“Azərbaycan”ın ilk sayı çıxanda Vəzirov məni çağırdı”

Sabir Rüstəmxanlı: “...O hirsli şəkildə dedi ki, bu qəzet hazırda Qorbaçovun stolunun üstündədir”



Dünən Beynəlxalq Mətbuat Mərkəzində Vətəndaş Həmrəyliyi Partiyası tərəfindən "Azərbaycan” qəzetinin 25 illik yubileyi ilə bağlı "dəyirmi massa” keçirildi. Tədbirdə millət vəkilləri, KİV rəhbərləri və qəzetin keçmiş əməkdaşları iştirak ediblər. İştirakçılar və qonaqlar qəzetin o zaman vəziyyətini təhlil edərək, qəzetin ümumi fəaliyyətinə nəzər salıblar. Həmçinin, qəzetin onların həyatında oynadığı rolundan danışıblar.

Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili, müstəqil "Azərbaycan” qəzetinin qurucusu Sabir Rüstəmxanlı milli-demokratik mətbuatımızın ilk qaranquşu olan "Azərbaycan”ın keşməkeşli yolundan, qəzetin Azərbaycan mətbuat tarixindəki xüsusi yerindən danışıb: "Zərdabidən başlayaraq Azərbaycan mətbuatının öz ənənələri var. Bunun davamı olan 1988-ci ildən başlayan bir ənənə də var: "Azərbaycan” qəzeti həmin illərdə yarandı və o qəzeti yaradanların bir çoxu bu gün dünyadan köçüb. 80-ci illərin sonlarında həqiqəti deyən qəzetlərimiz yox idi. Düzdür, o zaman qəzetlər var idi, ancaq onlar geniş yayılmamışdı. Buna da səbəb o zaman hakimiyyətin buna imkan verməməsi idi. Biz Qarabağa Xalq Yardımı Komitəsi yaratdıq və ozamankı hökumətə bu komitənin tərkibində, məhz Qarabağa dair qəzet yaratmaq niyyətimin olduğunu dedim”.

S.Rüstəmxanlı qəzetin birinci nömrəsinin necə çıxmasından da söz açıb: "Qəzetin ilk sayı hazır olan zaman nəşriyyatdan zəng etdilər ki, qəzet çapa hazırdır. İlk nömrənin çıxması bütün redaksiyanı sevindirdi: "Qəzet çox sürətlə yayıldı və bir müddət sonra Vəzirov məni çağırdı. O hirsli şəkildə dedi ki, bu qəzet hazırda Qorbaçovun stolunun üstündədir. Danışa-danışa qəzetin səhifələrini cıraraq üstümə atırdı. Mən də həmin cırılmış səhifələri qucağımda yığıb toplayırdım. İkinci nömrədən nəşriyyat qəzetin çapından imtina etdi. Sonra bizi bir neçə mətbəəyə göndərdilər. Amma sonra qəzet məşhurlaşdıqca tiraj 500 minə yüksəldi. Bir gün işə gələndə gördüm avropasayağı geyimli insanlar oturub və bildirdilər ki, qəzet çıxarmaq istəyirlər. Mən onlara bu qəzeti çətinliklə çıxardığımı qeyd etdim və söylədim ki, öz qəzetimizin içərisində əlavə kimi çıxararam. Daha sonra 1991-ci ildə Azərbaycan müstəqillik qazandıqdan sonra təklif etdim ki, bu Milli Məclisin orqanı olsun. Necə ki, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin parlamentinin bu adda qəzeti olub”.

S.Rüstəmxanlı əlavə edib ki, bu gün "Azərbaycan” qəzetinə deputat həmkarı Bəxtiyar Sadıqov rəhbərlik edir: "Düzdür, qəzetin 90 illiyində bizim adımızı çəkməmişdilər, bununla bağlı narazılığımı bildirmişdim. Amma bu oldu keçdi”.

Sonra milli-azadlıq hərəkatı uğrunda canından keçmiş şəhidlərimiz, qəzetin dünyasını dəyişmiş əməkdaşlarının ruhu bir dəqiqəlik sükutla yad edildi.

Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, o dövrdə nəşr olunan qəzet ictimai-siyasi həyata təsir etməklə yanaşı, Azərbaycan ədəbi dil normalarına tam riayət edirdi. Onun sözlərinə görə, bu gün qəzetçilik ənənələrinə riayət edən qəzetlər çox azdır.

