Bakının yağış sularından qurtarmağın yolu var

“Faşistlərdən gizlənən Mixaylo ilə Veselin məhz həmin yağış kollektorunun içiylə hərəkət edirlər”
“Qaldırsınlar köhnə çertyojları, harda ki, asfaltların kənarında dəmir məhəccərlər olub, təyin etsinlər, onların üstünü açsınlar, su da axsın”

"Uzaq sahillərdə” filmində Mixaylo ilə Veselinin kinoteatrı partlatmasından sonra yeraltı tuneldə suları yara-yara irəlilədikləri epizod var. Filmin bu hissəsi yetişəndə həmişə deyərdilər ki, Mixaylo kanalizasiya suyunun içiylə gedir. Biz tamaşaçılar da qeyri-ixtiyari diksinərdik; necə yəni, kanalizasiyanın içiylə?!. Vay, vay!.. Zir-zibilin içində necə kinoya çəkiliblər?! Deməyəsən, bu kanalizasiya bizim düşündüyümüz ayaqyolu sularının axıdıldığı kanalizasiya deyilmiş. Üzərindən tam da 60 il keçəndən sonra Baş nazirin birinci müavini Abid Şərifovun axtarışına çıxdığı yağış kollektoru imiş. Bu yağış kollektorunu hardan, necə tapdığımız az sonra bilinəcək. Amma əvvəlcə Baş nazirin birinci müavini, eyni zamanda Azərbaycanın Fövqəladə hallar üzrə Dövlət Komissiyasının sədri Abid Şərifovun yağış kollektorunu niyə axtardığını xatırladaq. Bəlkə xatırlatmaya heç ehtiyac da yoxdu. Çünki neçə gündür paytaxt əhalisi yağış sularının əlində qalıb. "Ayağında” desək daha doğru olar; ayaqlarımız suyun içindədir axı... Yağış normasını bir az artıq eləyən kimi, şəhərimiz suyun altında qalır. Bilən də, bilməyən də (Abid müəllimin gileyi məhz bu tərzdədir - red.), danışır: biri deyir, kanalizasiya xətləri köhnəlib, suyu axıtmır, biri deyir, yox, kanalizasiya yerli-dibli yoxdu, başqası deyir "asfalt çəkəndə suyun axması üçün dəlmə-deşik qoymayıblar...”. Hamı kanalizasiya, su, yol çəkənləri qınayır, onlarsa, heç bilinmir kimi. Bərkə düşəndə, təbiəti. Yağış çox yağdı, ona görə hər yeri su basdı. Və həmən də, yaxın-uzaq sahillərdə subasmalar xatırladılır. Filan ölkədə belə təbii fəlakət baş verdi, filan şəhərdə əhali suyun içində qaldı və sair və ilaxır.

Abid Şərifov da məhz bunlardan danışıb. Hörmətli Baş nazirin birinci müavini Bakının sel-sulara qərq olmasının səbəbini göstərməyə çalışıb.

"Kanalizasiya xətləri yoxdursa... bunun qarşısını necə almaq olar?!”

A.Şərifov Ölkə.Az-a açıqlamasında deyib ki, paytaxtda yaranan bu cür problemlərin səbəbi Bakı şəhərində yağış kanalizasiyasının olmaması ilə əlaqədardır. Onun sözlərinə görə, Bakı şəhərində yağış kanalizasiyasının qurulması üçün milyardlarla vəsait tələb olunur:

"Məgər güclü yağışlar Bakıdan başqa şəhərlərdə problem yaratmır?! Yaxud da dünyada təkcə Bakı şəhəri təbii fəlakətlərə, qışa, selə hazır deyil?! Birincisi, selə, leysana heç kəs əvvəlcədən tam hazır ola bilməz. Hər bir şəhərdə yağışlar problem yaradır.

