Rinqdə ölən idmançı ilə bağlı heç kim məsuliyyət daşıya bilməz
Martın 27-də Hövsan Olimpiya Kompleksində ölüm hadisəsi qeydə alınıb. Hadisənin üzərindən bir neçə gün keçməsinə rəğmən idmançının ölümü hələ də gündəmdədir. Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, saat 16 radələrində Mərkəzdə keçirilən "qaydasız döyüş” zamanı Qubadan olan 27 yaşlı Ramin Zeynalov dünyasını dəyişib. İdmançının döyüş vaxtı həyatını itirməsi isə cəmiyyətdə müəyyən suallar doğurub.
Baş verən hadisədə məsuliyyət daşıyan tərəfin olub-olmadığına dair müxtəlif fikirlər səslənir. Hadisənin təfərrüatlarına toxunan Azərbaycan pankration, qrapplinq və MMA Federasiyasının prezidenti Azad Əsgərov hadisənin "Qaydasız döyüş” üzrə yarışda baş verən hadisə kimi təqdim olunmasını qınayıb. Bunun həqiqətə uyğun olmadığını vurğulayan federasiya rəhbəri deyib ki, pankration həvəskar idman növüdür. Bu növdə idmançıların başlarında dəbilqə, ayaqlarında qoruyucu olur. Bu isə o deməkdir ki, bu, "qaydasız döyüş” deyil. Ola bilsin, səs-küy yaratmaq üçün yarışın adını belə təqdim ediblər. İdmançının ölümündə heç kimin günahkar olmadığını bildirən Azad Əsgərov, bunu "Allahın işi” kimi dəyərləndirib: "Həmin oyun döyüş qaydaları çərçivəsində baş tutub. Yarışdan əvvəl keçirilən tibbi müayinədə heç bir problemi yox idi. Ölüm, Allahın işidir. Bu yaxınlarda üzgüçülərdən biri boğulub öldü, maşın yarışlarında baş verən qəzalarda bir çox ölüm halları qeydə alınır. Yəqin ki, Raminin də taleyinə döyüş vaxtı ölmək yazılıbmış”. Eyni zamanda, pankrationun təhlükəli idman növü olmadığını bildirən A.Əsgərov "Mənim də övladım həmin yarışda iştirak edirdi. Yəqin ki, təhlükəli idman növü olsaydı, buna imkan verməzdim”, - deyib.
Qeyd edək ki, idmançının ailə üzvlərinin açıqlamalarında da heç kim günahlandırılmır.
Hüquqşünas Qurban Məmmədov isə hesab edir ki, idman yarışlarının təşkil olunduğu məkan və oyunun təşkilatçısı rəsmi qeydiyyatdan keçibsə, bu hadisədə məsuliyyət daşımır: "Əgər hüquqi şəxs qeydiyyatdan keçibsə, onun nizamnaməsi, əsasnaməsi qaydasındadırsa, idman yarışlarının təşkil edildiyi məkan rəsmi fəaliyyət göstərirsə, yarış iştirakçılarına döyüşün qayda- qanunları ilə bağlı əvvəlcədən xəbərdarlıq edilib, təşkil edilən yarışlarda qaydalara tam əməl olunubsa, burada heç bir qanunsuzluq yoxdur. Adətən döyüşlərdə peşəkar hakimlər tərəfindən döyüşçülərə xəbərdarlıq edilir ki, qurşaqdan aşağı və peysər nahiyəsindən vurmaq olmaz və s. Tam olaraq, bu döyüşün qaydalarını bilmədiyim üçün detallara vara bilmirəm”.
Hüquqşünasın sözlərinə görə, sadalanan tələblər tam şəkildə təmin olunduğu halda döyüş zamanı baş verən ölüm hadisəsinə görə heç kəs məsuliyyət daşımır və bu, doğrudan da, "Allahın işi”, bədbəxt hadisə kimi qiymətləndirilir: "Döyüşmək istəyən hər hansı bir idmançı əvvəlcədən dərk edir ki, bu oyunun sonunda hər şey ola bilər. Yəni bu döyüşün sonunda qalib olmaq, şikəst qalmaq və ölmək var. Adicə, hündürlüyə tullanma yarışlarının özü nə qədər risklidir. 5-7 metr hündürlükdən dirəklə tullanan adamın hər an boynu da sına bilər, beli də qırıla bilər. Odur ki, idman sahəsi ilə məşğul olan bütün insalar nə qədər riskli bir sahəyə gəldiklərini bilirlər”. Konkret olaraq Hövsan Olimpiya Mərkəzində qeydə alınan ölüm hadisəsinə gəldikdə isə Q.Məmmədov deyib ki, ilk öncə bu hadisə ilə bağlı ciddi araşdırmalar aparılmalı, yuxarıda sadalanan halların özünü doğruldub-doğrultmadığı öyrənilməlidir. Yalnız araşdırmaların nəticəsindən sonra baş verən ölüm hadisəsinə görə kiminsə məsuliyyət daşıyıb-daşımadığı müəyyən olunacaq. Bu başdan idman kompleksinin rəhbərliyini günahlandırmaq hüquqa ziddir.
Şəymən