Baş terapevt: "İşinə laqeyd yanaşan həkimlərimiz də var"

"Regionlarda hər cür şəraiti olan müəssisələrdə çalışan həkimlər öz üzərilərində çalışmırlar"



Azərbaycanda həkimlərin 5 ildən bir sertifikasiyadan keçirilməsi onların səviyyəsini yüksəltmək üçün kifayət deyil. Ayrı-ayrı səhiyyə müəssisələrinin rəhbərləri, tədqiqat institutlarının direktorları, baş həkimlər işlərini elə qurmalıdır ki, rəhbərlik etdikləri tibb müəssisəsində həkimlər özü özünü təkmilləşdirsin. 

Bunu APA-ya Səhiyyə Nazirliyinin baş terapevti Yaqub Qurbanov deyib.

Y. Qurbanov bildirib ki, səhiyyə müəssisələrində həkimlərin hamısı eyni səviyyədə ola bilməz. Vaxtaşırı baş verən yeniliklərin, məlumatların həkimlərə çatdırılmasını vacib hesab edən Y.Qurbanov qeyd edib ki, nəzəri baza üçün kitab oxumaq vacibdir, amma bu sahədə təcrübəni həkim diskussiya, konfrans, qarşılıqlı müzakirələr zamanı, xəstə yanında əldə edir. Baş terapevt bildirib ki, səhiyyə müəssisəsinin rəhbəri yalnız nəzarətlə kifayətlənməməli, təşkilatçılıqla da məşğul olmalıdır: "Çünki bir həkimin səhvi bir insanın ömrü deməkdir. Bəli, bu gün bizim güclü həkimlərlə yanaşı, zəif, öz üzərində işləməyən, işinə laqeyd olan həkimlərimiz də var. Amma hesab edirəm ki, birdən-birə həkimlərin hamısını dəyişmək olmaz”.

Y.Qurbanov vurğulayıb ki, son 20 ildə Azərbaycanda səhiyyə sürətlə inkişaf edir, yeni tibb ocaqları tikilir, müasir avadanlıqlarla təchiz edilir: "Amma regionlarda hər cür şəraiti olan müəssisələrdə çalışan həkimlər xəstələrə düzgün qulluq üçün ciddi səy göstərərək öz üzərilərində çalışmırlar".