Tələbənin qayğısını, tələbə yaxşı anlayır

Rektorun özünə tələbə müşavir təyin etməsi alqışlanır



Gənclərin idarəçilik işlərinə cəlb olunması prosesi Avropa ölkələrində çoxdan mövcud olsa da, Azərbaycanda yenicə ayaq açmağa başlayıb. Artıq ölkəmizdə də bir sıra dövlət idarəetmə strukturlarında gənc kadrlar idarəçiliyə gətirilir. Buna misal olaraq, yerlərdəki icra orqanlarında rəhbər vəzifələrə gənclərin təyin olunmasını göstərə bilərik. Demək olar ki, bu hal bir ənənəyə çevrilib.

Bu günlərdə Bakı Slavyan Universitetinin rektoru, professor Asif Hacıyevin əmri ilə Jurnalistika və Azərbaycan filologiyası fakültəsinin 2-ci kurs tələbəsi Elcan Məmmədov rektorun sosial məsələlər və tələbələrlə iş üzrə müşaviri təyin olunub.

Gənc kadrların idarəçiliyə gətirilməsinə münasibət bildirən Azad Müəllimlər Birliyinin sədri Məlahət Mürşüdlü "Şərq”ə açıqlamasında qeyd edib ki, bu, təqdirəlayiq addımdır: "Gənclər ölkə əhalisinin önəmli hissəsini təşkil edir. Onların idarəetmədə iştirakı çox vacibdir”.

E.Məmmədovun müşavir təyin olunmasına gəlincə, ekspert söyləyib ki, bu, doğru seçimdir: "Ola bilsin ki, həmin tələbə təyin olunduğu sahə üzrə böyük nailiyyətlər əldə edib. Təhsillə ictimai fəaliyyəti bir araya sığışdırmaq çətin məsələdir. Rektora müşavirlik etmək böyük cəsarət tələb edir. Görünür ki, həmin tələbənin idarəetmə bacarığı var. Fəaliyyətinin keyfiyyəti isə gələcəkdə müəyyən olacaq”.

Xaricdə təhsil alıb, ölkəyə qayıdan tələbələrdən söz açan M.Mürşüdlü bildirib ki, həmin tələbələr idarəçiliyə çəkilməlidir: "Yaşlı nəslin əvəzediciləridir. Onlar ölkənin xaricdə tanınmasında, müstəqilliyimizin möhkəmlənməsində müəyyən vərdişlərə yiyələniblər”.

Azərbaycan Milli Elmlər Akademiyasının Akademik Yusif Məmmədəliyev adına Neft Kimya Prosesləri İnstitutunun elmi işçisi, gənc alim Ayaz Məmmədov da bunu müsbət hadisə kimi dəyərləndirib: "Gənclərin savad baxımından 50-60 yaşlı müəllimdən zəif olması mümkün haldır. Amma bu o anlama gəlmir ki, yaşlı müəllimlər idarəçilikdə gənclərdən daha aktiv və çevikdirlər. Yəni elə gənc var ki, idarəçilik qabiliyyəti yaşlı müəllimdən yüksəkdir. Üstəgəl, yaşlı bir adamın universitet rəhbərliyinə gətirilməsi mənasızdır. O, artıq həyatını yaşayıb. Yaşadığı müddət ərzində ölkənin təhsil, ictimai və siyasi həyatına verə biləcəyi, töhfəni verib. Məsələ burasındadır ki, gəncləri idarəçiliyə alışdırmaq lazımdır. Gənc nəslə geniş meydan verilməlidir. 50-55 yaşında bir şəxsi idarəçiliyə gətirib, onu həmin vəzifədə 10-15 il saxlamaq bizə müsbət heç nə vəd etmir. Çünki həmin adam özündən sonra kimisə hazırlamır. Amma gənc kadrlar vəzifəyə gəlir. İdarəçiliyi aşağıdan yuxarıya öyrənə-öyrənə gedir. Vəzifəsi artdıqca, yerinə yeni gənclər təyin olunur. Bu yolla da idarəçilik sistemini bilən gənclərin sayı çoxalır. Həmin gənclər də gələcəkdə yetişmiş bir ictimai-siyasi fiqura çevrilir”.

Gənc alim onu da diqqətə çatdırıb ki, gənclərin idarəçiliyə gətirilməsi beynəlxalq təcrübədə də mövcuddur: "Məsələn, ötən aylarda Türkiyədə idim. Təlim keçməyə getmişdik. Bizə dərs verən müəllimlərin əksəriyyəti gənc idi. Çox yaxşı da bilik verdilər. Təlimi də həmin gənclər təşkil etmişdilər. Yaşda məndən balaca idilər. Görün, idarəçiliyi, təşkilatçılığı necə bilirlər ki, gənc yaşlarında xarici ölkələrdən öyrəncilər dəvət edib, dərs verirlər. Buna diqqət yetirmək lazımdır. Gəncləri önə çəkmək və onlara geniş imkan yaratmaq çox zəruridir. Onlar ölkənin gələcəyidir. Biz dünənimizi deyil, gələcəyimizi düşünməliyik. Gələcəyi düşünürlərsə, gənclərə yol verməlidirlər. Ölkəni gələcəyə gənclər aparacaq”.

