Cəfər Cabbarlının yaşadığı ev Tağıyevin dövründə tikilib, möhkəm binadır
Əsl mütəxəssislər dəvət etməklə evi qoruyub saxlamaq mümkündür
Cəfər Cabbarlının evinin söküləcəyi söhbətləri dolaşır. Ev-muzeyi yazmağa lüzum görmədik. Çünki o ev o Kişinindi. Tutalım, muzey olmasaydı, yıxılmasına biganə qalacaqdıq?! Neçə gündür, bu söhbət müzakirələrə səbəb olub. Məlumdur ki, Cəfər Cabbarlının yaşadığı ev «Sovetski» adlanan ərazidədir və orada da əsaslı yenidənqurma - söküntü, tikinti işləri aparılır. Dahi Cəfər Cabbarlının evinin də söküntü planına daxil ediləcəyi xəbərləri bir neçə il əvvəl səslənməyə başlamışdı. Amma yenə də inanmadıq: Bu qədər də olmaz. Cabbarlının evinin yerində kiməsə «göydələn» tikməyə icazə verilməz. Amma deyəsən, məsələ qəlizləşir. İctimaiyyət nümayəndələrinin, ziyalıların Cabbarlının evinin qorunması uğrunda başlatdığı kampaniyaya görkəmli ədibin nəvəsi Qəmər Seyfəddinqızı özünəməxsus yanaşma sərgiləyib və deyib ki, babasının ev-muzeyi yararsız vəziyyətdədir. Muzeyin yenidən bərpası mümkün deyil». Q.Seyfəddinqızı həm də muzeyin direktorudur. Ona qədərsə muzeyin sahibəsi Cabbarlının qızı, mərhum Gülarə xanım idi.
Muzeyin direktoru Qəmər Seyfəddinqızı ONA-ya açıqlamasında bildirib ki, ev sökülüb yenidən tikiləcək. Onun sözlərinə görə, ekspertlər tərəfindən muzeyin binasına baxış keçirilib, mütəxəssislərin gəldikləri qənaət bu olub ki, muzeyin binası sökülüb yenidən inşa edilməlidir: "Sadəcə, çalışacağıq ki, bina əvvəlki görkəmində qalsın, muzey Cəfər Cabbarlının adına layiq şəkildə fəaliyyət göstərsin. Binanın 90 yaşı var və 1982-ci ildən ev muzeyi kimi fəaliyyət göstərir. Mütəxəssislər bildirir ki, indiki vəziyyətdə bina təmir olunsa, bir-iki ilə yenidən yararsız hala düşə bilər”.
Direktor Cəfər Cabbarlının ev muzeyinin Mədəniyyət Nazirliyinin balansında olmadığını diqqətə çatdırıb: "Muzeyin binası Cabbarlı ailəsinin şəxsi mülküdür. Cabbarlılar ailəsi 1903-cü ildən bu binada yaşayıb. Muzey də bizim ailənin şəxsi təşəbbüsü ilə yaradılıb”.
Q.Seyfəddinqızı onu da vurğulayıb ki, mədəniyyət xadimlərinin ev muzeylərinin sökülüb yenidən tikilməsi ilk hal deyil: "Yaxşı olardı ki, Cəfər Cabbarlının ev muzeyi də sökülüb təzədən tikilsin. Amma məqsədimiz tikinti zamanı muzeyin indiki layihəsini saxlamaqdır”.
Muzeyin yerində bina tikilməsi fikrinə gəldikdə isə, direktor bildirib ki, bu fikir kimlərinsə uydurmasıdır.
Amma uydurma kimi baxdığımız xəbərlərin sonradan reallığa çevrildiyinin də az şahidi olmamışıq. Bəlkə də Qəmər xanım «babamı məndən çoxmu sevəcəksiniz» deyə bu məsələ ətrafında hay-küy yaradılmasına əsəbiləşər də.
Amma bir həqiqət də var; dahilər bir ailəyə mənsub olmur. Onlar xalqındır, millətindir.
Sabiq ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev də Cəfər Cabbarlının ev-muzeyinin sökülməsi xəbərinə şərh yazıb. V.Mustafayev fikirlərini sosial şəbəkədə bu şəkildə paylaşıb:
«Azərbaycanın dahi mədəniyyət və ictimai xadimi Cəfər Cabbarlının ev muzeyinin dağıdılması və yerində yeni tikilinin inşası məsələsi tədricən şərti azərbaycanlılarla şərti anti-azərbaycanlılar arasında olan mübahisələrə çevrilməkdədir.
Düşünürəm ki, bu küfrü etmək istəyən azərbaycanlı 2019-cu ildə Cəfər Cabbarlının ev muzeyini dağıtmaq yox, öz mənəvi və maddi axtarışlarının uğursuz nəticələrini dağıtmaq istəyir və bu hekayənin ən dramatik epiloqu ola bilər…
Hekayənin proloqu isə 1979-cu ildə rəhmətlik Heydər Əliyevin təşəbbüsü ilə Cəfər Cabbarlının Ev Muzeyi istifadəyə veriləndə yazılmışdı. Düz 40 il bundan əvvəl!
