Kəndli, fermer daha heç bir rüsum ödəməyəcək

Məcburi köçkünlərə torpaq sahələrinin ayrılması qaydalarına dəyişiklik böyük dəstək olacaq



Nazirlər Kabineti "Kənd təsərrüfatı ilə məşğul olmaq üçün məcburi köçkünlərə torpaq sahələrinin ayrılması qaydası”nda dəyişiklik edib.

Trend-in məlumatına görə, qaydalara edilən yeni əlavəyə görə, məcburi köçkünlərə dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin icarəyə verilməsi "Torpaq icarəsi haqqında” qanunun 10-1-ci maddəsinə uyğun olaraq həyata keçiriləcək. Bununla yanaşı, indiyədək mövcud olan qaydalara əsasən, məcburi köçkünlərə müvəqqəti istifadəyə və icarəyə torpaq sahələrinin ayrılması üçün onlar məskunlaşdıqları rayon (şəhər) icra hakimiyyətlərinə müraciət edirdilər. 

Yerli icra hakimiyyətləri 10 gün müddətində Əmlak Məsələləri Dövlət Komitəsinin ərazi bölməsindən daxil olan sənədlərə baxır, kənd təsərrüfatı məhsulları istehsal etmək üçün məcburi köçkünlərə müvəqqəti istifadəyə və icarəyə torpaq sahəsi ayrılması barədə (yerli şəraiti, torpaq ehtiyatının miqdarını, əhalinin sıxlığını nəzərə almaqla) müvafiq qərar qəbul edildi.

Qərara edilən yeni dəyişiklik əsasında isə bu maddələrdən "və icarəyə” sözləri çıxarılıb.
Dəyişikliyi şərh edən iqtisadçı Fuad İbrahimov «Şərq»ə açıqlamasında icarənin ləğvinin məcburi köçkün ailələrə böyük dəstək olacağını bildirdi:

- Torpaq sahələrinin öz təyinatı var. Tikinti aparılması üçün ayrılan torpaq sahələri ilə kənd təsərrüfatı təyinatlı torpaq sahələri fərqlənir. Bu məsələ təkcə məcburi köçkünlərə aid deyil. SSRİ dağılandan sonra torpaq islahatlarına başlanıldı, özəlləşmə və sairə aparıldı. Elə torpaq sahələri vardı ki, müəyyən müddətə icarəyə verilirdi. Amma təyinatı dəyişdirilən torpaq sahələri də vardı. Kənd təsərrüfatının inkişafı, əkin-biçin məqsədi ilə icarəyə verilmiş torpaq sahələrinin bir çox hallarda təyinatını dəyişdirərək tikinti üçün istifadə etməyə başladılar. 

Ümumiyyətlə, illərlə istifadə olunmayan torpaq sahələri də oldu. İstifadəsiz saxlanıldılar. Bilirsiz ki, ölkə rəhbərliyi bir neçə dəfə bu məsələyə də toxundu və torpaqların təyinatı üzrə istifadəsinin vacibliyindən danışdı və bu məqsədlə bir neçə sərəncam imzalandı. Bundan sonra torpaqların təftişinin aparılmasına başlanıldı. Bunlar illərlə yığılmış problemlər idi. Amma indi görürük ki, problemlər hamısı çözülməyə başlayıb, xüsusilə də son zamanlar ölkə başçısı tərəfindən imzalanan sərəncamlar bir sıra sosial problemlərin həllinə yönəlib və hamımız inanırıq ki, bununla problemlər həllini tapacaq.

F.İbrahimov kənd təsərrüfatı ilə məşğul olan məcburi köçkünlərə torpaq sahələrinin ayrılması qaydalarına edilmiş müvafiq dəyişikliyin fermerlərə dəstək olacağını bildirdi:

- Əvvəlki qaydalara dəyişiklik edilib «icarəyə torpaq sahəsi ayrılması» ifadəsi çıxarılıbsa, bu, əlbəttə, çox müsbətdir. Çünki icarə varsa, deməli, ödəniş edilməlidir. Çox zaman kəndli məhz buna görə təsərrüfatla məşğul ola bilmirdi, çünki icarə haqqını ödəməyə maddi imkanı çatmırdı. Müvəqqəti istifadə üçün torpaq sahəsinin ayrılması isə o deməkdir ki, kəndli, fermer torpaq sahəsinə görə heç bir rüsum ödəməyəcək. 

Yalnız, cüzi vergi ödəmələri olacaq. Torpaq sahəsinin müvəqqəti istifadə üçün ayrılması da bu deməkdir ki, bu insanlar hazırda yaşadıqları ərazi müvəqqəti məskunlaşdıqları yerdir. İnşallah, torpaqlarımız işğaldan azad edildikdən sonra onlar doğma yurd-yuvalarına qayıdacaqlar. Müvəqqəti istifadə üçün onlara torpaq sahəsi məhz əkinlə məşğul olmaq, kənd təsərrüfatı təyinatlı olaraq verilir. Daha orada tikinti aparmaq olmaz, özəlləşdirmək olmaz. Bu da məcburi köçkün ailələrə kənd təsərrüfatı ilə məşğul olmaq üçün əlavə imkanlar yaradır. Bütün bunlar nəticə olaraq torpaq sahələrindən təyinatı üzrə istifadəni şərtləndirir.

Məlahət Rzayeva