ABAD ailələrə abadlıq gətirə bilər
Qabil Toğrul: “ABAD xidmət” mərkəzlərinin “ASAN”-ın tərkibində yaradılması bu layihənin uğurlu olacağını deməyə əsas verir”
Respublikanın regionlarında ABAD” (Ailə Biznesinə Asan Dəstək) layihəsinin təqdimatı
prosesinə başlanılıb. Qeyd edək ki, ölkə Prezidenti bir müddət əvvəl Azərbaycan
Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət
Agentliyinin (ASAN xidmət) tabeliyində "ABAD” publik hüquqi şəxsin yaradılması haqqında
fərman verib.
Fərmanda qeyd olunub ki, Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında vətəndaşların
fəal iştirakına, kiçik və orta sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin
artırılmasına və rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək vermək
məqsədilə sosialyönümlü layihələr həyata keçirən "ABAD” (Ailə Biznesinə Asan Dəstək)
mərkəzləri yaradılsın. Bəs görəsən, ekspertlər necə düşünür? ABAD özünü doğruldacaqmı?
Yaxud da bu fond ölkə iqtisadiyyatında hansı rolu oynayacaq?
ABAD-ın yaradılması haqqında fərmanı vaxtında atılmış bir addım kimi dəyərləndirən İqtisadi
Tədqiqatlar Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert Qalib Toğrulun sözlərinə görə, kiçik və orta
sahibkarlığın inkişafı ilə bağlı oxşar dövlət fondları dünyanın əksər ölkələrində var:
"Türkiyə təcrübəsi ilə yaxından tanışam. Orada da fondlar kiçik və orta sahibkarlığa (KOS) başlamaq
istəyən insanlara dəstək olur, maliyyə resurslarını əldə etmələri üçün güzəştli şərait yaradır. Bu
fondların əsas xüsusiyyəti ondan ibarətdir ki, onların verdikləri kredit resursları dövlət
büdcəsindən ayrılan vəsaitlər hesabına təmin edilir. Eyni zamanda bu təsisatların verdikləri
kreditlər güzəştli kateqoriyasına malikdir və bazar səviyyəsində dəfələrlə ucuzdur”. İqtisadçının
sözlərinə görə, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən insanlar maliyyə çatışmazlığından
əlavə məhsullarını bazara çıxarmaq istiqamətində də müəyyən problemlər yaşayırlar: "Artıq bu
işləri ABAD öz üzərinə götürəcək. Fərmanda da öz əksini tapıb ki, "ABAD” Mərkəzləri kiçik və
orta sahibkarlığın, ailə təsərrüfatlarının inkişafı üçün layihələr həyata keçirəcək, biznes planların
hazırlanması, marketinq, brendinq və dizayn, maliyyə-mühasibat, hüquqi yardım xidmətlər
göstərəcək, məhsul istehsalı zamanı alınmalı sertifikatların sadələşdirilmiş qaydada "bir pəncərə”
prinsipi ilə verəcək, istehsal olunan məhsulun daşınmasını və satışını təşkil edəcək və digərfəaliyyətləri həyata keçirəcək. Onların əsas məqsədi sahibkarlıqla məşğul olmaq istəyənlərə
hərtərəfli dəstəyi nəzərdə tutan fəaliyyətlər paketinin həyata keçirilməsidir. Buraya sahibkar
olmaq istəyənlərə təlimlərin keçilməsi, biznes plan hazırlamağın yollarının öyrədilməsi, təqdim
olunan layihələrə birinci mərhələdə əvəzsiz, daha sonra qaytarılmaq şərtilə faizsiz, ondan sonra
aşağı faizli kredit dəstəklərinin verilməsi, sahibkarların beynəlxalq əlaqələrinin qurulması
məqsədilə onların beynəlxalq sərgilərə, konfrans və simpoziumlara göndərilməsi, əvəzsiz və ya
güzəştli laboratoriya xidmətlərinin göstərilməsi, biznes-inkubatorlar yaradan bələdiyyələrə
kömək edilməsi və sair daxildir”.
İqtisadçı "ABAD” Mərkəzlərinin istehsal müəssisələri üçün uyğunluq, gigiyenik sertifikatları
sadələşdirilmiş şəkildə verməsini təqdir etdiyini də vurğulayıb: "ABAD xidmət” mərkəzlərinin
"ASAN”-ın tərkibində yaradılması bu layihənin uğurlu olacağını deməyə əsas verir. Məhz bu
səbəbdən də yeni yaradılan qurumun ASAN Xidmət qədər şəffaf və uğurlu fəaliyyət
göstərəcəyinə inanıram”.
Q.Toğrulun beynəlxalq təcrübəyə əsaslanaraq görmək istədiyi bir məqam da sahibkar olmaq
istəyən şəxslərin öyrədilməsi ilə bağlıdır. Türkiyədə sahibkarlığa yeni başlayan şəxslər üçün 70
saatdan artıq təlimlər keçirildiyini vurğulayan ekspert deyib ki, yalnız kursu uğurla başa vuran
insanlar dəstək üçün KOS fondlarına müraciət edə bilirlər:
"Çox yaxşı olar ki, bizdə də bu təcrübədən istifadə edilsin. Digər bir məsələ isə Fondun sosialyönümlülüyünün qabardılması, aztəminatlı ailələrin bu layihələrə cəlb edilməsi vacibliyinin vurğulanmasıdır. Bu, çox yaxşı haldır, ancaq təbii ki, Fondun əhatə dairəsi daha geniş olmalıdır. Xatırlayırsınızsa, bir müddət əvvəl aztəminatlı ailələrin özünüməşğulluğu məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 6 milyon manat ayrıldı. Belə çıxır ki, oxşar fəaliyyəti adıçəkilən nazirlik də həyata keçirəcək. Əgər belə bir Fond yaradılacaqdısa, onda eyni işin nazirlik tərəfindən görülməsinə nə ehtiyac var? Yaxşı olar ki, bu məsələ "vahid pəncərə” sisteminə uyğunlaşdırılsın”.
Şəymən