
"Bir adam az, milyon adam çox deyil" - Məmməd İsmayıl İon Deaconescudan yazdı
Beynəlxalq Ədəbiyyat Akademiyasının prezidenti İon Deaconescu Rumıniyanın öndə gələn şair və elm adamlarından biridir. Adı dünya ədəbi çevrələrində yetərincə tanınan İon Deaconescu ilə 2015-ci ilin belə bir sentyabr günündə Rumınyanın Kraiova şəhərində dünya şeir festivalında tanış olacaqdım.Və bu tanışlığımız sonra dostluğa çevriləcəkdi.Bəri başdan deyim ki, Ion Deaconescunun dünya ədəbiyyatına xidməti ölçüyə gəlməzdir. Onun təşkil etdiyi şeir festivalları sayəsində dünyanın çeşitli yerlərindən gələn sənət adamları bir-biri ilə yaxından tanış olur.
Bu tanışlıq da sonralar qırılmaz dostluq əlaqələrinə, ədəbi coğrafiyaların genişlənməsinə gətirib çıxarır. İon Deaconescudan yazarkən əvvəllər də müxtəlif səbəblərlə işlətdiyim fikri bir daha təkrarlamaq istəyirəm: "Bir adam az, milyon adam çox deyil". İon Deaconescu gördüyü işləri bir-bir sadalasam, yəqinki uzun bir yazı alınar.Sadəcə onu deyim ki,onun Dünya ədəbiyyatının tanınıdılmasında və təbliğində gördüyü işlər kimsə ilə müqayisəyə gəlməz.

İon Deaconescu 1947-ci ildə Rumınyanın Tırqu-Loqreşti bölgəsində dünyaya gəlib. Ali ədəbiyyat təhsilini Buxarest unversitetinin filoloji fakultəsində alıb. Alimlik dissertasiyasını da eyni universitetdə müdafiə edib. Uzun illər Krayevo universitetdə müəllim kimi fəaliyyət göstərib. Dünyanın bir çox ölkələrində Rumın ədəbiyyatı və mədəniyyətinin çeşitli problemləri ilə bağlı məruzələr edib.Böyük Rumın şairi M.Emunescunun yaradıcılığına həsr olunmuş çoxsaylı araşdırmaları var. İon Deaconescunun dünyanın bir çox dillərində şeir kitabları, romanları, elmi məqaləlləri çap olunub.Onların arasında "Ruhunu fotosunu çəkmə cihazı" (1981), "Anın sonsuzluğu" (1986), "Sesin maskası" (1987), "Qramatika davası" (1991), "Dinamik Sıfır" (1995), "Şəfəq titrəyişi" (1995) "Səhra bağçası" (1997), "Qaranlıq yarası" (1998), "Kədər bayramı" (2001), "Boş əks-səda" (2002), "İşığın qanadları" (2009), "Lənətlənmiş şair" (2011) və başqa kitabları çap olunub.
Dünyanın bir çox nüfuzlu mükafatlarına layiq görülüb.
Bu önəmli sənətkar uzun illərdir təsisçiləri arasında Soyinka və Çeslav Miloşun kimi Nobel mükfatı laureatları olan və öz ətrafında Avropa elm və mədəniyyətinin görkəmli xadimlərini birləşdirən Mihai Eminescu Beynəlxalq Ədəbiyyat Akademiyasını prezidentirir.
İon Deaconescunun yaradıcılığı haqqında Ejen Qiyvik, Refael Alberti kimi dünyanın bir çox öndə gələn söz adamları önəmli fikirlər söyləmişlər.
Fransız ədəbiyyatının klassiki Ejen Qiyvikin diliylə desək "Onun əsərləri, ruhun yoxluğuna, yalnızlıq və həssaslığın tükənməz quyusuna dalış kimidir.”
Elə bilirəm dilimizə çevirməyə çalışdığım aşağıdakı "Vətənim” şeri bu fikrin təsdiqinə xidmət edəcək.
VƏTƏNİM
Vətənim mənim
Qar yağmasına ehtiyac yoxdur
Və vadinin zanbağına da.
