Hrant Dinkin qəzetində işləyən azərbaycanlı...

Arzu Qeybullayevanın Azərbaycanın əleyhinə çalışması hiddətlə qarşılandı




Azərbaycanda erməni sevdalılarının sayı getdikcə artmaqdadır. "Daş yuxular”ı ilə açıq-aşkar erməni sevgisini etiraf edən qocaman "xalq” yazıçısı Əkrəm Əylislidən sonra gənc xanım yazarımız Günel Mövlud Azərbaycan xalqı adından ermənilərdən üzr istəmək cəsarətində bulundu. Ermənilərin hələlik sonuncu aşiqi isə üzdəniraq həmkarlarımızdan biridir.

Tarixin bütün mərhələlərində ermənilərlə birgə xalqımıza qarşı mübarizə aparan həm də belə "azərbaycanlı”lar olub. Əslində elə bizim milləti həmişə sapı özümüzdən olan baltalar vurub. Çox təəssüf ki, "yağışdan sonra çıxan göbələk” kimi belələrinin sayı durmadan artır.

Qeyd edək ki, son günlər mətbuatın, xüsusən də sosial şəbəkələrin əsas müzakirə obyektlərindən biri Azərbaycan vətəndaşı Arzu Qeybullayevanın Türkiyə ermənilərinin media orqanı olan "Aqos” qəzetində işləməsi və hələ bu azmış kimi onun Azərbaycana qərəz, nifrət dolu münasibətidir. İndi ictimaiyyət nümayəndələrinin bir çoxunun diqqəti Azərbaycan vətəndaşı olan bir yazarın erməni təbliğatı ilə məşğul olan qəzetdə çalışmasına yönəldilib.

Doğrudur, erməniyə işləyən, erməninin əlindən çörək yeyən biri haqqında danışmağa, onun ətrafında müzakirə aparmağa belə dəyməz. Bir halda ki, o bütün bunları normal sayır: "Bəli, buna görə məni qınayanlar olur. Amma bu, o demək deyil ki, mənim işim sırf kiminsə xoşuna gəlmirsə, işimi atmalıyam... Nə olursa-olsun, işimizə davam etməliyik”, bu sözləri müsahibələrinin birində A.Qeybullayeva deyib.

Nəzərinizə çatdıraq ki, bu xanım Azərbaycan Memarlıq və İnşaat Universitetinin keçmiş rektoru, sonralar isə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Avrasiya məsələləri üzrə müşaviri olmuş mərhum Qeybulla Qeybullayevin qızıdır. Erməni qəzetində işləyən Arzu Bakı Türk Anadolu Liseyini bitirib. 1999-2000-ci illər arasında Amerikada FLEX proqramı ilə oxuyub. Türkiyəyə 2001-ci ildə təhsil almaq üçün gedib. Bilkent Universitetinin Beynəlxalq əlaqələr fakültəsinə daxil olub. Bilkentdən sonra Britaniya paytaxtında "London School of Economics and Political Science”də Qlobal Siyasət üzrə magistr dərəcəsi alıb. Daha sonra Londondan İstanbula gəlib. Bir il sonra "European Stability İnitiative” adlı qurumda Azərbaycan üzrə ekspert olaraq işə başlayıb. Bundan sonra Azərbaycana daha tez-tez gəlib. 2009-cu ildə isə ABŞ-ın Milli Demokratiya İnstitutu onu Bakı ofisində işə götürüb. Bir il sonra Arzu Qeybullayeva İstanbula dönüb. Onun hazırda çalışdığı "Aqos” isə bu gün erməni yalanlarının ən "uğurlu” təbliğat maşınlarından sayılır. Dünyanın "qədim”, "mədəni”, "haqsız basqılara məruz qalan” xalqı olan ermənilər Türkiyədə milli ideyalarını bu media orqanı ilə yayır. Qəzetin ilk baş redaktoru isə Hrant Dink olub. Hansı ki, onun ölümünə görə, ermənilər türklərə az qala meydan oxudular.

Erməni qəzetində çalışan Arzu Qeybullayevanı Azərbaycan mətbuatından heç kəs şəxsən tanımasa da, müsahiblərim damarlarında azərbaycanlı qanı axan bir qızın bu cür addım atmasının bizim üçün utancverici olduğu qənaətindədirlər. A.Qeybullayevanı şəxsən tanımadığını deyən Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASCFEN) sədri Azər Həsrət bir müddət əvvəl özü haqqında da uyğunsuz ifadələrə rast gəldiyini vurğulayıb: "Həmin xanım öz "tvitter” sosial şəbəkələrdən birində məni özünəməxsus şəkildə qaralamışdı. Şəxsim haqqında bəzi uyğunsuz ifadələr işlətmişdi. Yazışdıq, özünə müraciət etdim və ümumiyyətlə, məni nə qədər tanıdığını və tanımadığı bir adam haqqında xoşagəlməz fikirlər tirajlamaqda məqsədinin nə olduğunu soruşdum. Cavabı susmaq oldu və rəsmən mənim sualımı rədd eləmiş oldu. Yəni bu qız tanımadığı adam haqqında mənfi rəy yaratmağı özünə rəva bilirsə, deməli nəsə yerində deyil. Qaldı ki, onun bağlantılarına, açığı, buna cavab verməkdə çətinlik çəkirəm. Çox cüman ki, xarici ölkələrlə müəyyən əlaqələri var. Sadəcə bir şeyə təəccüb edirəm ki, bir insan öz doğma atasının Vətəninə qarşı niyə bu qədər qəddar mövqe tuta bilir? Lap tutaq ki, Azərbaycanda tənqid olunacaq məsələlər var, amma buna görə ermənilərə sığınmağı hara yazaq? Hər halda onun psixologiyasında problem var məncə. Başqa səbəb görə bilmirəm”.

