İstanbulun Sarıyer rayonunda 14 yaşlı K.D. aralarında münaqişə olan şəxsin evinin qarşısında Kalaşnikovla havaya atəş açıb.
Sherg.az Habertürk-ə istinadən xəbər verir ki, hadisə Çayırbaşı məhəlləsində baş verib. Polis ərazidə 5 ədəd giliz aşkar edib. Təhlükəsizlik kameralarının görüntüləri araşdırıldıqdan sonra atəş açanın K.D. olduğu müəyyənləşdirilib.
Araşdırma zamanı Kalaşnikovun iki mərtəbəli, istifadəsiz binada gizlədildiyi üzə çıxıb. K.D.-nin silahı divan süngərinin içərisinə yerləşdirərək çantada saxladığı müəyyən edilib.
Hadisə ilə bağlı K.D. saxlanılıb. Onun yanında olan 16 yaşlı B.D. və D.Ç.-nin də hadisə zamanı ərazidə olduğu müəyyənləşdirilib. Atəş açma anları mobil telefon kamerasına da düşüb.
Polis ərazidə apardığı yoxlama zamanı 17 yaşlı B.S.-ni də saxlayıb. Onun üzərindən lisenziyasız tapança aşkarlanıb. Bu zaman polis əməkdaşlarına müqavimət göstərən 49 yaşlı Serkan E., 27 yaşlı Hakan E. və 23 yaşlı Haktan E. də saxlanılıb.
Serkan E. və Hakan E. sonradan sərbəst buraxılıb. K.D. odlu silahlar haqqında qanunu pozmaq və ümumi təhlükəsizliyi qəsdən təhlükə altına qoymaq, B.S. isə odlu silahlar haqqında qanunu pozmaq ittihamı ilə məhkəməyə göndərilib.