Banan gözdən düşdü

Xaricdən gətirilən meyvələrdə “Ebola” ola bilər



Dünyanı caynağına alan "Ebola” təhlükəsi gün keçdikcə artmaqdadır. İndi də bananın bu virusun daşıyıcısı olduğuna dair şayiələr dolaşır.

Qeyd edək ki, banan "Ebola” virusunun geniş yayıldığı Afrika və Cənubi Amerika ərazilərində yetişdiyi üçün meyvənin bu qorxulu virusun daşıyıcısı ola biləcəyi ehtimalı irəli sürülür.

Bananın "Ebola” daşıyıcısı olması ehtimalına münasibət bildirən respublikanın baş pediatrı Nəsib Quliyev isə hər birimizin faydalı meyvə kimi tanıdığımız bananın ümumiyyətlə, uşaqlar üçün yararsız olduğunu deyib. Bu meyvənin bir çox ailələrdə uşaqların əsas qidasına daxil edildiyini təəssüflə vurğulayan pediatr bananın "Ebola” virusunun daşıyıcısı olmasına gəldikdə isə bu barədə məlumatsız olduğunu deyib: "Bananın virus daşıyıcısı olması haqqında nə eşitmişəm, nə də məlumatım var. Bu ola da bilər, amma reallığını təsdiq edəcək faktla qarşılaşmamışam”.

Həkim iddia edib ki, bizim ölkəyə gətirilən bananları yetişməmiş palmalardan yığırlar, hansı ki, bu meyvələr dəmir kimi olur: "Kal-kal yığıb Azərbaycana gətirir, uzun müddət burda anbarlarda saxlayırlar, saralanda, yəni xarab olanda satışa çıxarırlar. Əslində banan palma ağacında yetişməlidir. Ağacda yetişdikdən sonra dərilən banan istifadəyə tam yararlıdır. Bizim iqlimlə, torpaqla uyğunlaşan qida olmadığından bananın Azərbaycanda istifadəsi də məqbul sayılmır. Bu meyvə isti iqlimi olan Afrika ölkələri üçün daha yararlıdır. Mən həkim kimi bananı Azərbaycanda uşaqlara məsləhət görmürəm”.

Banan vasitəsilə "Ebola” virusunun Afrika ölkələrindən Azərbaycana gətirilməsinin mümkün olmadığını deyən Azərbaycan Səhiyyə Nazirliyi Respublika Taun Əleyhinə Stansiyanın direktor müavini Şair Qurbanov bildirib ki, yalnız bananla deyil, kofe ilə bağlı da insanlar arasında belə narahatlıq yarana bilər. Amma bananda olduğu kimi, kofe ilə də virusun ölkəyə gətirilməsi mümkün deyil: "Bəlkə insanlar fikirləşirlər ki, Afrika ölkələrində insanların əlləri banana, kofeyə dəyib, virus da onda qalıb. Bu, mümkün deyil, nə viruslar, nə də bakteriyalar açıq havada çox yaşaya bilməz”.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti Respublika Nəzarət Toksikologiya Laboratoriyasının rəhbəri Yaqub İbrahimov da meyvə ilə virusun ölkəyə gətirilməsinin inandırıcı olmadığını deyib. O, rəhbəri olduğu laboratoriya tərəfindən ölkəyə gətirilən bananların tərkibində ona verilən gübrənin və ağır metalların miqdarının yoxlanıldığını qeyd edib. Əgər bu göstəricilər normadan artıq olursa, onda onların satılmasının qarşısı alınır. Bananın insan orqanizmi üçün faydalı olduğunu, xüsusilə uşaqların immunitetini qaldırdığını deyən Y.İbrahimov bildirib ki, hazırda ölkəyə gətirilən bananların tərkibi normaldır və onlarla bağlı narahatlığa əsas yoxdur.

Tibb və fəlsəfə elmləri doktoru Şəmsiyyə Namazova isə "Ebola” virusunun meyvədən keçmə ehtimalını istisna etməyib. Onun sözlərinə görə, bananın "Ebola” virusunun daşıyıcısı olması onun hansı ölkədən və necə gətirilməsindən asılıdır: "Virusun temperatura dözümlülük dərəcəsi də var. Bananın tam olaraq ölkəmizə hansı temperaturda olan ölkələrdən gətirildiyini deyə bilmərəm. Amma banan ölkəmizə konkret olaraq "Ebola” virusunun aşkarlandığı ölkələrdən gəlirsə, həmin virusun Azərbaycanda da yayılması istisna deyil. Çünki banan həmin torpaqda yetişdirilir və onu məhz həmin ölkənin vətəndaşları yığır. Virus da ötürücü olduğu üçün qabaqlayıcı tədbirlər görülməlidir. Təbii ki, onun daşındığı yollardan və gətirilmə şəraitindən də çox şey asılıdır. Odur ki, biz öz tədbirimizi əldən qoymamalıyıq”.

Bananın bir az təhlükəli meyvə olduğunu vurğulayan Ş.Namazovanın sözlərinə görə, bəzi ölkələrdə banan yaşıl şəkildə satılır. Bizə gəlib çatana qədər isə saralır, bəzi hallarda isə qap-qara yanır. Həkimin sözlərinə görə, "Ebola” daşıyıcısı olub-olmamasından asılı olmayaraq bütün meyvələri yeməzdən əvvəl yumaq lazımdır. Əks halda, hər bir meyvə insan orqanizmi üçün təhlükəlidir: "Adətən bizdə qabıqlı meyvələri yumurlar ki, onsuz da qabığı atılır. Xeyr, yumamış yeyəndə onun qabığındakı mikrob artıq bizim əlimizə, ordan da meyvənin içinə hopmuş olur”.

Hələ ki, dünyada "Ebola”ya qarşı vaksinlərin tapılmadığını vurğulayan Ş.Namazovanın sözlərinə görə, Azərbaycan bu bəladan sığortalanmaq üçün müvəqqəti olaraq virusun yayıldığı ölkələrlə sərhəd-keçid məntəqələrinin bağlanmasının məqsədəuyğun olduğunu deyib. Ən azı bu təhlükədən bir neçə faiz olsa da, özümüzü sığortalamış olarıq.

Şəymən