Digər tərəfdən isə Bakı şəhərində kanalizasiya kollektoru 50-60 il əvvəl salınıb. Çox təəssüf ki, bəzi mətbuat orqanları problemin kökünü anlamadan çaşdırıcı məlumatlar yayır. Bakıda yağışlar yağan zaman bir sıra qəzetlər ağıllarına gələni yazırdı. Ancaq onlar başa düşmür ki, Bakı şəhərinin kanalizasiyası 50-60 il əvvəl salınıb. Bakıda həmin vaxt cəmi 1 milyona yaxın əhali yaşayırdı. Ona görə də onda salınan kanalizasiya xətləri 1,5-2 milyon nəfərlik əhali üçün hesablanıb.

İndi isə Bakı sürətlə inkişaf edir, bu, göz qabağındadır. Doğrudan da bu şəhər böyüyür, əhalisi artır. Ancaq Bakının kanalizasiya xətləri indikindən bir neçə dəfə azsaylı əhali üçün salınmışdı. Əgər yağış yağırsa və həmin yağış sularının axması üçün kanalizasiya xətləri yoxdursa, o zaman bunun qarşısını necə almaq olar?! İndi Bakıda yağışdan sonra yaranan bütün problemlərin kökündə də məhz bu amil dayanır”. A.Şərifov vurğulayıb ki, Bakı şəhərində kanalizasiya kollektorunun salınması elə də asan məsələ deyil:

"Bunun üçün gərək Bakı şəhərinin bütün asfalt yollarını dağıdıb, yenidən salasan. Ona görə də Bakıda yağış suları üçün nəzərdə tutulan kanalizasiya xətlərinin yüksək səviyyədə salınması hər hansı məmurun, icra başçısının bacardığı iş deyil. Bunun üçün dövlət proqramı hazırlanmalıdır. Artıq paytaxtın kanalizasiya xətlərinin təqribən 70 kilometrə yaxın hissəsi yenilənib. Bu kanalizasiya yerin altı ilə tunellərlə gedir və heç kəs də onu görmür. Hazırda bu istiqamətdə hazırlıq işləri gedir. Yəqin ki, bunun icrasına yaxın illərdə başlanılacaq. Bundan sonra isə Bakının kanalizasiya xətlərinin yenidən qurulması işlərinə başlanılacaq. İndi Bakıda elə yerlər var ki, oradan keçən kanalizasiya xətləri 30 metr dərinlikdə yerləşir”.

Bu, A.Şərifovun məlum açıqlamasıdır. Göründüyü kimi, Baş nazirin birinci müavini hətta qəzetçiləri də günahkar sayır. Və özünə ünvanlanmalı olan sualı - "əgər yağış yağırsa və həmin yağış sularının axması üçün kanalizasiya xətləri yoxdursa, o zaman bunun qarşısını necə almaq olar?!” - mücərrəd bir ünvana "transfer edir”. Görəsən, çarəsizcə havada uçuşan sualın cavabı kimdən istənilir?

Bu arada onu da deyək ki, "Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Abid Şərifovun "yolları dağıtmaq” təklifinə reaksiya verib. Modern.az.a açıqlamasında A.Nəcəfli deyib ki, bu, yalnız dövlət proqramı əsasında reallaşa bilər:

"Kommunikasiya xətlərinin yerin üstü ilə çəkilməsi mümkün deyil. Çünki ərazidə yaşayış evləri və tikililər var. Ona görə də ən optimal variant kommunikasiya xətlərinin asfaltın altı ilə çəkilməsidir. Əgər kanalizasiya, kollektorların yenilənməsilə bağlı dövlət proqramı olarsa, bu, reallaşa bilər”.

Bəli, görünən budur ki, yağış sularından necə xilas olmaq çox başları ağrıdır. Amma çarə varmış və çətin də deyilmiş.

"Bakının yağış kollektoru var...”

Müstəqil Memarlar Assosiasiyasının rəhbəri Zemfira Budaqova "ölümdən başqa, hər şeyə çarə var” deyib, bayaq misal çəkdiyimiz "Uzaq sahillərdə” filmindən başladı.

