Birinci mərhələ bitdi

9-cu sinif şagirdlərinə 45 tapşırıq təqdim edilib



Dövlət İmtahan Mərkəzi (DİM) martın 3-də Bakı, Şirvan şəhərləri və Naxçıvan Muxtar Respublikasının ümumtəhsil müəssisələrinin 9-cu sinfində təhsil alan 37434 şagird üçün buraxılış imtahanının birinci mərhələsini keçirib.

İmtahanda şagirdlərin bilik və bacarıqlarını yoxlamaq məqsədilə tədris dili, riyaziyyat və xarici dil fənləri üzrə ümumilikdə 45 tapşırıq təqdim edilib.

İmtahan prosesi ilə bağlı "Şərq”ə danışan tarix elmi üzrə fəlsəfə doktoru, təhsil eksperti Kamran Əsədov bildirib ki, imtahanın növbəti mərhələsində hər bir fənn üzrə qapalı tipli test tapşırıqlarından istifadə olunacaq: 

"9-cu siniflər üzrə buraxılış imtahanı iki mərhələdə, 3 fənn üzrə keçirilir. Hər iki mərhələdə şagirdlərin bilikləri tədris dili, riyaziyyat və xarici dil fənləri üzrə qiymətləndirilir. Birinci mərhələdə tədris dili üzrə şagirdlərin oxuyub-anlama və yazı bacarıqlarını yoxlamaq məqsədilə açıq və qapalı tipli tapşırıqlardan, yazı işlərindən, riyazi bacarıqları yoxlamaq məqsədilə isə açıq tipli tapşırıqlardan istifadə edilib. 

Eyni zamanda xarici dil üzrə də şagirdlərin oxuyub-anlama, dinləyib-anlama və yazı bacarıqlarını yoxlamaq məqsədilə açıq və qapalı tipli tapşırıqları da təqdim olunub. 3 mart 2019-cu ildə 9-cu sinif şagirdləri üçün keçirilən buraxılış imtahanlarında şagirdlərin bilik və bacarıqlarını yoxlamaq məqsədi ilə tədris dili, riyaziyyat və xarici dil fənləri üzrə ümumilikdə 45 tapşırıq təqdim edilir. 

Nəzərə alsaq ki, riyaziyyat fənni üzrə təqdim olunan 3 situasiya tipli test tapşırıqları şagirdlərə ən çox bal gətirən suallarıdır. Deməli, DİM tərəfindən edilən bu səhv şagirdlərin balına ciddi şəkildə, azı 15 bal təsir göstərə bilər. Söhbət təkcə şagirdlərin balına ciddi şəkildə təsirdən getmir, eyni zamanda bu, azyaşlı uşaqların psixoloji gərginlik, narahatlıq keçirməsinə səbəb olur. Məhz bu suallarda olan səhvlər şagirdlərdə gərginlik yaradır və onlar digər test tapşırıqlarını da yaxşı yaza bilmirlər”.

Yeganə Bayramova