Təcili Tibbi Yardım Stansiyası əyləncə yeri deyil




Sosial şəbəkələrdə Təcili Tibbi Yardım Xidmətinə məxsus maşınların musiqi sədası altında bir xanımın başına dövr etməsini özündə əks etdirən video yayılıb. Görüntülər Bakının Suraxanı rayonu ərazisində 22 saylı Təcili Yardım Stansiyasının həyətində lentə alınıb.

Həmin görüntülər sosial şəbəkələrdə yayıldıqdan sonra, Səhiyyə Nazirliyi tərəfindən araşdırma aparılıb. Araşdırmaların nəticəsi olaraq təcili yardım avtomobillərinin sürücüləri və videodakı tibb bacısı işdən çıxarılıblar.

Sözügedən görüntülər sosial şəbəkələrdə də geniş müzakirələrə səbəb olub. İnsanların böyük qismi səhiyyə işçilərinin düzgün hərəkət etmədikləri qənaətindədirlər.

Videogörüntülərin xoşagəlməz hal olduğunu deyən Təcili Tibbi Yardım Stansiyasının həkimi Şahvələd Məmmədov "Şərq”ə deyib ki, müəyyən qaydalara əməl etmədikləri üçün sürücülər və tibb bacısı işdən kənarlaşdırılıb: 

"Yayılan görüntüləri mən də izləmişəm. Amma bu məsələni şişirtmək nə dərəcədə düzgündür, onu deyə bilmərəm. Çünki Təcili Tibbi Yardım sürücüləri yaşlı insanlardır. Hər halda belə görüntülər olmasa daha yaxşı olardı və bu, olduqca utancvericidir. 

Onsuz da əhalinin sayı artır, həkim çatışmazlığı var. Lakin hər sahədə olduğu kimi, səhiyyə sistemində də müəyyən nizam-intizam qaydaları var. Əlbəttə, Təcili Tibbi Yardım Stansiyası əyləncə yeri deyil. İşçilər müəyyən qaydalara riayət etmədikləri üçün də onlara qarşı cəza tədbirlərindən istifadə olunub”.

Yeganə Bayramova