BQXK sanki poçt “göyərçinidir”

Halbuki təşkilat girovların qaytarılmasını Ermənistandan tələb etməlidir



Uzun müddətdir erməni hərbi birləşmələri tərəfindən saxlanılan həmyerlilərimiz Dilqəm Əsgərov və Şahbaz Quliyev hələ də Azərbaycan tərəfə təhvil verilməyib.

Hətta işğalçı Ermənistan dövləti qeyri-qanuni olaraq özbaşına onları "diversant” adı ilə məhkəmə prosesinə cəlb edib. Azərbaycan dövləti və ictimaiyyət nümayəndələri bu istiqamətdə işlər aparsa da, hələ ki, Ermənistan dövləti öz məkrli siyasətini bu məsələdə bir daha göstərərək girovlarımızı müxtəlif bəhanələrlə azad etmək istəmirlər. Beynəlxalq təşkilatlar isə ya susmaqla, ya da pafoslu bəyanatlar verməklə kifayətlənirlər.

Bununla bağlı artıq Azərbaycanda sosial şəbəkələrdə Azərbaycan, ingilis, rus, fransız, o cümlədən erməni dilində "Girovlarımızı azad et” adlı kampaniyaya da start verilib.

Virtual kampaniyada insan hüquqları ilə məşğul olan beynəlxalq təşkilatlardan nə üçün Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən azərbaycanlılarla bağlı heç bir münasibət bildirmədikləri, onların azad edilməsi ilə bağlı Ermənistana çağırışlar etmədikləri və bu istiqamətdə fəaliyyət göstərmədikləri soruşulur.

Dilqəm və Şahbaz qaytarılmalıdır

Girovlarımızın azad olunması məqsədilə gedən son danışıqlar prosesləri ilə bağlı "Şərq”ə danışan Xocalıdan seçilən millət vəkili Elman Məmmədov girov götürülən şəxslərlə bağlı ölkə Prezidenti İlham Əliyevin ən yüksək səviyyədə tapşırıqlar verdiyini açıqlayıb: "Prezidentin tapşırığına əsasən baş nazirin müavini, "Qaçqınkom”un sədri Əli Həsənov bu işlərlə yaxından məşğuldur”.

E.Məmmədov Beynəlxalq Qızıl Xaç Komitəsinin fəaliyyətindən qəti razı olmadığını da gizlətməyib: "Bu təşkilat konflikt başlayan dövrdən, xüsusilə yaxından iştirakçısı olduğum Xocalı soyqırımı ərəfəsində və ondan sonrakı dövrlərdə də yalnız poçt göyərçini kimi xəbər aparıb gətirməklə məşğuldur. Lakin onların missiyası bundan ibarət deyil. BQXK-nin başlıca vəzifəsi işğalçı, qaniçən Ermənistandan girovların qaytarılmasını tələb etmək və tələblərin məcburi icrasını həyata keçirməkdən ibarətdir. Adıçəkilən təşkilat işğalçı dövlətə izah etməlidir ki, girov saxlanılan şəxslər onların sərhədini keçməyib, öz yurd-yuvalarına gediblər”.

Deputat ümumiyyətlə, bu məsələlərdə beynəlxalq təşkilatların fəaliyyətsizliyindən gileylənib: "Nəinki BQXK, eləcə də digər beynəlxalq təşkilatlar girovların qaytarılmasının tezləşdirmə prosesinə müsbət təsir etmirlər. Məsələn, Dağlıq Qarabağ probleminin həllinin mandatı dünya səviyyəsində ATƏT-in Minsk Qrupuna verilib. Bu Minsk Qrupu isə girov götürülən iki nəfər şəxsin taleyi ilə maraqlanmayıb və ya hansısa addımlar atmayıb. Bu o deməkdir ki, həmsədrlər ya lazımınca fəaliyyət göstərmirlər, ya da girovların taleyi onları maraqlandırmır. Halbuki, bu, həmsədrlərin birbaşa vəzifəsidir”.

"Beynəlxalq təşkilatlar sadəcə Azərbaycan əleyhinə siyasi sifarişlər yerinə yetirirlər”

Onun fikrincə, beynəlxalq təşkilatlar sadəcə verilən siyasi sifarişləri həyata keçirirlər: "Ancaq Azərbaycanda başqa vaxt kimsə həbs edilən zaman beynəlxalq təşkilatlar dərhal siyasi həbslərin olması barədə danos verirlər, hesabatlar, raportlar hazırlayırlar”.

Həmsöhbətimiz fikirlərinin sonunda girovların azad edilməsi ilə bağlı internet üzərindən aparılan kampaniyaya münasibət bildirib: "Çox gözəl və vətənpərvər ruhunda təşkil edilən bir təşəbbüsdür. Bu kampaniyanı təşkil edənləri alqışlayıram və dəstəkləyirəm. Ancaq kampaniyanın effektiv olacağına inanmaq çətindir.

Vüqar Şahinoğlu