“Bu, Azərbaycan xarici siyasət idarəsinin və Azərbaycan prezidentinin uzaqgörən, qətiyyətli siyasətinin nəticəsidir”
Milli Məclisin dünənki iclasında Avropa İttifaqı–Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri, deputat Cavanşir Feyziyev Avropa Parlamentinin Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyən qətnamənin qəbulundan danışıb. O bildirib ki, keçən həftə Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin üzvləri ilə birgə Avropa Parlamentinə səfər ediblər: "Bu il AXC-nin 100 illiyi ilə bağlı ölkə xaricində, o cümlədən Avropada çoxlu tədbirlər keçirildi. Biz nümayəndə heyətimizin üzvləri ilə Strasburqa getdik. Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və Azərbaycanın Avronest Parlament Assambelaysındakı nümayəndə heyətinin rəhbəri Sahibə Qafarova həmin tədbirdə çox yüksək səviyyədə iştirak etdilər. Həmin tədbirdə 140-dan çox qonaq iştirak edirdi. Onlara Azərbaycan Xalq Cümhuriyyəti haqqında dəyərli məlumatlar verildi. Bu tədbirlərdən sonra Avropa Parlamentinin plenar sessiyası keçirildi və Avropa İttifaqının Xarici Fəaliyyət və Təhlükəsizlik siyasətinə dair illik hesabatı müzakirə edildi”.
C.Feyziyevin qeyd edib ki, sənəddə bütün "Şərq tərəfdaşlığı ölkələri”nin, o cümlədən Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin tanındığı öz əksini tapıb, sonda isə qətnamə qəbul edilib: "Qətnamədə Avropa İttifaqının və İttifaqa üzv olan dövlətlərin regional münaqişələrə ikili yanaşmasını qadağan edən maddələr yer alıb. Erməni lobbisinin maraqlarına xidmət edən bəzi parlamentarilərin cəhdlərinə baxmayaraq, qətnamə böyük səs çoxluğu ilə təsdiqlənib. Müzakirələrdən sonra qəbul edilmiş qətnamədə Azəbaycanın maraqlarına tam uyğun gələn bəndlər yer alıb. Belə ki, sözügedən sənəd Avropa İttifaqı Şərq Tərəfdaşlığı ölkələrindəki dondurulmuş münaqişələrə vahid mövqedən yanaşma tələb edir. Sənəddə bütün "Şərq tərəfdaşlığı ölkələri”nin, o cümlədən Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və sərhədləri tanınır. Bu ilki hesabatda təsdiq olunur ki, "Şərq tərəfdaşlığı ölkələri”ndə dondurulmuş münaqişələrin həllində beynəlxalq hüquq normaları əsas götürülməlidir.

Qətnamənin qəbul edilməsi onu göstərir ki, Avropada artıq Azərbaycanın haqq səsini eşidirlər. Bu Azərbaycan xarici siyasət idarəsinin və Azərbaycan prezidentinin uzaqgörən, qətiyyətli siyasətinin nəticəsidir. Qətnamədə yer alan digər vacib müddəa isə qaçqın və məcburi köçkünlərlə bağlıdır. Sənəddə "Şərq tərəfdaşlığı” regionundakı münaqişələr zamanı yurd yuvasından didərgin düşmüş insanlara Avropa İttifaqı tərəfindən yardımların edilməsini nəzərdə tutur. Avropalı parlamentarilər yekun qətnamənin obyektiv əsaslara söykəndiyini deyir. Xarici Fəaliyyət və Təhlükəsizlik siyasətinə dair yekun qətnamənin müzakirəsi zamanı erməni lobbisinin təsiri altında olan bəzi parlamentarilərin cəhdləri nəticəsiz qalıb. Belə ki, onlar qətnaməyə xalqların öz müqəddəratının təyin etməsilə bağlı maddənin daxil edilməsini təklif etsələr də, təklif böyük səs çoxluğu ilə rədd edilib”. Deputat vurğulayıb ki, qətnamədə xalqların öz müqəddəratını təyin etmə prinsipindən söz açılmayıb: "Erməni lobbisinin səylərinə baxmayaraq, öz müqəddəratını təyin etmə məsələsi bu məruzəyə salınmadı. Bütün bunlar Azərbaycan rəhbərliyinin apardığı uğurlu xarici siyasət dayanır. Artıq yavaş-yavaş Azərbaycana qarşı ikili yanaşmalar aradan qalxır”.

Deputat Qüdrət Həsənquliyev Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qətnamənin böyük uğur və qələbə olduğunu deyib:
"Avropa Parlamenti ilk dəfədir ki, belə qətnamə qəbul etdi. Biz adətən görürdük ki, Avropa Parlamenti Ukrayna, Moldova və Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir, münaqişənin isə sülh yolu ilə həll edilməsinin vacibliyini vurğulayırdı. Azərbaycana isə deyirdilər ki, gedin ermənilərlə razılaşın. Beləcə dolayısı yolla ermənilərə dəstək verirdilər. İlk dəfədir ki, Avropa Parlamenti Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və münaqişənin ərazi bütövlüyü çərçivəsində həllini vacib saydı. Bu ,Azərbaycan parlamentinin böyük uğurudur. Mən Cavanşir Feyziyev başda olmaqla bu tədbirdə iştirak edən həmkarlarımızı təbrik edirəm. Hesab edirəm ki, son dövrlər ikinci diplomatik qələbə odur ki, artıq Ermənistan təklənib. Düşmən ölkə hətta öz müttəfiqlərini itirir. Bu səbəbdən də hesab edirəm ki, Azərbaycan Ermənistana təzyiqlərini artırılmalı, 2019-cu il Dağlıq Qarabağın azad edilməsi ili olmalıdır!”.
"Avropa Parlamentində Azərbaycanla bağlı atılan addımlar sözün əsl mənasında vacib və gözlənilən nəticə idi". Bu sözləri isə millət vəkili Səməd Seyidov səsləndirib. O bildirib ki, millətimizin ən ağrılı problemi olan Dağlıq Qarabağ məsələsi bu gün Avropanın ən böyük, nüfuzlu, təsir etmə imkanına malik olan, Avropa üçün istiqaməti müəyyən edən Avropa Parlamentinin sənədində birmənalı şəkildə öz əksini tapıb. Onun sözlərinə görə, Avropa Parlamentində münaqişə ilə bağlı bir neçə nəticə var ki, bu nəticələr mütləq şəkildə səslənməlidir:
"Cəmi iki il bundan öncə Avropa Parlamenti Azərbaycana qarşı ağlasığmaz dərəcədə mənfi qətnamə qəbul etmişdi. Lakin Azərbaycan iqtidarının, parlamentinin mütəşəkkil, ardıcıl, məntiqli işləri nəticəsində belə gözəl nəticə əldə edildi”. S.Seyidov vurğulayıb ki, birgə görülən iş mütləq şəkildə öz nəticəsini verməli idi”.
Qeyd edək ki, Avropa Parlamentinin Strasburqda keçirilən plenar sessiyasında təqdim olunan məruzədə Azərbaycanın ərazi bütövlüyü, sərhədlərinin qorunması öz əksini tapmaqla yanaşı, "Şərq tərəfdaşlığı” ölkələrində münaqişələrin sülh və ərazi bütövlüyü prinsipi əsasənda həll olunmasının vacibliyi qeyd edilib. Bundan əlavə, sənəddə "Şərq tərəfdaşlığı” ölkələrində mövcud münaqişələrdən əziyyət çəkənlərə, qaçqın və məcburi köçkünlərə yardım edilməsi öz əksini tapıb.
Anar Bayramoğlu