Türkiyədə baş verən son hadisələr türk milləti olaraq bizə də təsirsiz ötüşmür. Ümumilikdə Ankaranın yaşadıqları xoş xəbərlərə nə qədər sevinirksə, baş verən pis hadisələrə də bir o qədər kədərlənirik. Hazırda bir tərəfdən Türkiyəylə İraq sərhəddindəki müharibə, digər tərəfdən HDP həmsədrlərinin həbsi də bizə eyni hissləri yaşadır. Türkiyəni yenidən terror alovunun bürüyəcəyindən qorxuruq. O üzdən də hazırda Türkiyədə baş verən hadisələrə görə ciddi narahatlıq keçiririk.
Moderator.az saytı olaraq qardaş ölkədə baş verən bu hadisələrə biganə qala bilməzdik.
Məhz bu məqsədlə Türkiyəni yaxından izləyən "Şərq” qəzetinin baş redaktoru Akif Aşırlıya müraciət edib, fikirlərini öyrəndik. Baş yazar qeyd etdi ki, Türkiyədə yaşanan gərgin hadisələr Azərbaycanda da çox diqqətlə izlənilir və bizi üzür:
"Bu hadisələri, gərginlikləri Ərdoğanın yeritdiyi səhv siyasətin nəticəsi kimi görmək lazımdır. Ərdoğanın yeritdiyi siyasət nəticəsində Türkiyə təklənir, Qərbdən uzaqlaşır. Digər tərəfdən Suriyaya yersiz müdaxilələr,daxildəki quruplaşmalar... O qruplaşmalar ki, əllərində kifayət qədər silah-sursat, partlayıcı maddələr var. Və Türkiyə silahlı qüvvələri, xalqı uzun müddət bu qüvvələrə qarşı mübarizə aparıb, Türkiyənin parçalanmasının qarşısını alıb, ortaya iradə qoyub. İndi bu qruplaşmalara son 15 iyun hadisələri nəticəsində ortaya çıxan yeni bir qüvvə qoşulub. Narazı, kifayət qədər son texnoloji proseslərdən istifadə edən, müəyyən mənada əllərində pul vəsaiti olan insanlardır ki, onlara FETÖ deyilir. Bu qüvvələrin hamısı Ərdoğanın hakimiyyətinə qarşı birləşib. Ərdoğanı götürüb yerinə Türkiyəni də qoymaq olar, bu, Türkiyəyə qarşı savaşdır. Görün, neçə cəbhədə Türkiyəyə qarşı böyük savaş aparılır”.
A. Aşırlı Türkiyədə baş verən son hadisələri prezident Ərdoğanın apardığı səhv siyasətin nəticəsi kimi qiymətləndirib:
"Bu gün çox təəssüf doğuracaq bir haldır ki, Türkiyədə həmişə siyasi tarazlığı qoruyan müxalifət də-CHP, MHP-Ərdoğan kimi səhv siyasət yeridir. Bu da Ərdoğana sərf edir. Artıq Baxçalı köməkçilərinin hesabına tribunaya qalxırsa, demək Türkiyə müxalifəti qocalıb, yeni liderlərə ehtiyac var. Təəssüf ki, yeni liderlər də yoxdur, ortaya çıxmaq imkanları məhduddur. Bu baxımdan Türkiyənin vəziyyəti heç də ürəkaçan deyil.
Bu gün Türkiyə hakimiyyətində intellekt yükü olan insanlar çox azdır. Baş nazir Binalı Yıldırımın müsahibələrini, çıxışlarını ciddi dinləmişəm. Sanki o, aqrar təsəvvürlü bir insandır. Mövlut Çavuşoğlu uzun illər Türkiyənin xarici siyasətinə rəhbərlik edib. Onun Türkiyənin xarici siyasəti, geopolitika ilə bağlı heç bir müsahibəsinə rast gəlməmişik. Belə olan təqdirdə idarəçilikdə təbii ki, çox səhvlər olur. Ərdoğanı çıxmaq şərtilə o komandanın intellekt yükü az olduğu üçün idarəçilikdə də səhvlər var”.
Baş redaktor onu da vurğulayıb ki, bizimçün önəmli olan Türkiyənin bu gərginlikdən sağlam qurtara bilməsidir:
"Bütün dövlətlərin tarixində bir üstün tərəfi olur. Türkiyə dövlətinin tarixində üstün cəhətləri ondan ibarət idi ki, çox sağlam, güclü ordusu olub. Ancaq bu ordu zədələndi, orduya böyük bir zərbə dəydi. Ordu da zədələndisə, demək Türkiyə də böyük zədə aldı. Hesab edirəm ki, çıxış yenə də türk xalqının özündədir. Türkiyə cəmiyyəti toparlana biləcək, necə ki, 15 iyun hadisəsində toparlandılar, çevrilişin qarşısını aldılar, tankların üzərinə getdilər. Həmin o qüvvələr ortaya çıxıb sağlam bir siyasi mühit yaradacaq”.
Rumiyyə MİRASLAN