Azərbaycanda da “Ebola” təhlükəsi var

Sərdar Cəlaloğlu: “Azərbaycan bazarları təhlükəli qida və gündəlik ehtiyat malları üçün açıq bazardır”
Ərəstun Oruclu: “Əgər “Ebola”nın qrip virusu kimi mutasiyaya uğraması öz təsdiqini tapsa, bu bəşəriyyət üçün faciə olacaq”


Quş qripinin xofu canımızdan çıxmamış, indi də dünyanı "Ebola” bəlası qorxusu bürüyüb. Artıq Afrikada böyük bir dalğa başlayıb və öldürücü viruslar dünyanın üstünə kükrəyir. Bəzi adamlar deyir, o yan-bu yanı yoxdur, bu, pandemiyadır. Bəziləri də deyir, yox, hələ ki, epidemiyadır. Bilinən isə odur ki, "Ebola” virusu artıq okeanı adlayıb keçib. Hazırda bütün dünya bu pandemiyaya qarşı mübarizəyə başlayıb. "Ebola” xəstəliyinin arealı genişləndikcə virusa yoluxmaq qorxusu artır.

Bir sıra ölkələrin sərhəd keçid məntəqələrində "Ebola”nın Vətənindən gələnlər şübhəli şəxs kimi saxlanır. Qonşu Türkiyə və Gürcüstanda da analoji tədbirlərin keçirilməsi, artıq Azərbaycanda təşviş yaradıb. Bananın "Ebola” daşıyıcısı olduğuna dair yayılan məlumatlardan sonra isə Azərbaycan ictimaiyyəti əməlli- başlı qorxuya düşüb. Sırf buna görə, banandan imtina edənlər də var.

"Ebola” xəstəliyinin Azərbaycanda aşkarlanma ehtimalı çox az olsa da, ekspertlər hesab edir ki, vətəndaşların təhlükəsizliyinin tam təminatı üçün dövlət üzərinə düşən vəzifəni yerinə yetirməlidir. Yəni ki, "Ebola” virusuna qarşı tədbirlərin gücləndirilməsi məqsədilə sərhəd buraxılış məntəqələrində əksepidemik və profilaktik, ərazilərin dezinfeksiya tədbirlərinin, o cümlədən sərhəddən keçən şəxslər üzərində tibbi müşahidənin və sorğu-sualın aparılması haqqında müvafiq işlər həyata keçirilməlidir.

İxtisasca həkim olan siyasətçi, Azərbaycan Demokratik Partiyasının sədri Sərdar Cəlaloğlu "Ebola” bəlasına qarşı diqqətli olmağın vacibliyini vurğulayıb: "Bir çox xəstəliklər var ki, onlar

sırf Afrika mənşəli olur. Əvvəllər Afrikada yayılan xəstəliklər çox az hallarda dünyaya yayılırdı. Amma indi qloballaşan dünyamızda kommunikasiyalar artıb. Bu gün Afrikada yayılan xəstəlik sabah hər hansı bir ölkədə də aşkar oluna bilər. Bu baxımdan, Azərbaycan da "Ebola”dan sığortalanmayıb. Afrika ilə kifayət qədər əlaqələrimiz var. Bu gün Azərbaycanda oxuyan afrikalı tələbələrin sayı kifayət qədərdir. Bizim vətəndaşlar arasında da Afrikaya səfər edənlər çoxdur. Bu baxımdan çox böyük olmasa da, "Ebola”nın Azərbaycanda yayılma ehtimalı var. Azərbaycan dövləti özünün səhiyyə zəmanətini təmin eləməlidir. "Ebola” kimi ölümcül infeksiyaların vətənindən ölkəmizə gedib-gələn insanlar nəzarətə götürülməlidir. Həmçinin, digər ölkələrdən gələn əcnəbilər də tibbi yoxlamadan keçirilməlidir. "Ebola” virusu bu gün bütün dünyanı ayağa qaldırıbsa, deməli, Azərbaycan da bütün ehtimallara qarşı öz tədbirini almalıdır. Çünki istənilən halda təhlükə var və bizim də bu təhlükənin içərisinə düşməyimiz an məsələsi ola bilər”.

