Azərbaycanda 1,6 milyon şagirdin bahalı telefonu var

Bu telefonların puluna, bəlkə də 3 dənə məktəb binası inşa etmək olar
Valideynlər uşaqlarına ən bahalı mobil telefon, planşet alır, amma dərslik almağa pulları “tapılmır”





Məktəbin holunda mühafizə dolabları yaradılsın və şagirdlər mobil telefonlarını, planşetlərini və sairə texniki vasitələrini ora qoysunlar, dərslər bitib evə getdikdə, hər kəs öz dolabından telefonunu alsın


Bakı şəhərindəki məktəblərdən birində baş vermiş olay mobil telefon məsələsini də gündəmə gətirdi. Məlum olay məhz mobil telefonla görüntüyə alındığından, "şagirdlərin mobil telefonla dərsə gəlməsinə icazə verilməlidirmi” sualını da aktuallaşdırdı. Hazırda mobil telefonu olmayan şagird yəqin, çox azdır. Valideynlər övladlarının əlinə mobil telefon verib dərsə yola salır.

Əsas da gətirirlər ki, uşaqlardan narahat oluruq, tez-tez zəng edib evə gəlib-gəlmədiklərini soruşuruq. Amma göründüyü kimi, yol-nəqliyyat narahatlığını aradan qaldırmaq üçün uşaqlara verilən mobil telefonlar hansısa iyrənc məqsədlər üçün də istifadə edilə bilirmiş. Hətta mobil telefonları ilə müəllimlərinin gizli halını çəkib uşaqlar arasında yayan dələduzlar - vələdüznalar da tapılır.

Problemi necə həll etmək olar? Təhsil eksperti Kamran Əsədov "Şərq”ə açıqlamasında təklif irəli sürdü: "Məktəbin holunda mühafizə dolabları yaradılsın və şagirdlər mobil telefonlarını, planşetlərini və sairə texniki vasitələrini ora qoysunlar, dərslər bitib evə getdikdə, hər kəs öz dolabından telefonunu alsın. Bu qədər sadə bir mexanizm tətbiq etmək mümkündür, əgər şagirdlərə əllərindəki texniki vasitələrdən düzgün istifadə öyrədilmirsə”. K.Əsədov qeyd etdi ki, "Təhsil Haqqında” qanuna, 2012-ci ildə qəbul olunmuş Ümumtəhsil Məktəblərinin Nümunəvi Nizamnaməsinə və Mülki Prosessual Məcəlləyə görə orta məktəb şagirdlərinin texniki vasitələrdən istifadəsi qadağan deyil. Lakin şagird texniki vasitələrdən tədrisin gedişatını pozacaq addımlar atılması məqsədilə istifadə etməməlidir.

Yəni, əgər şagirdin mobil telefonu dərs saatı ərzində zəng çalırsa və şagird də telefonu açıb danışırsa, bu, dərsin gedişatının pozulmasıdır. Və yaxud şagird şəxsi planşeti ilə, telefonu ilə dərs zamanı icazəsiz və tədrisə aidiyyəti olmayan videoçəkiliş aparırsa, bu da tədrisi pozan hərəkətlərdir:

- Dünyanın əksər ölkələrində şagirdlər texniki vasitələrdən istifadə edir. Amma Avropa məktəblərində dərsin gedişində şagirdlər texniki vasitələr sayəsində biliklərini artırır, məlumatlar əldə edirlər. Bizdə, bəlkə də 1,6 milyon şagirdin bahalı telefonu var. Bu telefonların puluna, bəlkə də 3 dənə məktəb binası inşa etmək olar. Valideynlər uşaqlarına ən bahalı mobil telefon, planşet alır, amma dərslik almağa pulları "tapılmır”. Bu, paradoksdur. Təhsil Nazirliyi kifayət qədər elektron resurslara malikdir. E-kitab, E-məktəb layihələri var. Amma nə məktəblər, nə də şagirdlər bu elektron resurslardan istifadə etmir. Çünki məktəb şagirdin qarşısında bəlli hədəflər qoymur. Malik olduğumuz texniki vasitələrdən düzgün istifadəni şagirdlərə öyrətmirlər. Problem bundan yaranır. 

Məktəbli üzərində mobil telefon gəzdirməlidirmi? Axı bu, uşaqdır. Ona kim zəng edir, dərs zamanı o, kiminlə danışmaq məcburiyyətində qala bilər? Hər hansı ekstremal vəziyyət yaranarsa, məktəbdə onsuz da bütün şagirdlərin ev ünvanı, valideynlərinin telefon nömrəsi və s. məlumatlar var. Zəng edib xəbərdar edəcəklər. 

Şagirdlərin əlinə mobil telefon, planşet verib məktəbə yola salmaq yalnız qudurğanlıq, özündən müştəbehlik əlamətidir. Xüsusilə də əgər bu texniki vasitələrdən məktəblərdə tədris prosesində istifadə olunmursa. Bizim müəllimlər də dərs prosesində foto çəkdirib sosial şəbəkələrdə paylaşmaqla məşğuldurlar, guya ki, işləyirlər. Baxın, avropalılar texniki vasitələrdən istifadəni düzgün təşkil edir. Biz isə əlimizdəki resurslardan düzgün istifadə etməyi bacarmırıq.

Məlahət Rzayeva