Millət vəkili Elmira Axundova 1988-ci ildə S.Rüstəmxanlının dəvəti ilə yenidən jurnalistikaya gəldiyini söyləyib: "Azərbaycan” qəzetində fəaliyyətə başlamışam. Mənə burada S.Rüstəmxanlı ilə yanaşı, Bayram Bayramov da köməklik göstərib. 1990-cı il seçkilər ərəfəsində Heydər Əliyev Naxçıvandan deputat idi və ona qarşı təzyiqlər var idi. Həmin vaxt ondan Moskva üçün müsahibə almışdım, amma onu ümumiyyətlə heç bir qəzet çap etmirdi. Sabir bəyin yanına gəldim və bildirdim ki, bunu çap edək. Həmin yazı 1991-ci il martın 1-də 500 min tirajla çap olunan qəzetdə işıq üzü gördü. Həmin qəzetin nömrəsinin bir nüsxəsini aparıb Heydər Əliyevə təqdim etdim. Bu addım Sabir Rüstəmxanlı tərəfindən cəsarətli addım idi”.

"Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov da tədbir iştirakçılarına qəzetlə bağlı fikirlərini bölüşüb: "Azərbaycanda 123 il senzura nəzarətilə mətbuat fəaliyyət göstərib. XX ərsin 80-ci illərinin sonlarında qəzetçilikdə vəziyyət başqa idi. Həmin vaxt azad fikirlərin yer aldığı qəzetlərin çap olunması böyük şücaət tələb edirdi. Belə bir vaxtda "Azərbaycan” qəzetində həqiqətlərin iki dildə insanlara çatdırılması çox yaxşı hal idi”.

B.Sadıqov S.Rüstəmxanlının yubiley narazılığı məsələsinə də münasibət bildirərək qeyd edib ki, AXC dövründən çıxan qəzet 37 gün bundan əvvəl 90 illiyini qeyd edir: "Amma siz də indi bu qəzetin 25 illiyini qeyd edirsiz. Nəzərə çatdırım ki, bu "Azərbaycan” qəzeti cümhuriyyət dövründəki kimi parlamentin qəzeti yox, Qarabağa Xalq Yardımı Komitəsinin tərkibində nəşr edilib. Siz mətbuat naziri olduqdan sonra bu qəzetlə Milli Məclisin "Həyat” qəzeti birləşdi. Sizin qəzet o zaman cümhuriyyət dövründə nəşr edilən "Azərbaycan” qəzeti kimi dövlətin mətbu orqanı olmayıb, daha çox müxalif mövqedə dayanıb”.

Millət vəkili Aqil Abbas isə qəzetin sonradan nəşr edilən digər qəzetlər üçün nümunə olduğunu diqqətə çatdırıb: "Azərbaycan” qəzeti sonradan çıxan digər qəzet fəaliyyətinin strukturu əsasında yaradılıb. Rəhbərlik etdiyim "Ədalət” qəzetini yaradanda bu qəzetin iş strukturu əsasında yaratmışam. Bu qəzet milli amalımızın carçısı olub”.

ANS şirkətlər qrupunun vitse-prezidenti Mirşahin Ağayev "Azərbaycan” qəzetindəki fəaliyyəti barədə danışarkən bugünkü "Xəbərçi”nin əsasının, məhz bu qəzetdə qoyulduğunu açıqlayıb: "Bu qəzetdə olan insanlarla çalışmaq özü böyük bir məktəbdir. Bu qəzet ciddi jurnalistlərin mətbu məcmuəsi olub. Fəxr edirəm ki, belə bir qəzetin işçi heyətinin tərkibində mən də yer almışam”.

Politoloq Cümşüd Nuriyev "Azərbaycan” qəzetinin redaksiyasında başqa ixtisas sahiblərindən biri olduğunu gizlətməyib: "Bu qəzet ilk dəfə xalq tərəfindən maliyyələşən mətbu orqan idi. Şəxsən mən bu qəzetdə yetişdim və bir ildən sonra Jurnalistlər İttifaqının üzvü oldum. Orada itirdiyimiz zamanla Azərbaycana çox şey qazandırdıq”. Tədbir digər qonaqların çıxışları ilə davam etdirilib.

Qeyd edək ki, müstəqil Azərbaycan dövlətinin ilk ümummilli qəzeti olan "Azərbaycan”nın ilk nömrəsi 1988-ci il oktyabrın 1-də çapdan çıxıb.

Vüqar Şahinoğlu