Azərbaycan xalqının bütövlükdə erməni millətinə düşmən olmadığını vurğulayan A.Həsrətin sözlərinə görə, bizim davamız torpaq, tələbimiz ədalətdir: "Erməni ordusu faktiki olaraq bizim torpaqlarımızı işğal ediblər. Azərbaycanın işğalı sona çatmayana, Ermənistan ordusu torpaqlarımızı tərk etməyənə qədər hər bir Azərbaycan vətəndaşının ermənilərlə müəyyən bir məsafə saxlaması vacibdir. Əlaqə, danışıq bir yana qalsın Arzu Qeybullayeva birbaşa ermənilərin media orqanında onlara işləyir. Və çox təəssüflər olsun ki, xanım ermənilərlə işbirliyini Azərbaycanın əleyhinə çevirib. Arzu Qeybullayeva həmin qəzetdə çalışmasına rəğmən ədalətli, obyektiv mövqelərdən çıxış etsəydi, müəyyən mənada onun erməni mediasında işləməsinə normal yanaşa bilərdik. Amma o xanım bir ermənidən daha çox ermənilik etməkdədir. "Aqos”da oturub, ermənilərlə işləməklə Azərbaycana qarşı nifrət qusmaqla məşğuldur. Onun hədəfi, tənqid obyekti Azərbaycan dövləti və bütövlükdə Azərbaycan xalqıdır. Təbii ki, bütün bunlar fonunda biz onun hərəkətlərini normal qəbul edə bilmərik. Sözün açığı, həmin gənc xanımla bağlı mənim müəyyən şübhələrim var. Onun nəsil-nəcabəti araşdırılmalıdır”.

Arzu Qeybullayevanın Azərbaycan mediası tərəfindən ölümlə hədələnməsinə gəlincə isə A.Həsrət deyib ki, bu yalnız iddia olunacaq bir məsələdir, özü də ağlasığmayan: "A.Qeybullayeva Azərbaycan mediası üçün önəmli bir şəxs deyil ki, onun ölümünə fərman verilsin. O, ermənilərə işləməsindən utanmaq əvəzinə, Arzu Qeybullayeva beynəlxalq aləmi Azərbaycan jurnalistlərinin üzərinə qaldırmaqla məşğuldur. Beynəlxalq təşkilatlar da bir- birinin ardınca bəyanatlar yayırlar ki, guya Arzu Qeybullayevaya qarşı Azərbaycan tərəfdən basqılar, hədələr, təhdidlər var. Azərbaycanda ona qarşı nə hədə, nə də təhdid yoxdur. Sadəcə olaraq, bir azərbaycanlının ermənilərə işləməsi ictimai rəydə müzakirə olunur. Müzakirələr də tam normal

şəkildə aparılır. Heç kim asıb-kəsmək, fiziki şiddətlə hədələmir. Bizim cavabsız suallarımızı özünün də mənsub olduğu ermənilərə yaxın çevrələrdə təhdid kimi yaymaqla Arzu Qeybullayeva Azərbaycan dövlətinə və xalqına qarşı səbəbi bizə bəlli olmayan nifrətini açıq şəkildə bəyan etmiş olur”.

Azxeber.com-un baş direktoru Əfsələddin Ağalarov isə bildirib ki, bəzən Qərb və ABŞ jurnalistikasının kosmopolit düşüncəli ziyalıları "jurnalistin və informasiyanın vətəni yoxdur” kimi fikirlər səsləndirir və bunu jurnalistika prinsiplərindən biri olduğunu aşılamağa çalışırlar: "Ancaq bu cür fikirlər zamanla özünün əksini göstərir. Gəlin yaxın keçmişə nəzər salaq. ABŞ ordusunun İraqa girməsi xəbərini ABŞ mediası bir müddət sonra verdi. Burada maraqlı sual ortaya çıxır. Niyə ABŞ-ın özünü müstəqil adlandıran mediası həmin vaxt "jurnalistin və informasiyanın vətəni yoxdur” prinsipi ilə hərəkət etmədi? Axı özləri bu "prinsip”ləri dünyaya təbliğ edir və buna əməl etməyənləri antidemokrat adlandırırlar. Düşünürəm ki, hər bir şəxsin peşəsindən öncə, onun tutduğu vətəndaşlıq mövqeyi daha önəmlidir. Əgər öz məmləkətinin 20 faiz torpağının işğal altında olduğunu, bir milyondan çox həmvətəninin məcburi köçkün həyatı yaşadığını, xalqının başına ermənilər tərəfindən "Xocalı” soyqırımının həyata keçirildiyini bilə-bilə düşmən mətbuatında işləməyi qəbul edirsənsə, o zaman sən nə azərbaycanlısan, nə vətəndaşsan, nə də jurnalist... Əgər hansısa üçüncü bir ölkədə fəaliyyət göstərən bir qəzet özünü "erməni qəzeti” kimi tanıdırsa və azərbaycanlı kimliyini unudan bir jurnalist gedib həmin qəzetdə çalışırsa, bizə ancaq həmin şəxsə tutduğu bu "şərəfli” yolda uğurlar arzu etmək qalır. Hər halda heç bir bəhanə jurnalistə erməni mətbuatında işləməyə haqq qazandıra bilməz”.

Şəymən