Bananın "Ebola” daşıyıcısı olub-olmadığına gəldikdə isə həkim-siyasətçi xaricdən gələn bütün qidaların təhlükə mənbəyi olduğunu deyib. Bununla belə S.Cəlaloğlu heyvan mənşəli xəstəliklərin bitkilər vasitəsilə insanlara keçməsinin real olmadığını deyib: "Azərbaycana xaricdən gətirilən məhsulların 90 faizi sağlamlıq üçün təhlükəlidir. Bu təhlükə həm şirniyyat, həm ət, həm də meyvə-tərəvəz məhsulları üçün keçərlidir. Çünki xaricdən aldığımız ərzaqların böyük əksəriyyəti GMO-dan ibarətdir. Bu cür qidalar insanlar üçün həm genetik, həm də psixoloji fəsadlar törədir. Əslində, Azərbaycanda şəkər, xərçəng kimi xəstələrin geniş vüsət almasının bir səbəbi də dövlətin qida təhlükəsizliyi ilə bağlı lazımi tədbirlər aparmaması ilə bağlıdır. Azərbaycan bazarları təhlükəli qida və gündəlik ehtiyat malları üçün açıq bazardır. Çindən gələn məhsulların əksəriyyəti təhlükəlidir. Xüsusən də, uşaqlar üçün satılan geyim və oyuncaqlar. Keyfiyyətsiz mallar, GMO məhsullar kütləvi qırğın silahı kimi bir şeydir. Elə bil ki, Azərbaycan vətəndaşları bazarlardan özləri üçün ərzaq yox, bəla alırlar. Məhsul hər nə qədər təbii olsa da, hər bir insan üçün özünün yaşadığı ərazidən 400 km diametrində olan heyvan və bitki məhsulları ilə qidalanması daha məqsədəuyğundur. Bu məsafədən uzaqda bitən bitki və qidalar təbii olsa belə, insan orqanizmi üçün ziyanlıdır. Qaldı ki, konkret sizin sualınıza, bananın "Ebola” daşıyıcısı olması inandırıcı deyil. Banan, kivi, avakada kimi meyvələr bizdən min kilometrlərlə uzaqda yetişdikləri üçün təhlükəli qidalardır, amma onlar virus daşıyıcıları ola bilməzlər. Çünki tibbi nöqteyi-nəzərdən bitkidən insana virus yoluxma ehtimalı çox azdır. Təbabətdə bitkilərin ayrı, heyvanların da ayrı xəstəlikləri var. Bu günə qədər eşitməmişəm ki, bitkidən insanlara hansısa xəstəlik keçsin. Bananın virus daşıyıcısı olması ilə bağlı yayılan məlumatlar çox güman ki, monopolistlər tərəfindən məqsədli şəkildə ortaya atılıb”. "Ebola”nın çox nadir xəstəliklərdən olduğunu vurğulayan Cəlaloğlu bu virus haqqında təxminən 10 il bundan qabaq eşitdiyini deyib. Onun sözlərinə görə, bu ilə qədər xəstəliklə bağlı heç bir məlumat yayılmırdı: "Əgər "Ebola” yenidən epidemiya şəklini alıbsa, deməli, onunla bağlı yayılan bütün fikirlərə ciddi əhəmiyyət vermək lazımdır. O cümlədən də bananın "Ebola” daşıyıcısı olması ilə bağlı deyilənlərə. Ola bilsin ki, bananın tərkibində elə bir maddə var ki, "Ebola” virusuna qarşı həssasdır və orqanizm asanlıqla bu virusa yoluxa bilir. Dediyim kimi, inandırıcı olduğunu düşünmürəm, amma istisna da etmirəm.

Digər həkim-siyasətçi, "Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclunun sözlərinə görə, "Ebola” virusunun nə dərəcədə təhlükəli olması onun genetik materialını dəyişməsi ilə bağlı araşdırmalardan sonra məlum olacaq: "Ebola”nın tibbi tərəfləri ilə bağlı dəqiq məlumatlara bələd deyiləm. Amma virusun son dərəcə yoluxucu olması və ağır simptomlar yaratması və ən pisi isə yoluxma zamanı ölüm faizinin yüksək olması göstərir ki, "Ebola” həqiqətən də bəladır. Xəstəlik Afrika mənşəli olsa da, bütün kontinentlərə yayılıb. Artıq Avropada, Amerikada, ərəb ölkələrində, Türkiyədə "Ebola”ya yoluxmuş insanlar tapılıb. Gürcüstanı şübhə bürüyüb, ciddi nəzarətə götürülənlər var. Bu baxımdan, "Ebola” çox təhlükəlidir. Ümumiyyətlə, virusların əsas problemi onlara qarşı peyvəndlərin çətin əldə olunmasıdır. Virus xəstəliklərinin spesifik cəhəti ondan ibarətdir ki, bakteriyaların yaratdığı xəstəliklərdən fərqli olaraq müalicəsinin dərmansız olmasıdır. Yəni onlara öldürücü təsir göstərib, qarşısını almaq, əlamətlərini aradan qaldırmaq üçün heç bir dərman preparatları yoxdur. Həmçinin, viruslar mutasiyaya meyillidir. Bu proses bir çoxlarında həddindən artıq sürətli olur.

Hazırda "Ebola” ilə bağlı ən ciddi təhlükə onun qrip virusu kimi mutasiyaya uğrama ehtimalıdır. Amerika alimləri də bu virusun hansı sürətlə getdiyinə dair araşdırmalar aparırlar. Əgər "Ebola”nın qrip virusu kimi mutasiyaya uğraması öz təsdiqini tapsa, bu bəşəriyyət üçün faciə olacaq. Odur ki, "Ebola” virusu ilə bağlı dünyada həyəcan təbilinin çalınması təsadüfi deyil”. Sözügedən virusa qarşı Estoniyada peyvənd tapıldığına dair yayılan məlumatlara gəldikdə isə Ə.Oruclu deyib ki, bu təhlükəni aradan qaldırmır. Çünki virusun genetik materialını dəyişmə ehtimalı həmişə var. Ehtimallar özünü doğruldacağı təqdirdə isə onun dünyanı ələ keçirməsinin qarşısını heç bir peyvənd ala bilməyəcək.

Bananla bağlı yayılan məlumatlara gəldikdə isə doktor ət və ət məhsulları istisna olmaqla meyvə və digər ərzaq məhsulları vasitəsilə virusların insana yoluxma ehtimalı miniumum səviyyədə olduğunu deyib: "Görünür, meyvə koorperasiyaları bir-biri ilə rəqabət aparmaq üçün cəmiyyətin "Ebola” təşvişindən istifadə edirlər. Bananın "Ebola” daşıyıcısı olması mənə inandırıcı görünmür. Çünki "Ebola” da daxil olmaqla bütün viruslar hüceyrələrin daxilində olur və o cür də yoluxur”.

Şəymən