İllər boyu səninçün böyük bir yük olan
Qar, əski günlərdə olduğu kimi yağmaz.
Vətənim mənim
Səssiz dualarda deyildiyi kimi
Ürəyin şamları nə zaman ki
Sırasıyla bir-bir sönür
Sənə,
Gündəlik həyatın rüzgarı ilə şişmiş
Başqa hərflərlə yazılmış
yeni bir tarix lazımdır
tək bir nüsxədə.
Vətənim mənim
Yarmarkalar açıldı
Ordakı tərif və
təhrif olunmuş sözlər
Xain və şöhrətdüşgünü siyasətçilərcə
Pulsuz satılır…
Vətənim mənim
Qızcığaların da fərqli deyil,-
Odu olmayan sobalarda
İsti çörək, dəymiş alma kimi
gəl-gəl deyən
Baldırları və döşlərini
Açıq qoyan qızcığazların…
Vətənim mənim
Bağbanlara da gərək yox,
Bağbanlar da kəndlilər kimi yaşlı
Aclıqdan və üzüntüdən
Yıxılmamaqçün
Pomidor mıxçalarından
Yapışırlar..
Vətənim mənim
Mələklərə də ehtiyac yox,
İkonlara da.
Payız meyvələrində,
Və təzə şərabda
Xoşbəxt qaraçı mahnıları.
Vətənim mənim
İndi mənə, sənə,
bizə,
bayramlarda sevinç göz yaşlarına
və Tanrıya böyük sevgiyə də
ehtiyac yox;
Qızıla, qaza, qiymətli metallara sevgi
başqa məsələ!
O ölkədə ki biz kasıb doğulduq
Küçələrdə oynayan və gürültü salan
Uşaqların sayı daha az.
Çünki ata-anaları ciblərindəki qəpik-quruşu saymaqla
və keçən günlərin gözəl anlarını xatırlamaqla məşğul.
Vətənim
Artıq mənim deyil,
Sənin deyil
Onu istədikləri birinə
İstədikləri kimi satanlara məxsus...
DAĞILMA VƏ POZULMA
Ev çökdü
Kərpiçlər günün günorta havasında sərxoş
kəpənəklər kimi
hərəsi bir tərəfə uçdu
Qohumların fotoları divarlardan səpələndi ətrafa
Yalnız çərçivəli yararsız rəsimlər
Hələ də mismarlardan asılı…
Hər yanda dağılma və pozulma
Varfolomeya gecəsi başladı
deyə bilərsiniz buna.
Kəllə qoparmaq üçün
həyəcan siqnalları çalınır
barbarların ziyafətində.
Və
gilin üç ruhu
Xəyalımı utandırır
Yandırıcı daş ruhuyla
Bu qəribə gilli qüvvələr
Adlarını unutdurdu onların
Nə başa düşməli
Şirələr necə çəkilir
Yoxluğun varlığından?!
Gil minerallarının üç ruhu
Dinləməyə məcbur edər
Heç zaman heç kim tərəfindən eşidilməyənləri.
Qatı səssizlikdə
Qırmızı balıq sürüsü
Göyqurşağına qədər uçmağa çalışır
Çünki bezdirib onları əski rənglər.
O ruhlar
açdı gözlərimi az da olsa.
Bilmirdim indiyədək o gecələri ki
Bıçağın iti tiyəsinin altından düşən
(Daş kədərlə itiləmişdim onu)
Şehi sevməyi öyrədəcək mənə.
Sonunda gil minerallarının ruhları
məni inandırdı ki,
Sevinç cəlladın baxışlarında gizlənib
müalicəsi bir anlıq.
Yalnız onda bildim
cəlladların müalicəsi necə olur.
O ruhlar söylədi ki,
Axırda anlayacaqsan ki,
Niyə birbaşa hərəkətlər
Qarşılıqlı əlaqəni bilməz.
Sonra gil mineralları
Yeddi kilidlə kilidli
Qapıdan keçdilər
Gizləyə bilmək üçün
Səhrada göz yaşlarını…