BDU-da Tofiq Hacıyevin 80 illik yubileyinə dair elmi konfransı keçirilib





Bakı Dövlət Universitetində (BDU ) görkəmli türkoloq, Əməkdar elm xadimi, "Şöhrət” ordenli, akademik Tofiq Hacıyevin anadan olmasının 80 illik yubileyinə həsr olunmuş "Azərbaycan filologiyası: İnkişafın yeni mərhələsi” mövzusunda respublika elmi konfransı keçirilib. 

Bu barədə Sherg.az-a universitetin Mətbuat və informasiya şöbəsindən bildirilib. Məlumata görə, rektor Abel Məhərrəmov akademik T.Hacıyevin Azərbaycan elm və təhsilindəki mövqeyindən, dilçilik elminin inkişafındakı xidmətlərindən, Bakı Dövlət Universitetindəki səmərəli elmi-pedaqoji fəaliyyətindən bəhs edib. Eyni zamanda T.Hacıyevin 30 il BDU-nun Türkologiya kafedrasına rəhbərlik etməsindən, kafedranın Azərbaycanda türkoloji mərkəz hesab olunmasından, türkoloq-mütəxəssislərin yetişdirilməsindəki roluna diqqət çəkib. 

Sonra Filologiya fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru Elçin Məmmədov "Akademik Tofiq Hacıyevin həyat və fəaliyyəti” haqqında məruzə ilə çıxış edib. Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov akademik Tofiq Hacıyevin ömür yolundan, dilçilik sahəsində böyük bir məktəb yaratmasından, prinsipial mövqeyindən, milli təəssübkeşliyindən söz açıb. 

Ardınca, Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar Rzayev, şərqşünas-alim, BDU-nun İlahiyyat fakültəsinin dekanı, akademik Vasim Məmmədəliyev, Atatürk Mərkəzinin müdiri, professor Nizami Cəfərov, Nəsimi adına Dilçilik İnstitutunun direktoru Mövsüm Nağısoylu, filologiya elmləri doktoru Qəzənfər Paşayev çıxış ediblər. Onlar T. Hacıyevin türkoloq, türkoloq-azərbaycanşünas olaraq fəaliyyətindən, yalnız Azərbaycanda deyil, ümumən, türk dünyası miqyasındakı xidmətlərindən, "Kitabi-Dədə Qorqud”dan bu tərəfə apardığı araşdırmalardan danışıblar. Ailəsi adından çıxış edən Azər Hacıyev T. Hacıyevin 80 illik yubileyinə həsr olunmuş respublika elmi konfransının keçirilməsinə görə universitet rəhbərliyinə təşəkkürünü bildirib.