Puç olmuş arzular...

Qara dərili ginekoloq Leyla Yunusdan fərqli olaraq daha faydalı işlərlə məşğul olur


Barəsində həbs-qətimkan tədbiri seçilmiş Leyla Yunusun "Saxarov” mükafatı gözləntisi gerçəkləşməyib. L.Yunusu dəstəkləyən daxili və beynəlxalq çevrələrin bütün ciddi-cəhdlərinə baxmayaraq, Avropa Parlamentinin təsis etdiyi "Saxarov” mükafatı Konqo Demokratik Respublikasından olan ginekoloq Denis Mukveqeyə təqdim olunub. Yəni "Saxarov” mükafatı "siyasi mamaça”ya yox, həqiqi ginekoloqa verilib.

Son günlər xarici mətbuatda onun namizədliyinin lehinə fəal kampaniya aparılsa da, maraqlı dairələr və erməni lobbisi məkirli niyyətlərinə nail ola bilməyiblər. Görünür, nəticədə Avropa Parlamenti də bu qənaətə gəlib ki, konqolu ginekoloqun kasıb Afrika ölkəsində qadınların doğuş zamanı ölməsini azaltmaq uğrunda fəaliyyəti satqın "hüquq müdafiəçisi”nin fəaliyyətindən daha əhəmiyyətlidir. Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib ki, əgər Avropa Parlamenti mükafatı Leyla Yunusa versəydi, insan haqları üzrə həmin mükafatı nüfuzdan salmış olacaqdı: "Bu mükafatı təqdim edən insanlar da bilirlər ki, Leyla Yunusun kifayət qədər bu və ya digər formada cinayət işində adı gedir. Vətənə xəyanət, Azərbaycanda olan hərbi, dövlət sirlərini digər düşmən dövlətə satma, vergidən yayınma və s. maddələrlə ittiham olunur və istintaq gedir”. YAP rəsmisinin sözlərinə görə, belə halda kiməsə mükafatın verilməsi istintaqın gedişatına təsir edərdi: "Əvvəlcə Leyla Yunus və onun kimi xainlərə qrantlar verərək onları öz çirkin məqsədləri üçün istifadə edən dairələr planlarını ört-basdır etməkdən ötrü onlara tələm-tələsik hər hansı mükafat verib, azadlığa buraxmaq istəyirdilər ki, izi itirsinlər. Artıq istintaq bu məsələlərin izinə düşüb. Yəqin ki, yaxın vaxtlarda açıq şəkildə keçirilən məhkəmədə Azərbaycan xalqı, dünya ictimaiyyəti görəcək ki, bunlar hansı cinayət əməllərini törədiblər”. S.Novruzov deyib ki, insan çalışmalıdır ki, öz vətəninin, dövlətinin hərbi, quruculuq, təhsil və s. sahəsində olan əsas dövlət mükafatlarını alsın: "Vətəninə, xalqına, insanlara, cəmiyyətə xidmətlərə görə bu mükafatları almaq daha vacib şərtdir. Hansısa mücərrəd mükafatı almaq üçün dövlətə xəyanət yolunu tutmaq yolverilməzdir”.

Demokratik Maarifçilik Partiyasının sədri, politoloq Elşən Musayev belə bir nəticəni Avropanın da Leyla Yunusun hansı məqsədlərə xidmət etdiyini anlaması ilə əlaqələndirib: "Bizim el dilində məşhur bir deyim var: "arım var, arım var - eşşək arısı”. Bu, təxminən həmin nəticəyə bənzəyən bir şeydir.

Öz vətəndaşından dəstək ala bilməyən L.Yunus bütün ümidlərini beynəlxalq mükafatlara bağlayıb. Leyla Yunusun "Saxarov” mükafatı ətrafında birbaşa erməni lobbisinə xidmət edən insanlar tərəfindən təbliğatının aparılmasına baxmayaraq, ən yaxşı halda onun namizədliyini irəli sürə bildilər. Nəticə isə yenə də göz qabağındadır. Bu, nə deməkdir? O deməkdir ki, hərdən Avropada da kritik məqamlarda ağıllı düşünən, ən azı Leyla Yunusu tanıyacaq səviyyədə insanlar var. Leyla Yunusun dəstəkçiləri, onun adından öz maraqları üçün faydalanmağa çalışanlar və ya elə o ağılda olanlar onun əməlli-başlı insan hüquq və azadlıqları aşiqi obrazını yaratmışdılar. Halbuki Leyla Yunusun heç bir zaman insan hüquq və azadlıqlarına dəxli olmayıb. O, insan hüququnun deyil, erməni və Ermənistan aşiqi olub. Onun indiyə qədər tərtib etdiyi "siyasi məhbus” siyahılarında siyasətə və siyasi məhbus anlayışına uyğun gəlməyən şəxslərin adı salınıb və bunun da səbəbləri hamımıza bəllidir. Leyla Yunusun "Saxarov” mükafatı ilə bağlı məsələsində simvolik anlam da var. Mükafatın bir ginekoloq ixtisasında olan həkimə verilməsi maraqlıdır. Konqolu həkim cəmiyyətə insanların bəxş edilməsinin təminatçısı vəzifəsini yerinə yetirir. Leyla Yunus isə cəmiyyətə saxta qadın obrazının fonunda zəhərləyici, qorxulu bir işin təminatçısı rolunda çıxış edir. İnanın ki, onun rəqibi ginekoloq deyil, bağban belə olsaydı, Leyla Yunus yenə də uduzacaqdı. Ortada törədilən cinayətlər və faktlar var. L.Yunus ən yaxşı halda Sarkisyan mükafatına layiq görülə bilər”.

İnsan Hüquqları XXI Əsr Fondunun sədri Şahin Camalov bildirib ki, Leyla Yunusun adının Avropa Parlamentinin insan haqları üzrə Saxarov mükafatı namizədliyinə salınması yanlış addım idi. O qeyd edib ki, L.Yunus bu cür mükafatlara layiq fəaliyyət göstərmirdi: "Leyla Yunus nə hüquq müdafiəçisi kimi ciddi fəaliyyəti mövcud idi, nə də vətəndaş mövqeyindən çıxış edirdi. Ümumiyyətlə, Leyla Yunus vətənini, xalqını sevən bir insan deyildi”. Onun sözlərinə görə, bu mükafatın L.Yunusa verilməməsi mükafatın təsisçilərinin öz səhvlərini anlaması kimi qiymətləndirilməlidir.
Politoloq Elçin Mirzəbəylinin sözlərinə görə, Leyla Yunusun hava limanından başlayaraq son günlərə qədər atdığı addımlar öncədən planlaşdırılmış, məqsədyönlü şəkildə həyata keçirilən ssenarinin tərkib hissəsidir. Onun fikrincə, belə addımlar bir daha sübuta yetirir ki, bu şəxsin niyyəti onu istiqamətləndirən, yönəldən beynəlxalq təşkilatların mükafatını almaq, bu vasitə ilə də ayrı-ayrı qüvvələrin əlində Azərbaycan dövlətinə qarşı təzyiq elementinə çevrilməkdən ibarətdir: "Leyla Yunusun son bəyanatlarının arxasında da bu dayanır. Beynəlxalq təşkilatların və ombudsman aparatının nümayəndələrinin onun saxlanma şəraiti, həkimlərin müayinələri ilə tanış olmalarına baxmayaraq, Leyla Yunusun bəyanatları davam edir. Bu da onu sübut edir ki, onun fəaliyyəti məqsədyönlü, ardıcıl şəkildə aparılan kampaniyanın tərkib hissəsidir”.

İsmayıl