ABŞ Prezidenti Donald Tramp administrasiyası İran Prezidenti Məsud Pezeşkian və xarici işlər naziri Abbas Əraqçiyə BMT Baş Assambleyasının Nyu-Yorkda keçiriləcək yüksək səviyyəli həftəsində iştirak etmək üçün viza verilməsini təsdiqləyib.
Bu barədə “Associated Press“ məlumat yayıb.
ABŞ Dövlət Departamentindən bildirilib ki, İranın “əsas nümayəndə heyəti”, eləcə də onun fəaliyyətini təmin etmək üçün zəruri olan əməkdaşlar viza alıblar.
“BMT-nin yerləşdiyi ölkə kimi öhdəliklərimizə uyğun olaraq, İran rejiminin əsas nümayəndə heyəti BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsində iştirak edə biləcək”, – Dövlət Departamentindən bildirilib.
İran nümayəndə heyətinin üzvlərinə Nyu-Yorkda hərəkətlə bağlı məhdudiyyətlər tətbiq ediləcək. Onlara, həmçinin lüks və bəzi digər kateqoriyalara aid malların alınması qadağan ediləcək. Dövlət Departamenti 2026-cı ildə İran nümayəndə heyətinin ötən illə müqayisədə daha azsaylı olacağını açıqlayıb.
Qərar ABŞ və İran arasında altı aydan çoxdur davam edən hərbi qarşıdurma fonunda qəbul edilib.