Bu arada Cəfər Cabbarlını "sovet şairi” adlandıranlar da tapıldı, kommunist adlandıranlar da… Maraqlıdır, bizim millətin Cəfər Cabbarlı kimi neçə ali xadimi var ki, onları, heyfi gəlmədən belə, səviyyəsiz ictimai müzakirələrə çıxardırlar və bunun qiyməti nədir - bir dənə "novostroyka”?
Ola bilməz! Axı Cəfər Cabbarlı kimi dahi insanlar hər bir xalqa Allah tərəfindən çox nadir hallarda sovqat edilir və hər bir toplu bu kimi görkəmli şəxsiyyətləri göz bəbəyi kimi qorumalıdır.
Onu kommunist adlandıranlara bir ismarıcım var – unutmayın ki, Qızıl Ordu Bakıya daxil olanda Məhəmməd Əmin Rəsulzadəni Bakıdan çıxarıb Lahıcda gizlətmək planının iştirakçılarından və icraçılardan biri məhz Cəfər Cabbarlı olmuşdu.
Cəfər Cabbarlının ev muzeyi və ya Mikayıl Müşfiqin heykəlinin, ümumiyyətlə, digər monumental mübarizə təzahürlərinə qarşı alternativ olaraq yenidən düşünmə və milli özünüdərketmə prinsiplərinə qayıtmağı təklif edirəm.
Yeni "binalar” inşa etmək üçün mövcud nailiyyətləri ləğv edib şəhərin toponimikasını dəyişmək lazım deyil.
…Xalqlar öz dahiləri ilə fəxr edir və onları digər millətlərə göstərməklə özünə hörmət qazanır. Məhz bu səbəbdən ser Valter Skottun evini söküb yerində "novostroyka” tikmək heç kimin ağlına belə gəlməz.
Qohumlarının ağlına gəlsə belə - buna Dövlət izn verməz! Dahilər ayrı-ayrı ailələrin yox, Millətin, Dövlətin sərvətidir.
Yaxşı olardı ki, Azərbaycana gələn ərəb turistlərinin proqramlarına "İnfiniti” kimi gecə klublarından əlavə Üzeyir bəy Hacıbəyli və Cəfər Cabbarlının ev muzeylərinə səyahət daxil olunsun. Onsuz da "İnfiniti”yə gecə gedirlər, muzeylərimiz isə gündüz işləyir – hələ arada yatıb yuxularını almağa vaxtları da çatar.
Mənəviyyatı olan adam Yorku dağıtmır, New York (Yeni York) yaradır. Yalnız yaramaz və bivec insan digərlərinin zəhmətinə laqeyd ola bilər və onu öz tumur nəfsi və paxıllığı naminə dağıtmağa cəhd edə bilər və ya dağıdar.
Nizamidən Cabbarlıya çatan alov və Cabbarlıdan Vahabzadəyə qədər qorunan od bu günümüzə incə parıltı şəklində gəlib çatıb. Hardadır o? Nizami Gəncəvinin məqbərəsində, Cəfər Cabbarlının, Bəxtiyar Vahabzadə və digər görkəmli mədəniyyət xadimlərimizin ev muzeylərində. Məhz bu səbəbdən onlara dəymək olmaz!
Müstəqil Memarlar Assosiasiyasının prezidenti Zemfira Budaqova «Şərq»ə açıqlamasında Cəfər Cabbarlının evinin sadəcə, bərpaya ehtiyacı olduğunu dedi:
- Burada söküntüdən söhbət getməməlidir. O evi bərpa etmək lazımdır. Qədim binaların fundamenti çox möhkəm olur. «Sovetski»də yenidənqurma işləri başlayanda Hacı Cavad məscidi üçün də «yararsızdır» dedilər. Halbuki, məscidin özülü hədsiz möhkəm idi. Oradakı daş plitələrin eni 1 metr, uzunluğu 1,5 metr idi. Cəfər Cabbarlının vaxtilə yaşadığı ev də H.Z.Tağıyev dövründə tikilib və möhkəm binadır. Hazırda ən müasir bərpa üsulları var, hər cür texniki imkanlar mövcuddur. Evin bərpasının mümkünsüz olması şəxsən mənə inandırıcı gəlmir. Əsl mütəxəssislər dəvət etməklə evi qoruyub saxlamaq mümkündür. Cəfər Cabbarlı bunu haqq etmir bəyəm?
«Qış parkı» tikiləndə Hacınskilərin tarixi evini arxaya sürüşdürdülər. Amma bu işi lazımi qaydada icra edə bilmədilər. Ona görə də binada çatlar əmələ gəldi. Səhlənkarlıq yolverilməzdir.
Məlahət Rzayeva