ABŞ Türkiyəni şantaj edir

Kobanidə PKK-nın silahlandırılması Türkiyəyə problem yaradacaq



Türkiyənin Kobanidəki döyüşlərlə bağlı qərarı və İŞİD-ə qarşı mübarizədə konkret addım atmaması rəsmi Vaşinqtonun Kobanidə döyüşən kürd qüvvələrinə silah-sursat yardımını artırmasına səbəb olub. ABŞ hökumətinin Kobanidəki PYD-YPG qüvvələrinə silah verməsi isə Türkiyənin etirazına səbəb olub. Prezident Rəcəb Tayyib Ərdoğan Amerikanın Kobani üçün bu qədər canfəşanlıq etməsini qınayıb.

Ərdoğan deyib ki, Vaşinqtonun Suriyanın digər şəhərləri üçün deyil, yalnız Kobani üçün can yandırması başqa məqsədlərdən xəbər verir. Vaşinqton isə bəyan edib ki, Suriyada döyüşən kürd təşkilatlarını, o cümlədən YPG-ni terror təşkilatı hesab etmir. Ona görə də bu təşkilata yardım edir. Məlumat üçün bildirək ki, bir aydan çoxdur ki, şiddətli döyüşlərin getdiyi Kobaninin yalnız Türkiyə sərhədi açıqdır və Türkiyə ordusu bu günə qədər də sərhəddən silah-sursat keçirilməsinə icazə vermir. Oktyabrın 20-də isə ABŞ Kobanidəki kürd qüvvələrinə 21 ton silah yardımı edib. Silahlar havadan kürdlərin olduğu ərazilərə paraşütlə atılıb. Silah-sursat paraşütlərindən bir neçəsinin İŞİD-in əlinə keçdiyi bildirilir.

Bu barədə "Şərq”ə danışan politoloq Elçin Mirzəbəyli deyib ki, ABŞ-ın kürd separatçılarını silahlandırması Türkiyəni şantaj etmək məqsədi güdür. Görünür, rəsmi Vaşinqton Türkiyəni bütövlükdə İŞİD-ə qarşı quru qoşunları hərəkatında istifadə niyyətindədir: "Türkiyə koalisiyaya qoşulmaqla bağlı qərar qəbul etsə də, bu məsələdə tərəddüd edir. Bu baxımdan kürd qruplaşmalarının silahlandırılması bir növ Türkiyənin qıcıqlandırılmasına xidmət edir. Onsuz da regionda baş verən siyasətlə bağlı rəsmi Vaşinqtonla Ankara arasında ciddi fikir ayrılıqları yaranıb. Əslində problem İraq məsələsindən başlayıb, indi isə daha kəskin mərhələyə qədəm qoyub. Şübhəsiz ki, ABŞ super dövlətdir və Türkiyənin üzv olduğu hərbi alyansın aparıcı qüvvəsidir. Bu baxımdan rəsmi Ankara bir çox məsələlərdə ABŞ-a qarşı durmaq gücündə deyil. Lakin bununla yanaşı, Türkiyənin öz maraqları var”. E.Mirzəbəylinin sözlərinə görə, PKK-ya və digər kürd separatçı təşkilatlarına ABŞ-ın silah dəstəyi yeni deyil: "Əgər indiyə qədər ABŞ-ın və regionda marağı olan digər qüvvələrin kürdlərə yardımı olmasaydı, PKK "ayaq üstündə” dayana bilməzdi. Söhbət ondan gedir ki, indiyə qədər proses qapalı şəkildə həyata keçirilirdi”.

"Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi ekspert Ərəstun Oruclu isə hesab edir ki, Kobanini qoruyan kürd birləşmələrinin silahlandırılması heç də PKK-nın gücləndirilməsi və ya iddia edildiyi kimi "Kürdüstan dövləti”nin yaradılması anlamına gəlmir: "ABŞ-ın bu məsələdə yeganə marağı İŞİD-in Suriyanı öz nəzarəti altına salmasına imkan verməməkdir. Bunun arxasında heç bir siyasi arqument dayanmır. Əksinə, bölgədəki kürd qruplaşmalarına yardım edilməsi bu qüvvələrin zamanla ABŞ-ın təsiri altına düşməsinə gətirib çıxara bilər ki, bu da müttəfiq Türkiyə dövlətinə fayda gətirər. Amma Türkiyənin bu məsələdə narahatlığı başadüşüləndir. Çünki müharibənin getdiyi Kobani bu dövlətlə sərhəddir və həmin bölgədə yerləşən kürd birləşmələri terrorçu PKK-nın əsas dəstəkçisi hesab olunur”.

İsmayıl