Papa Türkiyəyə xeyirxah niyyətlə gəlmir

Ekspert hesab edir ki, səfərin nəticələri ürəkaçan olmayacaq



Roma papası Françisin noyabrın sonunda Türkiyəyə səfəri gözlənilir. Məlumata görə, səfər çərçivəsində o, Atatürkün mavzoleyini ziyarət edəcək.

Göy Məscidə də baş cəkəcək. Papanın qonşu ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanla və baş bakan Əhməd Davudoğlu ilə görüşəcəyi iddia olunur. Məlumat üçün bildirək ki, Türkiyə Françisin keçən ilin martından Roma papası olandan bəri getdiyi 6-cı ölkə olacaq. Papa indiyə kimi Braziliya, İsrail, Cənubi Koreya, Albaniyada olub. Türkiyədən əvvəl isə noyabrın 25-də Fransaya, Strasburqa gedəcək.

Papanın Türkiyə səfərinin pərdəarxasını şərh edən politoloq Qabil Hüseynli "Şərq”ə bildirib ki, onun müsəlmanlarla bağlı müsbət addımlarının şahidi olmayıb. Ekspertin sözlərinə görə, papa ermənilərin qondarma "soyqırımı”nı tanıyan adamdır: "Bütün bunlar onu göstərir ki, mənşəcə argentinalı olan papa ermənipərəstdir. Onun Türkiyə səfəri qonşu ölkədəki xristian dini azlıqlarının vəziyyətini yaxşılaşdırmaq məqsədi daşıyır”.

Politoloqun qənaətincə, papa xeyirxah niyyətlərlə gəlmir: "O, açıq danışmağı bacarır. Diplomatik faktlara riayət etmir. Çox güman ki, Türkiyə rəhbərliyi ilə qondarma "erməni soyqırımı” barədə fikir mübadiləsi aparacaq. Onun gəlişi rəsmi Ankaranın hansısa probleminin həllinə yönəlməyib. Qonşu ölkədəki mültikulturizmə ziyan verə biləcək səfər kimi dəyərləndirirəm. Hesab edirəm ki, səfərin nəticələri ürəkaçan olmayacaq”. Q.Hüseynli onu da əlavə edib ki, papa İŞİD terror dəstəsi haqda da müzakirələr aça bilər: "O, terror qruplaşmasının fəaliyyətini pisləyəcək. Amma İŞİD məsələsi papa ilə müzakirə edilməli deyil. Bu barədə siyasilər danışmalıdır”.

Ayyət Əhməd