Kimsə gedib o soyuducudan çörək və ya hansısa ərzağı götürəcəksə, nə yaxşı!..
Paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsində "sosial soyuducu” xeyriyyə aksiyası təşkil
edilib. Qəsəbənin mərkəzi küçələrindən birində səkiyə ikikameralı soyuducu yerləşdirilib.
Soyuducunun bir tərəfində "ehtiyacın varsa, götür”, digər tərəfində isə "ehtiyacın yoxdursa,
gətir” sözləri yazılıb. Xatırlayırsınızsa, bir müddət əvvəl oxşar xeyriyyə aksiyası "ehtiyacın
varsa, götür.
Ehtiyacın yoxdursa, as” şüarı altında Bakının Şüvəlan qəsəbəsində keçirilirdi. Əsasən geyim
əşyaları, bəzən hətta ev əşyaları da ehtiyaclı insanlar üçün qoyulurdu. Aksiyanın məqsədi bu idi
ki, kimin istifadə etmədiyi, artıq geyinmədiyi paltarlar, üst geyimləri varsa, gətirib təhvil versin,
ehtiyacı olan, lakin maddi imkansızlıqdan əldə edə bilməyənlərsə, gəlib mağazadan lazım olan
əşyaları götürsünlər.
Hazırda Biləcəri qəsəbəsində qoyulmuş sosial soyuducu da bu funksiyanı
daşıyır. Aksiyanın təşkilatçısı Emin Abdullayev "Xəzər” televiziyasına müsahibəsində bildirib
ki, aksiyada məqsəd həm də israfçılığın qarşısını almaqdır: "biz bu soyuducuları o məqsədlə
qoymuşuq ki, kimin imkanı varsa, hansısa qida məhsulu artıqdırsa, gətirib soyuducuya
yerləşdirsin, ehtiyacı olan vətəndaşımız isə gəlib götürsün. Bəzən toy məclislərində, yasmərasimlərində xeyli ərzaq, yemək istifadə olunmamış qalır. Yaxşı olar ki, toy və ya yas
mərasimi sahibləri istifadə olunmamış ərzaqları, yeməkləri sosial soyuduculara təhvil versinlər.
Elə ailələr var ki, gündəlik gəlirləri yoxdur. İnsanların bəzən gündəlik çörəyə, yağa, pendirə,
südə... ehtiyacı yaranır. Belə ərzaqları əldə edə bilməyənlər, gəlib buradan istədiklərini götürə
bilər.
E.Abdullayev bildirib ki, sosial aksiyadan 50-yə yaxın insan artıq bəhrələnib. Təşkilatçı
aksiyanın 800 nəfər üçün nəzərdə tutulduğunu bildirib.
"Sosial soyuducu” aksiyası şəhər sakinləri tərəfindən maraqla qarşılanıb. Əksəriyyət belə hesab
edir ki, bu tip aksiyalar kasıb, aztəmintalı ailələrin gündəlik ehtiyaclarının ödənməsinə kömək
edəcək.
Sosioloq Lalə Mehralı da "Şərq”ə açıqlamasında belə xeyriyyə aksiyalarının cəmiyyət üçün
faydalı olduğunu bildirdi:
- Xarici ölkələrdə belə aksiyalar həmişə keçirilir. Hətta iri supermarketlər, holdinqlər bəzən ildə
bir-iki dəfə, ya da Milad bayramı ərəfəsində belə sosial aksiyalar keçirir, artıq gəlirlərini
vətəndaşlara hədiyyə formasında təqdim edirlər. Marketlər ilk açılış günlərində, əlamətdar
tarixlərdə müəyyən ərzaq mallarının pulsuz satışını təşkil edirlər. Elə ölkələr var, orada evi
olmayan, küçədə qalan insanlara yardım edilir, onlar üçün çadırlar, sosial mənzillər tikilir, isti
yeməklə təmin edilirlər. Bu cür aksiyalar yardımlaşmanı sosial dəyərə çevirmək məqsədi daşıyır
və çox da müsbət nəticələri olur. İnsanlar arasında səmimiyyət yaradır, mehribanlıq, şəfqət, sevgi
hisslərini gücləndirir. Biz son illər insanların aqressivləşməsindən, zorakılığın, cinayətkarlığın
artmasından danışırıq. Zorakılıq 21-ci əsrin bəlasına çevrilib. Bu həm də ona görə belədir ki,
insanlıq itir getdikcə. İnsanlar biri-birindən uzaqlaşır, biri-birinin dərdini, problemini bilmir,
kömək etmirlər. Çünki çox zaman biz nəinki yaxın qohumumuzdan, dostumuzdan, bəzən hətta
ailə üzvlərimizdən də xəbərsiz oluruq. Kimin nə problemi var, bilmirik. Bu, insanları biribirindən ayrı salır, insanlar arasında sədlər yaradır. Ancaq hansısa xeyriyyə aksiyası insanda belə
fikir formalaşdırır ki, yaxşı adamlar var, kiməsə kömək edirlər. İnsan belədə özünü tənha hiss
etmir. Çətinə, dara düşərsə, kiminsə ona əl uzadacağına ümid edir.
L.Mehralı qeyd etdi ki, hazırda aztəminatlı ailələrin sosial aksiyalara böyük ehtiyacı var:
- Kimsə gedib o soyuducudan çörək və ya hansısa ərzağı götürəcəksə, nə yaxşı!.. Belə sosial
soyuducular bir çox yerlərdə quraşdırılmalıdır. Çünki ehtiyaclı insanlarımız var. Çalışmaq
lazımdır ki, xeyriyyə aksiyaları geniş kütlələri əhatə etsin.
Məlahət Rzayeva