Hansı partiyalar bələdiyyə seçkisinə qatılır?

Müsavat və AXCP hələ qərar verməyib, digər partiyalarda isə gərgin iş gedir



Dünəndən bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesinə start verilib. Qanunvericiliyə əsasən seçkilərinin təyin edilməsi barədə MSK-nın qərarı dərc edildiyi gündən bələdiyyə üzvlüyünə namizədlər irəli sürülə bilər. Namizədlərin irəli sürülməsi proseduru seçki gününə 30 gün qalana qədər davam edəcək. Təşviqat kampaniyası isə seçkilərə 23 gün qalmış başlayacaq və bir gün qalmış başa çatacaq. Seçiləcək bələdiyyə üzvlərinin sayı da açıqlanıb. Komissiyanın mətbuat şöbəsindən verilən məlumata görə, bələdiyyə seçkiləri zamanı 15 min 35 nəfər bələdiyyə üzvü seçiləcək.

Xatırladaq ki, MSK bələdiyyə seçkilərinin dekabrın 23-də keçirilməsi barədə qərar qəbul edib və seçkilərin ədalətli, şəffaf şəkildə keçirilməsi ilə bağlı tədbirlər planı hazırlayıb. Amma prosesin başlanmasına və seçki gününün yaxınlaşmasına baxmayaraq, hələlik ölkənin siyasi partiyalarının əksəriyyəti seçkilərə qatılmaq barədə yekun qərar verməyiblər. Hakim Yeni Azərbaycan Partiyası isə bələdiyyə seçkilərində fəal iştirak edəcəyini, ən azı ötən seçkilərin nəticələrini təkrarlamağı, ya da daha uğurlu nəticə ortaya qoymağı qarşısına məqsəd qoyub.

Bələdiyyə seçkisində iştirakla bağlı danışan Müsavat partiyasının başqan müavini Gülağa Aslanlı deyib ki, oktyabrın 25-də keçiriləcək iclasda bu barədə yekun qərar veriləcək: "Biz bələdiyyə seçkiləri ilə bağlı son qərarı Müsavatın Məclisində verəcəyik. Düzdür, bununla əlaqədar əvvəl qərarımız olub. Amma növbəti məclisdə bələdiyyə seçkiləri müzakirəyə çıxarılacaq. Biz mövcud şəraitdə partiya üzvlərinə bələdiyyə seçkilərində iştirak etməklə bağlı sərbəstlik vermək istəyirik. Bu haqda məclisin qərarı var. Müsavat partiyasının üzvləri fərdi surətdə seçkilərdə iştirak edə bilərlər. Yəni ilkin qərar belədir”.

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı da seçkilərlə bağlı mövzuya aydınlıq gətirərkən yaxın vaxtlarda məsələyə baxılacağını bildirib: "Bələdiyyə seçkiləri ilə bağlı AXCP-də müzakirələr aparılmayıb. Məsələ müzakirə olunaraq qiymətləndiriləcək. Təbii ki, burada təkcə partiyanın rəhbər strukturunun yanaşması deyil, eyni zamanda partiya üzvlərinin seçkiyə münasibəti də öyrənilərək, münasib qərar çıxarılacaq. Məsələ ilə bağlı son qərar olmadığından, iştirak və ya baykot variantlarından hansının seçiləcəyi məlum deyil. Yəqin ki, yaxın vaxtlarda münasibətimizi ortaya qoyacağıq”.

Klassik Xalq Cəbhəsi Partiyasının sədr müavini Xəzər Teyyublu vuğulayıb ki, artıq mərkəzi seçki qərargahı işinə başlayıb və yerlərə təlimatlar göndərilib: "Rayon şöbələrində namizədlərin siyahısı hazırlanır. Demək olar ki, Naxçıvan istisna olmaqla, bütün şəhər və rayon şöbələrində namizədlərimiz olacaq. Bütün rayon təşkilat şöbələrində iclaslar keçirilib, tapşırıqlar verilib”.

X.Teyyublu özü də daxil olmaqla partiya rəhbərliyində namizədlərin olacağını deyib: "Əslində ölkədə seçki mühiti yoxdur, seçki işi zəifdir. Hər halda bu imkanı da dəyərləndirmək lazımdır. Partiyamızın gücü, potensialı var. Ölkəyə müstəqillik gətirmiş insanlar təşkilatımızın üzvüdür və onların haqqı çatır ki, seçkilərdə iştirak etsinlər. Şəxsən özüm də Nərimanov rayon seçki dairəsindən namizədliyimi vermək niyyətindəyəm”.

Azərbaycan Demokrat Partiyasının sədr müavini Həsrət Rüstəmov bələdiyyə seçkilərinə marağın olmadığını deyib: "Rəqabət böyükdür və seçilmə şansı çox məhduddur. Bu baxımdan partiyada təmsil olunan heç kimi seçkiyə qatılmağa məcbur etmək istəmirik. ADP seçkilərdə çox məhdud bir kampaniya ilə iştirak edəcək. Rayon təşkilatlarına tapşırmışıq ki, əgər kim könüllü istəyirsə, namizədliyini verə bilər. Partiyamız həmin şəxslərə kömək etmək funksiyasını üzərinə götürəcək. Amma hələlik bizdə seçkiyə qatılmaq istəyənlərin dəqiq sayı yoxdur”.

AMİP-in Mərkəzi Şurasının üzvü Əli Oruclu isə tələsməyə ehtiyac olmadığını bildirib: "Kimlərin namizəd olacağı məsələsi partiyada müzakirə olunur. Amma kampaniya təzə başlayıb. Kifayət qədər vaxtımız var. Çalışırıq ki, həm keyfiyyət, həm də kəmiyyət baxımından bu prosesdə daha fəal olaq və uğurlu nəticə əldə edək.

BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı təmsil olunduğu partiyanın bələdiyyə seçkilərinə çox ciddi hazırlaşdığını deyib: "56 rayonda yerli şöbələrimiz, 10 min üzvümüz var. Sonuncu bələdiyyə seçkilərində 3-cü yeri tutmuşduq. Bu seçkidə isə daha irəli getmək niyyətindəyik. Bütün gücümüzü seçkiyə yönəltmişik. Böyük nəticələr əldə etmək istəyirik. Çalışacağıq ki, daha çox dairədən namizədlərimiz olsun. Seçkidə əsas rəqimiz YAP olacaq. Namizədlərimiz arasında BAXCP sədrinin müavinindən tutmuş şöbə sədrləri və onun müavinləri, Ali Məclis üzvləri, siravi üzvlərimiz də iştirak edəcək”.

ALP sədri Əvəz Temirxan isə bələdiyyə seçkilərində iştirak etməyəcəklərini bildirib: "Azərbaycanda bələdiyyə seçkiləri digər seçkilər kimi cəlbedici deyil. Çox güman ki, bu seçkilərə qatılmayacağıq. Amma partiyanın üzvləri könüllü namizəd ola bilərlər”.

İsmayıl