyə bizim maddi-texniki bazamız imkan vermir.

Dövlət başçısının sərəncamı ilə bu məsələ öz həllini tapdı və hər il dövlət büdcəsindən bu sahəyə milyonlarla vəsait ayrıldı. Amma Azərbaycanda serialların çəkilişi özünü doğrultmadı. Artıq vaxt da daralmağa başlayıb. Vaxt deyəndə ki, bir neçə ildən sonra dövlət seriallara maliyyə yardımı ayırmayacaq. Maliyyə yoxdursa, deməli, inkişaf da yoxdu. Qeyd edək ki, Milli Televiziya və Radio Şurası sədri Nuşirəvan Məhərrəmli deyib ki, MTRŞ Azərbaycanda teleserialların çəkilişinə xüsusi sahə kimi baxmır. Məhərrəmli həmçinin bildirib ki, seriallarla bağlı məsələ müvəqqəti xarakter daşıyır: "Dövlət davamlı şəkildə serialların çəkilişi üçün vəsait ayırmayacaq. Bu, bir neçə il ərzində olan prosesdir. Ona görə də MTRŞ bu məsələyə xüsusi sahə kimi baxmır. Əgər biz bu məsələyə xüsusi bir sahə kimi baxsaq, o zaman bu sahə ilə bağlı ayrıca qurum yaranmalı və mövzuların seçilməsindən tutmuş, o mövzuların həyata keçirilməsinə, serialların çəkilməsinə qədər bir qurum nəzarət etməlidir. Bizim buna fiziki imkanımız yoxdur”.

Teleseriallarla bağlı cəmiyyətdə hələ tam fikir formalaşmadığını vurğulayan MTRŞ sədri vurğulayıb ki, Azərbaycanda kino sahəsi ilə Mədəniyyət və Turizm Nazirliyi məşğul olur. Onun sözlərinə görə, nazirlik kinolar çəkir və həmin kinoların çəkilişində də xüsusi mövzular yer tutur. N.Məhərrəmli əlavə edib ki, əgər MTRŞ televiziya kanallarında gedən verilişlərin məzmununa müdaxilə edə bilmirsə, o zaman serialların da məzmununa müdaxilə edə bilməz. Ölkədə serial çəkilişinə dövlət səviyyəsində maliyyə yardımı göstərilsə də, mütəxəssislər də serialların səviyyəsini qənaətbəxş hesab eləmirlər. Aktyor, rejissor, ssenari müəllifi Şeyx Əbdül Azərbaycan telekanallarında nümayiş etdirilən serialların səviyyəsindən narazı qaldığını dilə gətirib: 
"Hazırda Azərbaycan cəmiyyəti böyük kino istehsalı dayandırıldıqdan sonra peşəkar olmayan, adi kameralarla çəkilən filmləri onlarla qarışıq salırlar. Hamı bir dildən deyir ki, guya, Azərbaycanda kino yoxdu, kino çəkilmir. Bəli, sözün həqiqi mənasında, bu gün Azərbaycanda böyük film anlayışı yoxdur. Bu gün özfəaliyyət səviyyəli aktyorlarla, qeyri-peşəkarcasına, küçədən gəlmə kimlərinsə sifarişi ilə çəkilmiş seriallar, sözsüz ki, böyük kino adlandırıla bilməz. Bunun da mahiyyəti, dramaturgiyası, xəlqilik ideologiyası səviyyəli kinonun tələblərinə qətiyyən uyğun gəlmir. Burada kiçik də olsa, iş görülür, amma çox təəssüflər olsun ki, milli-mənəvi dəyərlərə və bütün beynəlxalq səviyyələrə cavab verə biləcək peşəkarlıqdan danışmaq gülüncdür və yersizdir. Belə şeylər yoxdur, hərə bir televiziyanın nəzdində bir qrup düzəldib və kinodan, kino mədəniyyətindən xəbəri olmayan adamlar xarici filmlərdən, seriallardan görüb-götürdüklərini qeyri-peşəkarcasına səhnələşdirirlər, çəkirlər. Bunun da adını qoyurlar ki, biz film çəkmişik. Yenicə yerlərindən duran uşaqlardır. Bunların da 90 faizi gülməli olmağa cəhd edən uşaqlardır. Onların komediyası da ya eybəcər ləhcə ilə danışmaqda, ya da özlərini eybəcər şəkildə arvad obrazına salmaqdadır. Cəfəngiyyatdır, insan hətta belə şeylərdən danışmağa da iyrənir. Bu yollarla özlərinə imic formalaşdırırlar. Sanki qəsdən insanların zövqünü korlayırlar. Bunların hamısı əttökəndir”.
MTRŞ sədrinin dövlətin bir neçə ildən sonra serialların çəkilişi üçün vəsait ayırmayacağı ilə bağlı açıqlamasına gəldikdə isə kinorejissor bildirib ki, milli kinonun inkişafından danışanda dövlət maliyyəsi olmamalıdır, ölkəni dünyada tanıtmaq üçün kino vasitələrdən biridir: "Sirr deyil ki, kinorejissorların maliyyə maraqları var. Onlar burjuaziya mentalitetində olan rejissorlardır. Belə rejissorlar hesab edirlər ki, kino vəsait tələb edir və büdcəsiz çəkmək məsləhət deyil. Və kino sənətində belə yazılmamış qanun var ki, bunlar olmadan uğur qazanmaq olmaz. Əgər kinorejissorun ürəyində nəsə varsa, onu maliyyə olmadan da çəkə bilər. "Mənim ürəyimdə söz var, amma deməyə maliyyə yoxdur” deyən rejissor bəhanə edir. Kino dövlətin sferasına daxil olduğu üçün maliyyə ayrılmalarının olması arzuolunandır. Əgər Qarabağla, "20 yanvar” hadisəsi ilə bağlı film çəkmək gərəkdirsə, bunu maliyyəsiz etmək olmaz. Amma bu gün çəkilən bayağı seriallara dövlətin maliyyə ayırmasına lüzum yoxdur. Onsuz da efirə gedən serialların heç biri xalqa xidmət etmir, əksinə, millətin zövqünü korlayır. Bəzi hallarda isə tamaşaçıların əsəbləri ilə oynayır”.

Şəymən