Avropa Oyunları möhtəşəm olacaq
İyun ayında ölkəmizdə keçiriləcək mötəbər Birinci Avropa Oyunları ətrafında qərəzli informasiya siyasəti davam etdirilir. Məlum dairələrin əlaltıları möhtəşəm tədbirin Azərbaycana verəcəyi dividentləri həzm edə bilmədiklərindən müxtəlif təxribatlara əl atırlar. Görünür, kimlərəsə hesabat vermək məcburiyyətində olanlar qara niyyətlərini həyata keçirmək üçün yayılan hər xırda məqamdan, hətta dezinformasiyalardan belə yararlanaraq fürsəti əldən vermək istəmirlər.
Bu cür təxribatlar ən müxtəlif istiqamətlərdə "inkişaf” etdirilir. Bunlardan biri guya birinci Avropa Oyunlarına alternativ olan digər bir yarışların keçiriləcəyi ilə bağlı yayılan xəbərlərdir. Belə ki, məlum qüvvələr heç bir tutarlı mənbə göstərmədən Bakıda keçiriləcək yarışların mühüm əhəmiyyət daşımadığını, əsas yarışların 2018-ci ildə Qlazqo və Berlində keçiriləcəyini iddia edirdilər. Bu cür xəbərlərin yayılmasında maraqlı olanlar fəaliyyətlərini sosial şəbəkələr, saytlar, müxtəlif qəzetlər vasitəsilə qurur, Avropa Oyunları ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yayırlar. Məlum xarici qüvvələrin yedəyində gedənlər ölkəmizdə keçiriləcək bu yarışları gözdən salmaq üçün, mötəbər idman yarışını şübhə altına qoymaq üçün deyirlər ki, guya ilk Avropa Oyunları ikinci dərəcəli turnirdir. Ancaq onların qərəzli mövqeyinin və yalanlarının çox keçmədən əsassız olduğu üzə çıxdı. Məsələyə münasibət bildirən Avropa Olimpiya Komitələrinin prezidenti Patrik Hikki həmin iddiaları alt-üst edərək, Birinci Avropa Oyunlarını "qitə idmanının ən yüksək zirvəsində dayanan idman tədbiri” olaraq dəyərləndirdi.
Avropa Oyunları ilə bağlı yayılan xəbərlərə münasibət bildirən millət vəkili Fuad Muradovun sözlərinə görə, ölkəmizin qazandığı hər yeni uğur zamanı müəyyən dairələr dərhal qarayaxma kampaniyasına başlayır: "Əslində Avropa Olimpiya Komitəsinin açıqlaması kifayət qədər tutarlı arqumentdir. Lakin bu cür iddiaları ortaya atanlar heç olmasa imzalanan memorandumlara, cəlb edilən böyük şirkətlərin siyahısına nəzər salsınlar. Ən azından bunu düşünsünlər ki, böyük şirkətlər heç vaxt "ikinci dərəcəli yarışlarla” əməkdaşlıq etmir”. F.Muradov bundan əvvəl də Azərbaycanın ev sahibliyi etdiyi mötəbər tədbirlər zamanı analoji vəziyyətin olduğunu diqqətə çatdırıb: "Avroviziya mahnı müsabiqəsi zamanı, yaxud Azərbaycanda keçirilən digər mötəbər tədbirlər öncəsi bənzər hallar baş verirdi. Görünən odur ki, ölkəmizin qazandığı hər yeni uğur zamanı bəzilərinin də qarayaxma kampaniyası başlayır. Bu cür qərəzli və yalan informasiyaların yayılması ondan xəbər verir ki, düşmənlərimiz yetərincə təşvişə düşüb. Xaricdə və ya daxildə, mediada və ya sosial şəbəkələrdə canfəşanlıq edənlər anlamalıdırlar ki, bütün cəhdləri nəticəsiz qalacaq. Eyni zamanda Azərbaycan istənilən beynəlxalq mediaya, informasiya cəhətdən açıq ölkədir. Sadəcə, qərəzli informasiyalar yazmaqdansa, müraciət edib araşdırsalar və doğru informasiya əldə etsələr yaxşı olar. Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi etmək təcrübəsi var. Ölkəmiz üçün bir ilk olsa da düşünürük ki, bundan əvvəl olduğu kimi Avropa Oyunları da müvəffəqiyyət qazanacaq və gələcəkdə bu tendensiya davam edəcəkdir. Bunun üçün Azərbaycan ictimaiyyəti də öz töhfəsini verməli bu cür antimilli kampaniyalara qarşı mübarizə aparmalıdır”.
Avropa Oyunlarının əhəmiyyətinin azaldılmasına istiqamətlənmiş fəaliyyəti şərh edən Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrət bildirib ki, aparılan kampaniyanın yerli iştirakçıları Azərbaycana ermənilərdən daha artıq zərbə vurur: "Ermənistanın Azərbaycanın əldə etdiyi uğurları gözü götürməməsi təbiidir. Aydın məsələdir ki, düşmən ölkə bizim nailiyyətlərimizi heç vaxt obyektiv qiymətləndirməz. Çünki həmin ölkə işğalçıdır, düşməndir və ondan özümüzə yönəlik normal münasibət gözləmək sadəlövhlük olardı. Amma bəzi azərbaycanlıların, hansı ki, onların arasında siyasi iddialılar da az deyil, ermənilər qədər, hətta onlardan daha çox Azərbaycanı qaralamağa, gözdən salmağa istiqamətlənmiş məqsədli fəaliyyətləri məni çox narahat edir. Azərbaycanın uğurları sadəcə hakimiyyətin deyil, bütövlükdə dünyadakı əlli milyonluq Azərbaycan xalqının, ümumilikdə isə Türk dünyasının uğurlarıdır. Bu uğurlara isə yalnız ermənilər başda olmaqla bizim düşmənlərimiz, onlara rəvac verənlər sevinməyə bilərlər. Lakin biz görürük ki, Azərbaycanda oturub siyasi müxalifətçilik edən, alternativ jurnalistika ilə məşğul olan bəzi həmkarlarımız da ölkəmizi ermənilərdən daha çox baltalayırlar. Guya Avropa Oyunları əhəmiyyətsizmiş, yalanmış, guya Bakıda təşkil olunacaq Avropa Oyunları gerçək deyil və s. kimi cəfəng iddialarla çıxış edirlər. Açığı, belə adamlara söz tapıb demək də mümkün deyil. Onlar açıq şəkildə anti-Azərbaycan mövqeyindən çıxış edirlər. Fikrimcə, o adamların ağzı lazımi qaydada yumulmalıdır ki, düşməndən artıq düşmənlər bir daha həyasız və ədəbsiz ifadələrlə Azərbaycana qarşı fəaliyyət aparmasınlar”.
İsmayıl