"Ölkəmizdə elektron xidmət sahələrinin getdikcə çoxalması Azərbaycanın inkaşafının göstəricisidir”.
Bunu "Sherg.az”a ötənlərdə İmişli rayonunda növbəti "ASAN xidmət" filianının əhalinin istifadəsinə verilməsindən danışarkən "Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev bildirib.
Fond rəhbəri qeyd edib ki, regionlarda əhaliyə elektron xidmətlərin göstərilməsi tendensiyasını müsbət dəyərləndirir:
" "ASAN xidmət" obyektlərinin ölkənin rayonlarında tikilməsi və onun fəaliyyətə başlanılması vacib və lazımi bir amildir. Məncə, "ASAN xidmət" dünya brendi olmaqla yanaşı həm də əhalinin işinin asanlaşdırılmasını təmin edən bir xidmət sahəsidir. Eyni zamanda regionlarda elektron xidmətlərin geniş yayılması Bakı şəhəri və rayonlar arasındakı bərabərsizliyi aradan qaldırmağa xidmət edir. "ASAN xidmət" ölkəmizə böyük töhfələr bəxş edir. Bu kimi işlərin geniş miqyasda baş tutması sonda vətəndaş məmnunluğu, vəsaitə və vaxta qənaət, nəzakətli rəftara gətirib çıxaracaq.
Həmçinin "ASAN xidmət"in rayonlarda da fəaliyyətə başlaması həmin ərazilərdə yeni bir mədəniyyətin yaranmasına şərait yaradacaq. "ASAN xidmət" yeni bir idarəçilik formasıdır. Regionlarımızda elektron sistemin tətbiqi korrupsiya və sövdələşmə kimi arzuolunmaz halları aradan qaldıracaq. Düşünürəm ki, şəhərlərimizdə olduğu kimi rayonlarımızda da xidmət və digər infrastrukturların yaradılması kəndli və şəhərli tendensiyasını arxa plana keçirəcək. Hazırda bu kimi amillər dünyanın aparıcı trendləridir.
Azərbaycan "ASAN xidmət" vəsitəsi ilə yaxşı mənada dünya ölkələrinin diqqətini özünə çəkə bilib. Azərbaycan xalqının rifahının yaxşılaşdırılmasına xidmət edən sahələrin yaradılmasını alqışlamaq lazımdır. Belə işlər Prezident İlham Əliyevin xalqımızın qayğısına qalmasının bariz nümunəsidir”.
Kənan Eynuroğlu