AXC liderləri “KQB”yə işləyib?

Arzu Nağıyev arxivlərin açılmasını məqbul saymır, İlqar Altay isə əksini düşünür
Sabiq dövlət müşaviri Eldar Namazov britaniyalı jurnalist, analitik Tomas De Vaala müsahibəsi zamanı AXC liderlərinin bir çoxunun keçmiş Dövlət Təhlükəsizlik Komitəsinə işlədiyini iddia edib. Eldar Namazovun cəbhəçilər haqqında dedikləri qarşı tərəfin sərt reaksiyasına səbəb olub. Xatırladaq ki, Tomas De Vaal Qarabağ münaqişəsi ilə bağlı qələmə aldığı kitabda bu məsələyə geniş yer ayırıb.
Müəllif yazıb ki, Eldar Namazov SSRİ zamanı hakimiyyət orqanlarının onu ələ almağa çalışdığını, lakin bu cəhdlərin uğursuzluqla nəticələndiyini söyləyib. Keçmiş dövlət müşavirinin etiraza səbəb olan sözləri kitabda bu cür yazılıb: "Onlar məni köhnə Lenin meydanında yerləşən Hökumət Evinə dəvət etdilər. Mənə 1988-ci il meydan hərəkatında iştirak edən tanınmış ictimai fiqurların adlarını dedilər. Mitinq zamanı tribunada çıxış edən adamların siyahıda göstərilən şəxslər olduğunu gördüm. Həmin adamların çoxu tarixə AXC liderləri kimi düşüblər”. Ancaq kitab müəllifi Eldar Namazovun "agentlərin” adlarını açıqlamadığını qeyd edib. Müsahibə mediada yayıldıqdan sonra cəbhəçilər və hərəkat liderləri Eldar Namazovu ciddi tənqid etməyə, onun dediklərini təkzib etməyə başlayıblar. Etiraz bildirənlər tələb ediblər ki, əgər həqiqətən belə fakt olubsa, onda keçmiş KQB arxivləri açılmalı, həmin şəxslərin adları ictimaiyyətə açıqlanmalıdır.
Məsələ ilə bağlı "Şərq”ə danışan keçmiş MTN zabiti, təhlükəsizlik məsələləri üzrə ekspert Arzu Nağıyev tərəflər arasında gedən mübahisənin absurd olduğunu deyib. Ekspertin fikrincə, KQB arxivlərinin açılması məqsədəuyğun deyil:
"Hansısa siyasi qüvvələrin danışmağa sözləri qalmadığı üçün kimin hara "işləməsi” məsələsini ortaya atıblar. KQB arxivlərindən siyasi motivlər üçün istifadə etməyə çalışan şəxslər nə etdiklərinin fərqində deyillər. Çünki burada söhbət sadəcə siyasi məsələlərdən getmir. Qurumun arxivlərində mühüm iqtisadi cinayətlər, adam oğurluqları, kiçik yaşlı uşaqların təcavüzə məruz qalması, terrorçu təşkilatlarla əməkdaşlıq edənlərin siyahısı və bir çox həssas məqamlar var. Arxivlərin açılması zamanı ortaya çıxan bəzi məsələlər ciddi fəsadlara səbəb ola bilər. Hesab edirəm ki, ayrı-ayrı siyasi güclərin oyunlarına aldanmaq lazım deyil. Siyasi karyeraya yön vermək üçün minlərlə insanın taleyi ilə oynamaq yolverilməzdir. Ümumiyyətlə, belə məsələlərdən uzaq durmaq lazımdır. KQB-nin agentura şəbəkəsi incə bir məsələdir. Özü də konkret olaraq kimin hara işləməsini müəyyən etmək mümkün deyil”.
Kriminalist-tədqiqatçı İlqar Altay isə düşünür ki, KQB arxivlərinin açılması bir sıra hallarda xeyirlidir: 
"Dövlətin, xalqın və cəmiyyətin əleyhinə işləyən şəxslərin ifşa olunması, insanlar tərəfindən tanınması vacibdir. O mənada ki, bir də heç kim belə qələt etməsin, başqaları üçün dərs olsun. Ancaq arxivlərin açılmasında müəyyən istisnalar olmalıdır. Ola bilsin, bəzi şəxslər KQB ilə əməkdaşlığı dövlətin, Vətənin və xalqın xarici düşmənlərdən təhlükəsizliyi naminə ediblər. Yəni bunu özlərinə borc biliblər. KQB-nin xalqa, demokratik qüvvələrə qarşı olduqca mənfur əməlləri olmaqla yanaşı, sabitliyin qorunması, xarici güclərə qarşı mübarizəsi də olub. Əgər atom zavodunun işçisi xarici kəşfiyyatın və ya onların əlaltılarının ölkədə törədəcəyi böyük ziyanın qarşısını almaq üçün KQB ilə əməkdaşlıq edirsə, ona "sağ ol” düşür. Xüsusi xidmət orqanlarının arxivlərinin açılması ciddi məsələdir. Arxivlər açılan zaman xarici xüsusi xidmət orqanlarının əlinə mühüm fakt və vacib informasiyalar da düşə bilər. Eyni zamanda vaxtı ilə müxtəlif səbəblərdən təhlükəsizlik xidmətləri ilə əməkdaşlıq edənlərin övladları, nəvələri cəmiyyət qarşısında çıxılmaz vəziyyətə düşə, gözdən salına bilərlər. Bir sözlə, arxivlərin açılmasının tərəfdarıyam, amma küyə düşüb qeyri-ciddi formada hərəkət etmək dövlətçiliyə böyük ziyan bura bilər”.
İsmayıl