Z.Budaqova qeyd etdi ki, vaxtilə Bakıda yağış suları üçün ayrıca kollektor olub. "Uzaq sahillərdə” filmində həmin kollektor tarixə düşüb. Filmdə faşistlərdən gizlənən Mixaylo ilə Veselin məhz həmin yağış kollektorunun içiylə hərəkət edirlər:

- Yağış suları üçün ayrıca kollektor vardı deyə, yağış yağanda küçələrdə su qalmırdı, gölməçələr yaranmırdı. Bakının relyefi amfiteatr formasında - pillə-pillədir. Daha doğrusu, son illərədək belə idi. Ona görə də sular üzü aşağı, dənizə doğru axırdı. Amma həmin yağış kollektorlarını sonra bağladılar. Buna da o səbəb oldu ki, məişət tullantı suları üçün ayrıca kollektor tikilməliydi, amma tikilmədi. Bu suları da həmin yağış kollektorlarına ötürməyə başladılar. Şəhər əhalisinin yaxşı yadındadır ki, Şıx çimərliyinə getmək olmurdu. Suyun üzəri həmişə çirkli olurdu. Çünki məişət sularını yağış kollektorları vasitəsilə dənizə axıtmağa başlamışdılar. Yağış suları kollektorlarının səki kənarlarında qapaqları vardı. Məişət suları bu kollektorlara axıdıldığı üçün o qapaqlardan üfunət iyi gəlməyə başlamışdı. Üfunət qoxusu kəsilsin deyə o qapaqların üstünü örtdülər. Nəticə də göz qabağındadı. Yağış yağdımı, sular yığılıb qalır küçələrdə, yollarda. Ən geniş, yeni salınmış prospektləri, körpüləri də su basır. Çünki suyun axacaq yeri yoxdur.

Şəhər böyüyürsə, təbii ki, məişət sularının həcmi də artacaq. Bunu şəhərsalmaya cavabdeh şəxslər anlamalıydı və şəhərin bu dərəcədə sıxlaşmasına icazə verməməliydilər. Amma xaotik bir tikinti bumu başladı, binalar çoxaldı, sakinlər artdı. Əlbəttə, belə vəziyyətdə 2 mərtəbəli ev üçün nəzərdə tutulmuş kanalizasiya xətti 16 mərtəbəli binanın ehtiyacını ödəyə bilməz. Bunu əvvəldən bilməliydilər. İndi özlərini elə göstərirlər, sanki heç nədən xəbərləri yoxdur. Elə bil bu qədər binanı hardansa, Aydan gəlib Bakıda tikiblər. Yolları kimsə, başqa bir ölkənin vətəndaşı salıb elə bil.

Z.Budaqova şəhəri yağış sularının əsarətindən xilas etməyin yolunu da göstərdi:

- Hər şeyə çarə var, təkcə ölümdən başqa. Qaldırsınlar köhnə çertyojları, harda ki, asfaltların kənarında dəmir məhəccərlər olub, təyin etsinlər, onların üstünü açsınlar, su da axsın. Bakının köhnə Baş Planına baxmaq lazımdı. O planda hər şey çəkilib, göstərilib. İndi şəhərsalmada müasir üsullar tətbiq edilir. Sadəcə, tənbəllik edirlər, işləmək istəyən yoxdu. 1 manatlıq işi 1000 manata eləyirlər. Bir asfaltı iki-üç dəfə "yeniləmək” əvəzinə yağış sularının axması üçün xətləri bərpa etsinlər. Dənizə məişət sularını indi də axıtmaq olar. Çünki suyun təmizlənəndən sonra dənizə axıdılmasını təmin etmək mümkündü. Bunun üçün də müxtəlif müasir üsullar var.

Məlahət Rzayeva

P.S. Belə getsə, deyəsən, yeni bir Mixayloya ehtiyac yaranacaq. Gəlsin də, yağış kollektoru labirintini çözsün bizim üçün.