“Bizdə kim evdə qalan, qarıyan qızlar haqqında serial çəkə bilər?”

Rövşən Almuradlı: “Yerli seriallarımıza baxanda kənardan elə bir təəssürat yaranır ki, sanki hamı villada yaşayır, şirkət sahibidi”


Onun özünün dünyası, öz dünyasında sənət pəncərəsi və bu pəncərəyə özünün məxsus baxış bucağı var. Yəqin elə ona görə də tamaşaçıya təqdim etdikləri maraqla qarşılanır. Söhbət rejissor, ssenarist, əsər müəllifi, aktyor Rövşən Almuradlıdan gedir. "Şərq”in budəfəki qonağı olan Rövşən Almuradlı ilə maraqlı söhbətimiz alındı. Bu dəfə onun söhbətini sizə təqdim edirik.

- Bir az çəkilən seriallardan danışaq. İlkin dönəmlərdə Azərbaycan tamaşaçısı yerli serialları izləmirdi. İndi bir az vəziyyət dəyişib.

- Biz tamaşaçını özümüz yetişdiririk. Tamaşaçıya çəkilən ekran əsərini sənət əsəri kimi təqdim edə biliriksə, o da bunu elə qəbul edir. Azərbaycan seriallarında da inkişaf hiss olunur, gənclər öz dəsti-xətlərini yaratmağa çalışırlar. Amma mənim üçün serial aləmi, seriallar qətiyyən maraqlı deyil.

- Yəni maraqsızdı?

- Maraqsızdı demək olar.

- Seriallara ciddi ekran əsəri kimi baxmırsız onda?

- Bilirsiz, baxır seriala. Əvvəllər çoxseriyalı bədii filmlər çəkilirdi. Misal üçün, "Baharın 17 anı”. Maraq yarada bilirdi tamaşaçıda. Sadəcə seriallar bəzən çox uzun çəkir. Əvvəllər "Santa Barbara” serialı gedirdi. Bir ailədə uşaq dünyaya gəlirdi, uşaq ayaq açırdı, az qala məktəbi bitirməyə başlamışdı, amma serial bitmək bilmirdi. Bu, tamaşaçını yorur. Serial əslində böyük mənada ciddi kino əsəri sayıla bilməz. Bədii filmin dramaturji istiqaməti, ideya xətti var. Azərbaycan seriallarına gəlincə isə baxırsan ki, çəkilənlərin əksəriyyəti biri-birinə oxşayır. Yerli seriallarımıza baxanda kənardan elə bir təəssürat yaranır ki, sanki hamı villada yaşayır, şirkət sahibidi.

- Yəni seriallarımızda dramaturgiya xətti yoxdu?

- Mənə elə gəlir ki, bizim rejissorlar olanları təqdim edə bilmir? Bizdə kim evdə qalan, qarıyan qızlar haqqında serial çəkə bilər? Yox. Bu mümkün deyil. Bizdə olan bir çox problemlərimiz var ki, onlar haqqında serial çəkə bilərik? Çünki onlar sifariş olunmur.

- Yəni seriallar sifarişçinin diktəsi ilə çəkilir.

- Təbii. Sifarişçi nə görmək istəyirsə, onu sifariş edir. Bir də burda professional və qeyri-professional çəkilişdən söhbət gedir. Bəlkə də mən köhnə fikirli insanam deyə yanaşmam fərqlidir.

- Bu gün kənardan hansı ekran əsərlərini izləyə bilirsiz? Son vaxtlar komediya filmləri çəkənlər də çoxalıb...

- Əminəm ki, zamanla yaxşı işlər də meydana çıxacaq. Qaldı mənim müşahidələrimə, axır vaxtlar heç kimin işini izləmirəm. Mən özümü izləməyə, öz çəkdiklərimə baxmağa başlamışam. Özüm-özümü araşdırmağa başlamışam.

- Özünüzü araşdıranda nə tapa bilmisiz?

- Boşluq. Böyük boşluq tapmışam. Maraqsız.

- Bu boşluq yormur sizi?

- İnsan yaşadığı dövrdə onsuz da boşluğa doğru getməyə can atır. Ona görə də mən buna normal yanaşıram. Görünür, zaman ən düzgün tərəzidi. İnsan zamanla münasibətlərini, yaşadıqlarını, cəmiyyətini anlamağa, saf-çürük etməyə başlayır. Onda həyatı daha yaxından görə bilir. Zamanla ayaqlaşmaq da lazımdı. Əslində bu gün məni teatr daha çox maraqlandırır.

- Bəzilərinin fikrincə, bu gün teatrın da dönəmi bitib?

- Teatr heç zaman bitə bilməz. Teatr incəsənətin laboratoriyasıdır. İncəsənətdə baş verən hər bir hadisə teatrda çözümünü tapmış olur.

- Teatrlarımızda sizcə maraqlı tamaşalar varmı? Niyə tamaşaçı əvvəlki qədər teatra maraq göstərmir?
- Qətiyyən o fikirlə razı deyiləm ki, teatr fəaliyyətini zəiflədib. Kifayət qədər maraqlı tamaşalar var. Nizami Gəncəvinin dönəmində də çoxluq var idi. Saray şairləri də çox idi. Onlardan bu günə qalan varmı? Yox. Nizamilər isə həmişə yaşayır. Zaman hər kəsin, hər işin qiymətini verir. Teatrın da qiyməti danıla bilməz.

- Dediyinizdən belə bir nəticə çıxarmaq olar ki, Azərbaycan teatrı bu gün kinosundan daha çox inkişaf etmiş olsun.

- Azərbaycan teatrı həqiqətən bu gün inkişaf edir. Teatr incəsənət laboratoriya funksiyasını çiynindən ata bilməz. Kino ilə teatrın ən böyük fərqlərindən biri odur ki, kino həm də biznesdir. Amma teatr biznes məkanı deyil. Bütün böyük və ağıllı dövlətlərdə də teatra xüsusi maraq, diqqət və qayğı var. Çünki millətin incəsənət yükünü daşıyan ən önəmli məkan məhz teatrdı.

Tahirə Məmmədqızı