BSU rektorunun addımına gəlincə, A.Məmmədov qeyd edib ki, tələbənin qayğısını müəllim deyil, tələbə daha yaxşı anlayır: "Bəzən görürsən ki, yaşlı müəllimlər gənclərlə çox aqressiv davranırlar. Hansısa bir problemin çözülməsində onlara yardım göstərməkdən imtina edirlər. Bu həm də onların yaşları ilə bağlı ola bilər. Yaşlı müəllim tələbə ilə işləyə bilmir. Buna enerjisi çatmır. Gənclərlə işləməyə enerjili adam lazımdır. 60 yaşlı bir müəllimdə nə enerji olacaq? Dəfələrlə şahidi olmuşam ki, yaşlı insanların gənclərlə işləməsi sonda böyük fəsadlara yol açıb. Gənclərin sirrini yalnız gənclər bilər. Bu baxımdan rektorun addımını məqsədəuyğun sayıram”.

Gənc alimin sözlərinə görə, əksər yaşlı adamlar gənclərin yeni fikirlərinə məhəl qoymurlar: "Öz dediklərini və bildiklərini diktə etməyə çalışırlar. Məsələn, sovetlər dönəmində necə öyrənibsə,

həmin metodla da gedir. Axı, biz müasir cəmiyyətdə, elm-texnikanın sürətlə inkişaf etdiyi bir dövrdə yaşayırıq. Sovet qalıqlarını indiki gənclərə sırımaq olmaz”.

Müsahibimizin qənaətincə, gənclərin rəhbər işlərdə irəli çəkilməsi digər aspektlərdən də təqdirəlayiq hesab oluna bilər: "Gəncliyin potensialı daha çoxdur və o, özünü reallaşdırmağa meyillidir. Gənclər mütəmadi olaraq yeniliklərə can atır. Köhnə stereotiplərdən uzaqlaşmağa, yeni yanaşmalara üstünlük verməyə cəhd göstərir. Bu isə əlbəttə ki, ümumilikdə ölkənin, cəmiyyətin xeyrinədir. Digər tərəfdən, yeni nəsil yaşlı nəsillə müqayisədə müasir dövrün tələblərinə daha tez uyğunlaşır. Elmi-texniki tərəqqinin nailiyyətlərini daha tez mənimsəyir. Onun tətbiqinə üstünlük verir. Bu baxımdan yaşlı nəslin təcrübəsi ilə gəncliyin enerjisinin birlikdə tətbiqi idarəçilik sistemində daha çox səmərə verə bilər. Məhz, bu baxımdan gənc kadrlara dövlət rəhbərliyinin göstərdiyi etimad mühüm əhəmiyyət kəsb edir”.

Gənc alim hesab edir ki, gənc kadrlara etimadın artması ölkə gəncliyinin stimullaşdırılması baxımından da mühüm əhəmiyyətə malikdir: "Gənc kadrların irəli çəkilməsini müşahidə edən gənclərdə bilik və təcrübəsini artırmağa həvəslənməklə yanaşı, öz potensiallarının dövlət tərəfindən dəyərləndiriləcəyinə də inam artır. Məhz bu amil gəncliyin missioner təşkilatların, dini ekstremistlərin təsiri altına düşməsinin qarşısını alan amillərdəndir”.

A.Məmmədov deyib ki, hazırda gəncliyin öz potensialını ortaya qoyması üçün ölkədə kifayət qədər şərait və imkanlar yaradılır: "İstənilən aktiv gənc həm dövlət idarəetməsi sahəsində, həm də ictimai sektorda öz yerini asanlıqla tuta bilir. Ölkə boyu gənclərin öz vaxtlarını səmərəli keçirməsi istiqamətində də uğurlu işlər görülməkdədir. Bu istiqamətdə gənclər mərkəzlərinin fəaliyyətini xüsusilə qeyd etmək vacibdir. Bu qurumlar gənclərin öz vaxtlarını səmərəli keçirməsi ilə yanaşı, onlar arasından daha istedadlılarının fərqlənməsinə də şərait yaradır”.

Tarix elmi üzrə fəlsəfə doktoru, təhsil eksperti Məhərrəm Zülfüqarlı isə vurğulayıb ki, tələbənin inzibati vəzifəyə təyin olunması mürəkkəb məsələdir: "Tələbənin təhsildən ayrılıb, işləməsi maraq doğurur. Yəni bunu necə edəcək? Amma bütün hallarda gənclərin irəli çəkilməsinə müsbət yanaşırıq. Bacarıqlı gənclər yeni təfəkkürlü insanlardır”.

Ayyət Əhməd